Onlar ağladı, biz də ağladıq...

Onlar ağladı, biz də ağladıq...
14:37 24 Avqust 2017
185 İdman
Ölkə mətbuatı
A- A+

"Kopenhagen” – "Qarabağ” qarşılaşmasının start fitindən bir saat öncə "İdman Azərbaycan” telekanlıyla efirə gedən "Avropadan futbol” proqramına dəvət almışdım. Bilirdim ki, bu dəfə daha məsuliyyətli olmalıyam. Milyonların gözü bizdə olacaq, "mavi ekran”ndan "Qarabağ”ın şanslarını necə dəyərləndirəcəyimizi gözləyəcəklər. Onların ümidini üzmək, tarixi gecədə əhvallarını korlamaq olmazdı. Eyni zamanda gəlişigözəl sözlərlə oxucunu və tamaşaçını aldatmaq, pafosa meyl etmək də mənim bacaracağım iş deyil. Özümə söz verdim, ürəyimdən keçənləri danışacaqdım...


... Efirə yollanmazdan əvvəl "Kopenhagen”lə Bakıdakı oyunun icmalını, eləcə də Danimarka çempionatının son turundakı qarşılaşmanı bir daha izlədim. Və əmin oldum ki, inanmamaq və bizə baxanları da inandırmamaq üçün heç bir səbəb yoxdu. Dövran dəyişib. Artıq bizim "Qarabağ” "Kopenhagen”dən iki oyuna 10 top buraxacaq komanda deyil. Biz böyümüş, dəyişmişik və inkişaf etmişik. "Dəyişmək və inkişaf etmək” sözlərinin sintezindən olan xeyli cümlələr işlədirik. Amma bir şeyə əminəm ki, bu sözü "Qarabağ” barəsində deyərkən zərrə qədər də olsun mübaliğəyə yol vermirik. Bəli, "Qarabağ” inkişaf edib. Azərbaycan futbolunun səviyyəsini də çoxdan üstələyib. Danimarka paytaxtındakı oyun və nəticə də bunu bir daha isbatladı.


Məlum məsələ idi ki, Stole Solbakken yetirmələrinə ilk dəqiqələrdən "Qarabağ”ı təzyiqdə saxlamaq, Azərbaycandan gələnlərə göz açmağa imkan verməmək tapşırığı vermişdi. Amma gördülər ki, alınmır, "Qarabağ” "Vardar” və ya "Jilina” deyil. Ona görə də birincinin hissənin ortalarında rəqibin təzyiqini dəf etdik, oyunu bərabərləşdirdik. Danimarkalılar da bununla razılaşmışdılar.


Fasilə ərəfəsində son qüvvələrini toplayıb, həmlələrini etdilər. Hissənin sonlarında psixoloji baxımdan "boşalmaq, fiziki cəhətdən axsamaq bizim köhnə adətimizdi. Solbakken də bunu bilməmiş deyil. Diqqət yetirdiyinizsə, hər iki yarının son bölümlərindən rəqib daha təhlükəli görünür, ciddi-cəhdlə, böyük qüvvəylə "Qarabağ”ın qapısına doğru hücum edirdi. Bu plan ilk yarıda işə yarıdı. Nə yaxşı ki, 80-ci dəqiqədən sonra eyni ssenarini təkrarlamaq mümkün olmadı. Meydandakı müdafiəçilərin sayını 5-ə çatdıran Qurban bəyin təşəkkür payını da verməliyik. Hoca yenə də oyunu oxudu, komandasına nəyin lazım olduğunu tapdı.


Əsas təhlükə Santanderdən gələcəyini gözləyirdik. O və Pavloviç meydanı qol vurmadan tərk etmədilər. Bizim isə Dinomuz var. Bakıdakı qolda işin 70-80 faizini görə cəngavər Kopenhagendə oyunun taleyini həll edən, Çempionlar Liqasının qrupunun qapısını üzümüzə açan qolu vurdu. Biz bunu yaşadıq. Bizə bu hissləri "Qarabağ” yaşatdı.


Oyundan sonra hamı kövrəlmişdi. Biz sevincdən göz yaşlarımızı tuta bilmədik. Danimarkalılar isə qəzəbdən və qitənin ən nüfuzlu klub turniri ilə vidalaşmanın verdiyi təəssüf hissindən ağlayırdılar. Şübhə etmirəm ki, dünən axşam ermənilər də ağlayırdı. Göz yaşlarını biruzə verməsələr də, içləri qan ağlayırdı.


Biz hələ erməniləri çox ağlar qoyacağıq. Heç şübhəniz olmasın. Dünənki kimi!


Sport7.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-onlar-alad-biz-d-aladq-t60130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR