Azərbaycan və Kanada XİN başçıları arasında məktub mübadiləsi həyata keçirilib

Azərbaycan və Kanada XİN başçıları arasında məktub mübadiləsi həyata keçirilib
13:07 24 Avqust 2017
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və kanadalı həmkarı Kristiya Friland arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, E.Məmmədyarov həmkarına ünvanladığı məktubunda iki xalqın qarşılıqlı anlaşma üzərində qurulan dost, səmimi əlaqələrindən bəhrələndiyini və iki ölkənin mövqeyinin bir çox beynəlxalq məsələlərdə üst-üstə düşdüyünü bildirib.
E.Məmmədyarov ötən illər ərzində Kanadanın Azərbaycanın enerji, infrastruktur və telekommunikasiya layihələrinə cəlb olunması ilə ikitərəfli ticarət və investisiya sahəsində diqqətəlayiq inkişafın müşahidə olunduğunu qeyd edib. Habelə, nazir qarşılıqlı əlverişli əməkdaşlığın inkişaf etdirilməsi üçün iqtisadiyyatın digər sahələrində çoxsaylı imkanların olması faktının Azərbaycan və Kanadanı ruhlandırdığını bildirib.
E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə mövcud status-kvonun davamsızlığını vurğulayaraq Kanadanın Azərbaycanın işğal edilən bütün ərazilərindən işğalçı qoşunların dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində bildirildiyi kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dəstəyini yüksək qiymətləndirdiyini bildirib.
Nazir gələcək əməkdaşlıq üçün mövcud potensialın iki ölkənin mənafeyi naminə münasibətlərin əhatə sahəsini müəyyənləşdirmək üçün mükəmməl şərait yaratdığını qeyd edib.
Kanada xarici işlər naziri Kristiya Friland nazir Elmar Məmmədyarova ünvanladığı məktubunda ötən 25 il ərzində iki ölkə arasında nəzərə çarpacaq dərəcədə genişlənən güclü əlaqələrin ildönümünün qeyd edilməsindən məmnunluğun ifadə edib. Habelə o, 1992-ci ildən etibarən iki ölkə arasında, xüsusilə ikitərəfli ticarət və sərmayələrin qoyuluşu sahəsində yaxın əməkdaşlığın inkişaf etdiyini və gələcək illərdə çoxsaylı imkanların üzə çıxarılmasında əlindən gələni əsirgəməyəcəyini bildirib.
Xanım Friland Azərbaycan və Kanadanın növbəti 25 ildə də birgə fəaliyyətinin və çiçəklənməsinin təmin edilməsi üçün iki ölkə tərəfindən təməlin yaradıldığın qeyd edib. O, bu istiqamətdə Azərbaycanla birgə işləməyə, iki ölkə arasında xalqlararası və ticarət əlaqələrinin dərinləşdirilməsinə hazır olduğunu bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-ve-kanada-xi-n-bascilari-arasinda-mektubu-mubadilesi-heyata-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR