“Bunun üçün zəruri tədbirlər görməliyik” - Əli Həsənov / FOTOLAR

“Azərbaycan dili dövlətimizin əsas atributlarından biri, eyni zamanda azərbaycançılıq ideologiyasının mühüm elementi, onun dual funksiya daşıyan siyasi və sosial-mədəni dayağıdır. Dövlət dilinin mövqeyinin möhkəmləndirilməsi üçün zəruri tədbirlər görməliyik”.

Metbuat.az-ın məlumatına görə, bu sözləri “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilən konfransdakı çıxışı zamanı Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Azərbaycan dilinin keçdiyi inkişaf mərhələsindən danışan prezident köməkçisi qeyd edib ki, müasir dövrdə geniş vüsət alan qloballaşma prosesi dövlət dilinin istifadə sahəsindən də yan keçməyib: “Təəssüf ki, biz tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq. Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər halda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda qrammatik qaydalara əməl olunmur. Təəssüf ki, sadalanan həmin nöqsanlar bu gün də aradan tam qaldırılmayıb”.

Əli Həsənov qeyd edib ki, Azərbaycan reallığında ictimai fikrə təsir imkanları baxımından televiziya və radio digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayanır: “Teleradio dövlət dilinin qorunub saxlanması, inkişafı və zənginləşməsi üçün böyük imkanlara malikdir. Biz bu imkanlardan səmərəli istifadə edərək müstəqil dövlətçiliyimizin milli-mənəvi dayaqlarından biri, cəmiyyətdə səfərbəredici vasitə kimi mühüm rol oynayan dövlət dilinin mövqeyinin daha da möhkəmləndirilməsi üçün zəruri tədbirlər görməliyik”.

Prezident köməkçisi qeyd edib ki, süni reytinq arxasınca qaçmaq da bu məsələyə mənfi təsirini göstərib: “Dərsliklər, orfoqrafiya lüğətləri yenidən nəşr edilməlidir. Maarifləndirici televiziya akademiyaları özəl televiziyalarda da yaradılmalıdır. Bir televiziyanın rəhbəri Milli Teleradio Şurasının rəhbərinə məktub yazmışdı ki, milli-mənəvi dəyər nə deməkdisə, onu izah edib qol çəkərək onlara göndərsin. Təsəvvür edin ki, bir televiziya rəhbəri milli-mənəvi dəyərin nə olduğunu bilmir. Yaxşı ki, o televiziya indi yoxdur. Yəni, bir televiziya rəhbəri bunu necə bilməyə bilər? Yaxşı ki, həmin televiziya artıq yoxdur. Kanallardan biri millət vəkili Arif Rəhimzadəni efirdən təhqir edirdi. Heydər Əliyevin silahdaşlarından biri olan şəxsi necə təhqir etmək olar? Arif Rəhimzadə Rusiyada bir çıxışı zamanı qeyd etmişdi ki, Türkiyədə rəsmi dil türk dilidir, Azərbaycanda isə Azərbaycan dilidir. Türk dilləri qrupuna aid olsa da, amma rəsmi dilimiz Azərbaycan dilidir. Buna görə, nə qədər təhqir oldu. Bunlar yol verilməzdir. Televiziya və KİV rəhbərləri məsuliyyətlərini dərk etməlidirlər. Çünki nümunələri onlar təqdim edirlər. Elə insanlar nümunə göstərmək lazımdır ki, onlar Azərbaycan xalqını təmsil etmək iqtidarına malik olsun”.

Əli Həsənov qeyd edib ki, KİV-də ixtisaslaşma məsələsinə də önəm verilməlidir: “Bəzən olur ki, idmandan yazan jurnalistini tibb sahəsi ilə bağlı hansısa tədbirə göndərirlər. İdmandan yazan jurnalist həmin tədbirdən hansı materialı hazırlaya bilər ki?! Ona görə də hərə öz ixtisasına uyğun yazmalıdır”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI