Dünyada hələ də gündəmdən düşməyən bir mövzu aktuallığını səyirdib qan-tər içində gəşt etməyindədir. Mövzunun dartışılan yönü bizdə də heç axsamayan tavrıyla nəfəs kəsir. Ata- oğul anlayışında, gerçəkdən, problem olacaq nəsə varmı? Bəlkə ata-oğul qarşıdurması daha effektli görünən bir sualdır? Ata-oğul birgəliyimi? Atalar-oğullar probleminin bugünkü durumu, necə? Atalar oğullardan, oğullar atalardan sorumludurlarmı? Mən bu mövzunu yenidən çözələməyəcəyəm. Məni maraqlandıran bu sualın ətrafında başqa bir sualın olmaması, üstəlik də aktuallıq qazana bilməməsidir. O da bundan ibarətdir ki, əgər bir cəmiyyətdə ata-oğul sorunu dartışılırsa, niyə ana-qız sorunu kimi bir mövzu ortamda dartışma yaratmır və gündəmə gəlmir? Ata-oğul sindromu varsa, ana-qız sorunu olmazmı, zənn edirsiniz? Yaxud da bu mövzu ola bilərmi aktual səslənməsin. Nəinki, aktual səslənməsin, heç tarix boyunca bu mövzu dilə gəlibmi, səslənibmi, debat təşkil edibmi, mübahisə yaradıbmı, aktuallıq qazanıbmı? Etməyibsə, niyə etməyib? Mənim marağımda olan müəmmalı məsələ məhz bu aspektdən dəyərlidir.
Ata-oğul mövzusunun ön planda vurğulanması, sözsüz, o cəmiyyətin bir toplum olaraq kişi mərkəzli, erkək ağırlıqlı olmasından məharətlə xəbər verir. Demək ki, bu toplumun mədəniyyəti, ictimai-siyasi prosesləri ya kişilərin çiyinlərində yuva qurur, ya da kişilər üzərindən pərvəriş tapır. Bəs yaxşı, cəmiyyətin stimulunu təşkil edən qadın-kişi konsepsiyası, qadın-kişi paralel paylaşım imkanları, qadın-kişi bütövlüyündəki vəhdət doğrultusunda formasiyaların forma və şəkil alması harda qaldı? Istənilən cəmiyyyətdə qadınları necə yox saymaq düzgündür? Bu haqqı və düşünmə imkanlarını kimə kimlər verib? Dinmi? Qətiyyən... Hüquqmu? Deyil... Buna inanmıram.
Ağlım kəsəndən ölkəmizdə istənilən ortamda istənilən şəkildə atalar-oğullar konteksində düşüncə işğalları davam etdiyini görmüşəm. Atalar-oğullar demək, atalar-analar, atalar-qızlar, analar-oğullar, analar-qızlar de-MƏMƏKDİR. O qədər də anlaşılmayan, qaranlıq qalan bir məsələ də yoxdur.
Nəyə görə atalar-oğullar anlayışı suala çevrilə bilir və bu sual həmişə problem diskursuna meydan açır, ancaq analar-qızlar anlayışı heç vaxt suala çevrilmir və heç vaxt da dartışma səxavətini bizə əsirgəyərək problem şəklində qarşımıza çıxmır?
Fikrimcə, Azərbaycan cəmiyyətində, bir etnos olaraq onun milli kimliyindəki ifallılıq, üzüyolalılıq, son dərəcə duyğusal və həssaslıq daşıyan varlığında kişi fenomeninin yaratdığı qarşıdurmanı, qadın faktoru yaratmır, yarada bilmir. Niyə? Daha dəqiqi, qadın, cəmiyyətə hesablamış onda olan ilahi gücünü kişiyə ötürə bilir. Bu gün (c) ötürüldüyü anda kişi varlığında rahatsızlıq yaratmayan bir gücə çevrilir. Bu güc kişi bünyəsində əriyib yox ola da bilir. Əsas olan odur ki, qadın onu canından nəyin bahasına olur-olsun çıxarmaq instiktinə sahiblənir (Hətta kişinin bütün istəkləri, arzuları, tükənməz gücü belə, qadın varlığında hazırlanıb, şəkillənib cəmiyyətə, ən önəmlisi isə gələcəyə transfer edilir). Burada kişini yumşaldan, onu qadın qarşısında tək bircə dəfə gözü kölgəli edən “gələcəyə ötürmə” instiktidir. Kişi ümid və güman edir ki, onun övladı onun gen daşıyıcısı olacaq və nəslini, kökünü onun yaşamayacağı bir vaxta, zamana təslim edəcək. Bu övlad da ata başlanğıclı olsa da, ana vasitəçilyi olmadan gerçəkləşə bilməz. Azərbaycan kişilərinin qadınlardan az yaşama göstəricisinin təməlində duran azyaşama, qadınlardan öncə dünyasını dəyişmə “dühası”nın qaynaqlandığı, yararlandığı detallardan biri də, qadınların cəmiyyətlə bağlı töhfələrini canlarından çıxarıb kişilərə yükləmələri, çatmalarıdır. Kişi kahinliyi Azərbaycan cəmiyyətində ağalığını sürdürür. Azərbaycanda kişilərimiz hələ də xan, bəy, uzaqbaşı kəndxuda əxlaqınının ona verdiyi əzazilliyin şüuraltı olqunluğunu yaşadır.
Bu sualın digər bir gizli qatda uyumuş cavabına öncəlikli açıqlama: Azərbaycan qadınının ana-qız, ata-qız sorunu yoxdur. Belə bir gərəksiz bəklənti erməni və ermənilər kimi toplumlarda xirtdəkdəndir. Məşhur Əsli-Kərəm dastanına fikir verin. Erməni ata övladının yad-yabançı dinin mənsubu saydığı birisilə evliliyinə yox deyərək, onu alıb diyar-diyar gəzdirir, ortadan yox olur. Əslində isə Əsli də Kərəmi sevir. Doğru, düzgün düşüncə, yanaşma onu tələb edir ki, bu iki gənc fərqli etnosa və inanca məxsus olmalarına baxmayaraq, bir araya gəlib qovuşa bilərlər. Erməni qızı Əslinin anası sağ olsaydı, onun anasıyla da atasının (təlqinlərilə) eyni minvalla qarşıdurması üzə çıxacaqdı. Eyni Allahın fərqli dinə mənsub bəndələrinə pislik, zalımlıq edən, şər qüvvəsini işə salan züriyyətləri üçün münbit iman, şərait yaranır. Öz bəd niyyətlərini həyata keçirmək üçün kifayət qədər lazımi bir məqamın yarandığını qaçırmayıb dəyərləndirənlər oyaqlığını, sərvaxtlığını gizlətmirlər. Keşiş öz övladının, qızının taleyi ilə oynayır. Keşiş bu qarşılaşmada atalıq missiyasını darmadağın edir. Əsli, qız, bu vəhşilik və barbarlıq qarşısında əli-qolu bağlı olaraq səsini içinin dərinliyinə salıb yalnız HAQQA təslim olur.
Azərbaycan qadınında (ermənilərdəki kimi kütləvi şəkildə olmadığından) yad, başqa etosların kişilərinə qarşı elə bir genetik tələbat və doğal bir yaxınlaşma mövcud olmadığına görə, ana-qız sorunu, ata-qız problemi heç bir tarixiliyi qalmış yazılı, şifahi ədəbiyyatda rast gəlməyəcəyin milli-ilahi məharətdir( Bu söylədiyimi dünya millətləri arasında aparılan statistika da təsdiq edə bilər. Uzun olduğundan siyahını bura almaq istəmədim).
Bizdə isə ana-qız deyil, ata-qız qarşıdurması az olmayıb. Bu sorunu ictimailəşdirib gündəm mövzusu etmək yanlışlığa dəlalət etməz ( fikrimi təsdiqləmək üçün, Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” əsərini göstərə bilərəm və bu barədə geniş yazım olduğundan, yayımlandığından, davam etmək istəmirəm).
Atalar-oğullar sualına paralel analar-qızlar sualının cəmiyyətdə və dilimizdə öz yerini tapmamasının əsas cizgilərindən biri də, qadınlarımızın qızlarımızda bərk olması, boş olmaması, tarixə, zamana boşluq yaradacaq şəkildə loyal genetik özəllik daşımamasıdır. Azərbaycan qadını kişi, insan qarşısında hansı duyğunu paylaşırsa, təbiət, doğa qarşısında da şüuraltı olaraq eyni duyğunu və özgürlüyü, özünəxas səxavəti daşımağındadır. Kişilər qarşısında ağzını yaşmaqlamağı barəsində əlavə heç nə düşünməyən nənəmin, səfərə çıxarkən qarşısına çıxan dağın qarşısında da, axar suyun yanında da eyni hərəkəti sərgiləyib yaşmağını çəkməyi sıradan bir görüntü deyil(di). Bu görüntü daha keçmişlərdən, əski mədəniyyətin metafizikliyindən kosmik təbədüllatlara qədər irəliləyəcək dərəcədə mahiyyətə sahibdir. (Erkən yaşlarında həyat yoldaşını itirmiş, heç bir savadı, geniş bilgisi olmayan nənəm özüm şahidlik etmişəm ki, dəfələrlə dağ və su görəndə, ağzını yaşmaqlayar, danışmaz, bir az da başıaşağı olardı. Soruşduğumda isə, dağ görür, su görür deyirdi).
Öz gücünü, yaşantısını və mahiyyətini, var olma kimliyini bir ana olaraq qızına verən, keçirən bir mədəniyyət asayişində qıza ana tərəfindən olan inamın, inancın kəskinlik qazanması, əminlik yəqin etməsi, cəmiyyətin sferasına hardasa ata-oğul sorunu qədər səs-küy salmamışdır. Bu anlamda və bu istiqamətdə atalar-oğullar anlayışına yaxınlaşsaq, ataların oğullarda itməsi, deformasiya olunma xislətinin qorxusu hər an özünü büruzə verir. Niyə? Ona görə ki, bu təlatümün alt yapısında yenə də atanın oğula şübhəsi, yəni “gedib də yad qızla ailə qurub genetikanı zorlama” ehtimalı durursa, oğulun ataya qarşı baxışlarında, “mənim kimliyimdə rol alarkən əğyara satılıb-satılmama” quşqusunun doğurduğu nəsillər arası simptomların ağrıları olduğunun qənaətindəyəm. Yəni ki, yurdu, ölkəni, nəsli-kökü öz qanadı altına almalı olan bir gələcəyin daşıyıcısı, hər hansı ekstremal mühitdə “düşmənlə” anlaşmasını (uduzmuş) “keçmişi hesaba qatmadan yürüdə biləcəkmi” - çağrışının nidalarıdır.
Məncə, analar-qızlar mövzusu gündəm malı olmadığının ehsanını doya-doya yaşayıb bir daha kimlik və varlığımızın mahiyyətinə xoş sevdalarla yönəlmək ərkimizi diriltməliyik.
Unutmaq olmaz ki, bizdə qadın, qız, ana arxetipi, elə şüuraltı olaraq torpaqla, yurdla, vətənlə bağlı olan cəsarətdir.