10 min "ordu"ya şad xəbər

10 min "ordu"ya şad xəbər
09:56 9 Yanvar 2015
135 Digər
Ölkə mətbuatı
A- A+

Hazırda ölkəmizdə uşaq müəssisələrində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 9 min 875 uşaq dövlət himayəsində yaşayır. Uşaq evləri və internatlarda həmin uşaqlara dövlət tərəfindən 18 yaşınadək baxılır. Lakin yetkinlik yaşına çatıb uşaq evlərini tərk edən məzunların yerləşdirilməsi, onların sosial müdafiəsinin təmin edilməsi, cəmiyyətə inteqrasiya olunması istiqamətində tədbirlərin görülməsi əsas şərtlərdəndir.

Dövlət tərəfindən bu sahədən görülən tədirlər, kimsəsiz uşaqlar üçün sosial evlərin tikilməsi və internatda böyüyən uşaqlarının gələcəkdə şəxsi evinin olması cəmiyyət tərəfindən necə qarşılanır və bu proses davam etdirilirmi?

"Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova ANS PRESS-ə deyib ki, dövlət himayəsində olan uşaqların yetkinlik yaşına çatdıqdan sonra sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər planının həyata keçirilməsi 2011-2015-ci illəri əhatə edir. Elə bu məqsədlə 2014-cü il dekabrın 29-da Bakının Masazır qəsəbəsində valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunların yerləşdirilməsi üçün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə 13 mərtəbəli 120 mənzilli binanın açılış mərasimi oldu. Təbii ki, bu addım, eləcə də kimsəsiz uşaqlar üçün sosial evlərin olması yüksək qiymətləndirilməlidir. Çünki 18 yaşı tamam olmuş gənclərin mənzillərlə təmin edilməsi həmin gənclərin sosial müdafiəsinin prioritet məsələlərindəndir.

Heydər Əliyev Fondunun təşəbbüsünə qoşulan Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin həyata keçirdiyi böyük sosial əhəmiyyətli layihələrdən biri yetkinlik yaşına çatdıqdan sonra internat evlərini tərk edən kimsəsiz məzunların yerləşdirilməsi üçün yaşayış binasının tikilməsidir. Valideyn himayəsindən məhrum olan uşaqları hər zaman diqqətdə saxlayan ölkənin birinci xanımı Mehriban Əliyeva, əslində, bu addımı ilə Azərbaycanın xoşbəxt gələcəyinin təmin olunması işinə töhfəsini verir. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi “Uşaq evlərinin və internat məktəblərinin inkişafı” proqramı bu kateqoriyadan olan uşaqların həyat şəraitinin yaxşılaşdırılmasına, onlara diqqət və qayğının artırılmasına geniş imkanlar yaradır.

Deputatlar da növbəti iclaslarda kimsəsiz uşaqlara mənzil verilməsi məsələsi ilə bağlı təkliflə çıxış edəcəklərini bildiriblər. Təklif eyni zamanda ondan ibarətdir ki, hər tikilən binada bir və ya iki mənzil valideyn himayəsindən məhrum olan uşaqlara verilsin. Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqların uşaq evindən sonrakı taleyi ilə bağlı Milli Məclisdə məsələ qaldırılmasına çoxdan başlamaq lazım idi.

N.İsmayılova vurğulayıb ki, indi dövlət himayəsində yaşayan 10 minə yaxın vətəndaşın yerləşdirilməsi, onların sosial müdafiəsinin təmin edilməsi, cəmiyyətə inteqrasiya olunması istiqamətində dövlət tərəfindən ardıcıl tədbirlər görülür, lakin bu işlər daha da genişləndirilməlidir. Çünki, bu, həm də cəmiyyətin inkişafına və həmin uşaqların bir vətəndaş olaraq formalaşmasına müsbət təsirini göstərəcək.

Uşaq hüquqları üzrə ekspert Nərminə Zöhrabova bu sahədə ölkəmizdə görülən işləri təqdir edib. O deyib ki, əvvəllər bu sahədə acınacaqlı vəziyyət yaranmışdı. Uşaq evindən çıxan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, yaşayır yeri olmayan, uşaq evləri və internat tipli təlim-tərbiyə müəssisələrindən çıxan gənclərə nəzarət olmadığından bəzi hallarda onlar arzuolunmaz işlərə - narkotik alverçilərinin toruna düşə, dilənçiliyə, oğurluğa və.s qoşulurdular. Lakin indi dövlət internat evlərindəki vətəndaşların 18 yaşdan sonra küçələrdə qalmaması, onların cəmiyyətdə daha layiqli yer tutması üçün Azərbaycanda kimsəsiz yeniyetmələr üçün sosial evlərin tikintisinə vəsait ayırır.

Sosial şəbəkələrdə Azərbaycanın büdcəsinin sosialyönümlü olduğu, belə evlərin tikilib mənzilə ehtiyacı olan kimsəsizlərə verilməsi müsbət dəyərləndirilir: "Bu, çox xeyirxah işdir. Ölkəmizin indiki maliyyə imkanları bu cür evlərin inşaasına imkan verir. Binaların tikilməsi gənc ailələrin mənzilə olan ehtiyacını da ödəyir."

Bildirək ki, internat məktəblərini bitirən kimsəsiz yeniyetmələrin mənzil təminatı ilə bağlı binaların tikilməsi məsələsi Nazirlər Kabineti tərəfindən həll edilir. Qanunvericiliyə görə, tikilən sosial binalar yerləşdiyi ərazi üzrə rayon və şəhər icra hakimiyyətlərinin balansına verilir. Bina sakinləri mənzillərdən istifadə edə bilər, lakin heç kimə mənzilə görə mülkiyyət, onu satmaq və ya bağışlamaq hüququ verilmir.

Hazırda daha iki binanın tikintisi aparılır. Bakıda 360 nəfərlik şəhərciyin yaradılması da planlaşdırılır. Burada hər il həmin kateqoriyaya aid orta təhsilini bitirən və özünə yaşayış yeri tapa bilməyən insanlar məskunlaşacaqlar.

Xatırladaq ki, "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (Deinstitutlaşma) və alternativ qayğı Dövlət Proqramı" çərçivəsində Bakı və regionlarda bir sıra mühüm təbirlər həyata keçirilir. Məhz həmin tədbirlər sayəsində internat tipli dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayının ilbəil azalması təmin edilib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=318243

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR