“Oba köçdü” gülünün kədəri

“Oba köçdü” gülünün kədəri
10:24 24 Avqust 2017
106 Digər
Ölkə mətbuatı
A- A+

 

Dağlar hər şeyi dəqiq göstərir, güzgü kimi. Necə ki, Aşıq Ələsgər deyirdi:

 

Yoxsulu, ərbabı, şahı  gədanı,

Tutmaz bir-birindən aralı dağlar!

 

Bu iki misra dağların “xasiyyətinin” üzərinə yüklənmiş  çox dərin  ictimai-siyasi  məna ifadə edir. Ələsgər də Ələsgərdi də. Dağları yaman yerindən vurub. Vurub deyəndə ki, dağı ucaldıb, amma cəmiyyəti utandırıb. Deyib ki, ey cəmiyyət, təbiətə bax, öyrən.

 

Qartalları yüksəkdə süzər, çayları dərində axar dağların. Balığına  soyuq dəysə, tilov ilişsə, çaylarının ayağı ilişər, qayadan yıxılar. Vaxtı ilə unudulmaz şairimiz Sərdar Əsədin  aşağıdakı misrası dillər əzbəri idi:

 

Özünü qayadan atdı şəlalə.  

 

Erməni işğalından əvvəl  bizim obalar Kəlbəcər və Laçın yaylaqlarına - Çaxmaq qaya, Sarı yer, Əyri qar, Lilpar bulağı, Çalbayır, Qul Alı, Sarımsağlı, Qara xac, Soltan Heydər, Dəli dağ, Murad təpəsi, Pəri çınqılı, Kiçikplək, Alagöllər, Gödək burun, Sədrməmməd, Gəlin qayası kimi adlı-sanlı, toy-nişanlı yurd yerlərimizə gedərdik. Anam həmişə  dağlardan arana  enəndə bu  bayatını  deyərdi:

 

Əzizəm, yastı dağlar,

El gəldi, basdı dağlar,

Üç ay toylu-bayramlı

Doqquz ay yaslı dağlar.

 

Elə ki,  arana düşürdük,  sanki dağlar qaş-qabağını sallayıb kədərlənirdi. Hələ “qaş-qabaqdan” öncə, dağların - daha doğrusu, vaxtın  insanlara təbii bir xəbərdarlıq nişanı vardı... Avqust ayının sonları, sentyabr ayının əvvəlləri , iki-üç günün içində sarı çiçəklər ətrafı bürüyürdü.  Çiçəklər Günəbaxanın ən kiçik forması kimi göz oxşayırdı.  Elə bil, yerdən sarı fişənglər kimi atılırdı, hər  tərəf sarı rəngə boyanırdı.  Bu çiçəyin adına  yaşlı adamlar “oba köçdü” gülü deyirdilər. Təbətin xəbərdarlığına bax. Deməli, obanın  köçmək  vaxtıdır. Mən kövrəlirdim sarı çiçəklərin  bizi yurd yerlərimizdən “qovmağına”. Həmin çiçəklər açmağı ilə dağlar da qaş-qabağını sallayırdı. Anam deyirdi ki, ayrılıq məqamı gəlib deyə dağlar bizdən inciyir, küsür.  Binələrimiz maşına, ata-eşşəyə yüklənəndə,  xalçaları  yerdən yığışdıranda altında saralmış otları görərdik. Alaçığımızın  yerində ocaq qalayardıq.  Dədə Qorqud dastanlarındakı kimi. Bu adətin  mənası bu idi ki, inşallah, gələn il də bu yurda dönə bilək. Maşınlarımız dağların gədiyindən aşanda  tonqallar  arxamızca tüstülənirdi.  Sanki dağlar, göz yaşlarını görməyək deyə, dumanı üzünə çəkirdi. Sarı çiçəklər  yamaclarda ocaq kimi yanırdı. Ocaqlarımız tüstülərini göyə qaldırıb bizi çağırırdı.

 

Erməni işğalından  sonra o yurd yerlərimizə gedə bilmədik. Bəlkə tez açılıb bizi köçürdüyünə görə, “oba köçdü” çiçəkləri özlərini qınadı. Neçə dəfə açılıb-yumuldular, bizi görmədilər. Bəlkə də,  sonralar heç başlarını torpaqdan qaldıra bilmədilər. Bəlkə  o yurdlarda ocaqlarımız yaxşı yanmadı deyə dönməyimiz  gecikdi. Amma mənə elə gəlir ki,  o ocaq yeri  həmişə qalır. Çünki o ocaq  yeri həmin yurdların bizim olmağının əbədi  təsdiqidir. Arxac yerlərimiz bərəkətin möhürüdür.

 

Mən Kəlbəcər, Laçın yaylaqlarına  gedə bilməyəndən sonra  meylimi Daşkəsənə- Xoşbulaq yaylağına  saldım. Qoşqar dağının arxası Göyçədir. Murovun ayağı  Kəlbəcərdir. Düz xətlə hesablasaq, cəmi 30 klometrdir. Xoşbulaqda da obalar, binələr var.  Dağ həsrətlələri  ağrı-acılarını Xoşbulaqla soyudurlar, təskinlik tapırlar.

 

Xoşbulaqda bu səhər  yuxudan oyananda gözlərimə inanmadım. Burda da “oba köçdü” çiçəkləri bitmişdi. Eynən Kəlbəcərdəki kimi. Elə bil, hər ot əlində bir sarı  bayraq tutmuşdu. Kövrəldim. Elə bildim, çiçəklər bu səhər  Kəlbəcərdən durub bizi görməyə  gəlib. Qonşulardan  sarı çiçəklərin adını soruşdum. Xoşbulaqlılar da “oba köçdü” gülü dedilər. Lap ağlamaq istədim. Eynən ondakı kimi.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281799

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR