Yuxuda hansı ölkəyə getmək, hansı anlama gəlir? – YUXU HAQQINDA HƏR ŞEY

Biz istəsək də, yuxulardan qaça bilmərik. Görünür, yuxular da eyni minvalla bizdən yaxasını qurtara bilməz.

Hətta elə insanlar var ki, onlar gerçəkdən həyatlarını yuxularla qurarlar. Yuxuların önəmindən, mahiyyətindən isə nələr yaranmayıb.

Hətta qədim zamanalarda Şərqdə elə yuxu və yuxuyozumları haqda kitablar yazılıb ki, bu kitablar zaman-zaman din, inanc yerinə də keçib. İnsanlar bu kitablara iman gətirib, səcdə edib, bu kitablar vasitəsi ilə öz həqiqətlərinə çatmağa səy göstərirmişlər.

Azərbaycanlıların da həm milli təfəkküründə, (“Kitabi Dədə Qorqud” dastanlarında, digər dastan və nağıllarında...) həm də dini inancında yuxunun yeri olduğu haqqında kifayət qədər mülahizələr yürütmək mümkündür.

Yenə qədim zamanlarda elə toplumlar və etnoslar olub ki, onlar birmənalı şəkildə yuxu anlayışını qəbul etməyib, yaxınlarına buraxmayıblar. Ancaq elə etnoslar var ki, onların yuxularla “əlbirliyi, dilbirliyi” onların sahib olduqları mədəniyyətə də öz təsirlərini göstərib.

Bəzi alimlər belə ortamda, belə bir mülahizə irəli sürürlər ki, real həyatda Allahın verdiyi imkanlar daxilində öz ağlından, iradəsindən, məntiqindən istifadə edə bilməyən birsinin yuxusundan yararlanması absurd və qəbul edilməzdir.

İslam dinində yuxuların fərqli yeri olduğunu bilməyən yoxdur. Mənim məqsədim tamamilə yuxular haqqında fikir söyləmək, ya yeni bir mülahizə irəli sürmək deyil. İslam dini yuxulara böyük önəm verdiyindən, istər-istəməz yuxularla əlaqədar xeyli kitabların yazılmasına da səbəb yaratmışdır.

Bildiyim qədərincə, islam dinində elə təriqətlər olub ki, onlar birbaşa öz həqiqətlərini “Qurani-Kərim”dəki ayələrdən alaraq yola çıxıblar. Çox qəribədir ki, ana dilimizdə işlənən yuxu sözü də mahiyyət etibarı ilə maraqlı bir istiqamət göstərir bizə. Yuxu sözü mürəkkəb sözdür. Yu-xu= ya HU şəklindədir. Ey Allah deməkdir. Əcdadlarımızda yuxuya inam o qədər güclü və dərin olub ki, özünün bu anlayışına, yaşamına Yaradanın bir adını qoyub.

Bu yazıda vurğulamaq istədiyim bir məqam var. Yuxu yozumlarıyla bağlı saysız-hesabsız kitablar nəşr olunur, saytlarda elektron kitablar yerləşdirilir. Buna sözüm yox. Ancaq bu kitablar hansı məntiqlə, kim tərəfindən, nə məqsədlə yazılır, baş açmaq mümkün deyil. Məsələn, misallara keçək: Yuxuda Almaniyanı görmək: İş həyatınızda sıxıntıların bir müddət davam edəcəyinə, bəzi ümidlərinizin boşa çıxacağına, gözlədiyiniz bir xəbərin yaxşı qurtarmayacağına işarədir. Yaxud, yuxuda Amerikanı görmək: Kasıblarla dost olmağınızdan əl çəkməyinizə, evlənmək mövzusunda seçəcəyiniz həyat yoldaşınızda gözəllikdən çox, asalətə və sərvətə önəm verməyinizə işarədir.Yaxud yuxuda Avstraliyanı görmək: Çox incə ruhlu birisiylə dostluğunuzun artacağına, bir sənət topluluğu ilə yaxından əlaqə quracağına, duyğulu tərəflərinizin ətrafdakılar tərəfindən başa düşülməyib kədərlənəcəyinizə işarədir. Yenə yaxud, yuxuda Danimarkanı görmək: Bir xarici ilə bir işlə bağlı anlaşacağınıza, həyat haqqındakı fikirlərinizdə böyük dəyişikliklər olacağına işarədir.

Yuxuda Fransaya getdiyini görən adam yeni eşq macəralarına girəcəyinə işarədir.

Bu misalları çəkməkdə məqsədim, yozumların hansı məntiq və sistemdən, metoddan istifadə edilərək inananların sərəncamına sunulmasıdır. Axı bəzən yazı-pozu əhlinin günahı baş kəsməkdən, adam öldürməkdən, yetimin malını yeməkdən, bir şəhid ailəsinin ırzına keçməkdən, müqəddəslərin ruhuna küfr yağdırmaqdan da betərdir. Bir müsəlman Fransanı ömrü billah görməsə belə, yuxusunda Fransanı görə biləcəyi anlaşılandır. Bəs Fransaya yuxuda gedən müsəlman sabah erkəndən yerindən qalxıb bu gördüyü yuxusuna yozum istərsə, üstəlik bu yaşlı bir insansa, üstəlik 70 yaşlı bir qadınsa, üstəlik bu müsəlman bir mühitdə, yaxud mental dəyərlər burulğanında yaşayırsa, ortaya minlərlə suallar çıxa bilər. Deyən tapılar ki, o Fransanı yuxusunda görən adamın illahım da, yuxusu yozulmalıdırmı? Bəli, Allah bizə yuxunu bir nemət olaraq vermişdir. Biz Yaradanın bizə göndərdiyi bütün nemətlərdən düzgün, yerində və onun böyüklüyünə, qüdrətinə, Rəhman sifətinə xələl gətirmədən istifadə etməliyik. Yuxunu yozmaq yuxunu görməkdən daha məsuliyyətlidir.

Qədim zamanlarda yuxu kitabları Övliyaların və mürşidlərin, sınaqdan çıxmış din alimlərinin ixtiyarına buraxılmışdı. Günümüzdə istifadə edilən o kitablardan indi əsər-əlamət qalmayıb. Çoxlarını xarici missionerlər, materialistlər öz məqsədlərinə və anlayışlarına uyğun olaraq yenidən tərtib və redaktə ediblər. Digər yöndən, dünyada şeytana, şərə, iblisə, qara qüvvələrə xidmət edən o “böyük güclər” deyilən ittifaqlar, onların müxtəlif birlikləri hər şeyə əl qoyduqları kimi, kitablara, onların nəşrinə, bu kitabların hansı tərtibatlarda çıxmasına, bəzi mükafatlarla şirnikdirmək yoluyla gələcəkdə yazılacaq o kitabların istiqamətlərinin bəlirlənməsinə kimi, bütün imkanlarını işə salmağı bacarırlar.

Belə demək mümkünsə, o qara güclərin bizlərin yuxularına qədər müdaxilə etmək imkanları da vardır. Əgər sənin min bir ehtişamla, Allahın Rəhman və Rəhimliyi, Hikmətiylə gördüyün yuxunu, şərə işləyənlər, İblisə uyanlar yozursa, demək ki, sənin yuxunu da onlar müəyyən edir. Demək ki, sənin, mənim, onun yuxularını başqaları təşkil edir. Çünki yaşadığımız real həyat qədər də, müsəlmanların gördüyü, görəcəyi yuxuların əhəmiyyəti, önəmi hər baxımdan: - həm mənəvi, həm maddi yöndən çox önəmlidir.

Buna görə də, bu istiqamətdə çıxan kitabları geniş oxucu kütləsinə təqdim etmədən öncə, işin fəlsəfəsini bilənlərin qabiliyyətindən, gücündən, istedadından yararlanmağımızda fayda vardır.

Xanəmir Telmanoğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR