Yol polisindən XƏBƏRDARLIQ

10:47 9 Yanvar 2015
161 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan yol polisi qarlı, buzlu hava ilə əlaqədar ölkə yollarında hərəkət edən piyadalara və təcrübəsiz sürücülərə müraciət edib
Daxili İşlər Nazirlyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında hazırda ölkədə müşahidə edilən qarlı, buzlu hava şəraitində nəqliyyat vasitələrini idarə etmək təcrübəsi olmayan sürücülərə ümumiyyətlə, sükan arxasına oturub yola çıxmamağı tövsiyə edib:

“Qarın yağması ilə əlaqədar hazırda ayrı-ayrı küçə və prospektlərdə buzlaşma olduğundan yollar sürüşkəndir. Bütün yolların 3-5 saat ərzində təmizlənməsi isə mümkün deyil. Bu səbəbdən belə havada nəqliyyat vasitələrini idarə etmək təcrübəsi olmayan sürücülərdən xahiş edirik ki, bu günlərdə sükan arxasında əyləşməsinlər. Belə sürücülər nəqliyyat vasitələrini düzgün idarə edə bilmir və yolun hərəkət hissəsində qalmaqla digər nəqliyyat vasitələrinin hərəkətinə maneçilik yaradırlar. Bəzən isə belə havada nəqliyyatı necə idarə etmək lazım gəldiyini bilmədiyindən qəza törədə, özlərinin və ətrafdakıların həyatı üçün təhlükə yarada bilərlər”.

BDYPİ rəsmisi qarlı, buzlu yollarla hərəkət edən piyadalara da müraciət edib: “Piyadalar xüsusən yolu keçərkən diqqətli olmalıdırlar. Çünki piyada zolaqlarında hərəkət üstünlüyünün onların tərəfində olmasına baxmayaraq, başa düşməlidirlər ki, belə havada keçidə yaxınlaşan sürücüyə nəqliyyat vasitəsini saxlamaq üçün kifayət qədər uzun məsafə lazımdır. Ona görə də avtomobillərin qarşısına qəfil çıxmasınlar. Piyadalar yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin hərəkətini qiymətləndirdikdən, keçidin onlar üçün təhlükəsizliyinə əmin olduqdan sonra hərəkətlərini davam etdirsinlər”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR