Bizim kimi "Qarabağ"...

Bizim kimi "Qarabağ"...
13:17 24 Avqust 2017
131 İdman
Ölkə mətbuatı
A- A+

Elşən Məmmədov

 

"Qarabağ"ın tarixi nailiyyətindən az sonra keçmiş iş yoldaşım zəng etmişdi. Vaxtilə "Şərq" qəzetində iş günümüzün yarıdan çoxunu "Fənərbağça", "Qalatasaray", "Beşiktaş" mübahisəsi etdiyimiz uşaqlardan idi. 


"Qalatasaray"dan kənarlaşdırıldıqdan sonra Mirça Luçeskunun "Beşiktaş"ın baş məşqçisi postuna təyin olunduğu və "qara-qartallar"ı çempionluğa daşıdığı 2002-2003 mövsümündən danışıram. Həmin vaxtadək "Qalatasaray" UEFA Kubokunu, Türkiyə millisi isə dünya çempionatının bürünc medalını qazanmışdı. Bir sözlə, qardaş ölkə futbolunun dəbdə olan vaxtları idi. Əksəriyyətimiz "Beşiktaş" və "Qalatasaray" azarkeşləri olduğumuz halda, bu oğlan "Fənərbağça"nı dəstəkləyirdi.


Həmin vaxt Azərbaycan futbolu nəinki "peraşki dövrü"nü başa vurmuşdu, ümumiyyətlə, yox dərəcəsində idi. Klublarımız, milli komandamız FİFA, UEFA sanksiyası ilə üzləşmişdi. Bu halda özümüzünkünün nəyindən danışacaqdıq? Müzakirə mövzusu, uzağı, Fuad Musayevin nə vaxt AFFA-nı təhvil verəcəyi, klubların nə zaman futbol oynamağa razılaşacağı ola bilərdi... 


O dövrlər heç ağlımıza gətirməzdik ki, 15 il keçəcək, "Qarabağ" 3 dəfə Avropa Liqasının qrup mərhələsində oynadıqdan sonra Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq. Belə düşünəni sadəcə, lağa qoyardılar. Nəinki digər klublar, "Qarabağ"ın özü də acınacaqlı vəziyyətdə idi. İş elə yerə çatmışdı ki, futbolçular ərizə yazıb ovaxtkı klub prezidenti Yunis İldırımzadədən imtina etmişdilər. 


İki gün əvvəl Danimarka "Kopenhagen"inin rəsmi saytında 20 il əvvəl "Qarabağ"ı Kuboklar Kubokunda 6:0 hesabı ilə yendiyi oyunun qollarını izlədinizmi? Təsəvvür edin ki, bu məğlubiyyət klubumuzun ən yaxşı dövrlərində baş vermişdi. Biz Türkiyə futbolunu müzakirə etdiyimiz ərəfələrdə isə Ağdam təmsilçisi sözün həqiqi mənasında "qaçqın komanda" adlanırdı. Gah Sumqayıtdakı "İnşaatçılar" stadionunda oynayırdılar, gah da Bakının hansısa uçuq-sökük meydançasında. 


... Keçmiş iş yoldaşım öv özladını göstərib dedi: "Oğlum "Qalatasaray" azarkeşidir. Amma bugünkü nailiyyətdən sonra "Qarabağ" azarkeşinə çevrildi".


Bax, "Qarabağ" 15 il ərzində insanları "Qalatasaray"dan döndərib öz azarkeşinə çevirə biləcəyi qədər böyüyüb. 


"Qarabağ"ı kimlər böyüdüb? Həmin o acınacaqlı dövrdə himayəyə götürən insanlar, 9 ildir komandaya rəhbərlik edən Qurban Qurbanov, futbolçuların lideri Rəşad Sadıqov!


Bəzən "Qarabağ"ın yaranma tarixi ilə bağlı mübahisələrə rast gəlirik. Düzdür, Ağdam təmsilçisi ötən müddətdə SSRİ çempionatında Azərbaycan miqyasında müəyyən nailiyyətlər əldə edib, müharibə dövründə çempion olmağı bacarıb, "İntertoto" Kubokunda mərhələ adlayan ilk klubdur. Amma bunlar son nailiyyətlərin qarşısında nədir ki?!


Əksəriyyətimiz, bəlkə də elə "Qarabağ"ın hazırkı rəhbərliyində təmsil olunanların özləri də böyük çətinliklər bahasına nələrəsə nail olmuşuq. Min bir əziyyətlə çörəkpulu qazandığımız dövrləri xatırlayanda inanmıram ki, aramızdan kimsə o illərə görə utansın. Əksinə, böyük əziyyətlə müəyyən səviyyəyə çatmağımızı qürurla söyləyirik. 


Bax, "Qarabağ" da belə komandadır. 


Bizim kimi...


Bir az da elmi dillə desək, orta statistik azərbaycanlı kimi...


Sportnet.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bizim-kimi-quotqarabaquot-t60127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR