“Avropa Şurası münaqişənin ədalətli həllinə dəstək vermədi”

“Azərbaycan Avropa Şurasını tərk etsə, ölkənin həyatında heç nə dəyişməyəcək”.

Metbuat.az-ın məlumatına bu sözləri prezident İlham Əliyev Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edən zaman çıxışında bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanda Avropa Şurası ilə bağlı ictimai rəy müsbət deyil. Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə heç bir dəstək vermədi və buna heç ümid də yoxdu.

Prezidentin sözlərinə görə, seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin dövlət siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistan AŞPA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə hər zaman hücumlara məruz qalırdı.

Ölkə başçısı bildirib ki, son vaxtlar Avropa Şurasının bəzi rəsmiləri Azərbaycana qarşı yeni hücum təşkil edir və ölkəni üzvlükdən məhrum etməklə hədələyirlər. Bu isə təbii olaraq Azərbaycanda adekvat neqativ reaksiya doğurur. Avropa İnsan Hüquqları Məhkəməsinin 10 mindən artıq qərarı icra olunmur, Azərbaycan isə qərarları icra edir, lazım gəldikdə təzminat ödəyir və ümumilikdə, olduqca konstruktiv davranır.

Prezidentin sözlərinə görə, Azərbaycana qarşı məqsədyönlü hücum məyusluq yaradır və “bizim o təşkilatda nə işimiz var kimi” fikirlər meydana gəlir. Buna görə də Azərbaycan Avropa Komissiyası və Avropa İttifaqı ilə əlaqələrin möhkəmləndirilməsini prioritet hesab edir. Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək. Ölkənin həyatında heç nə dəyişməyəcək.

Ölkə başçısı qeyd edib ki, Azərbaycan insan haqları və demokratiyanın inkişaf etdirilməsi sahəsində tədbirləri hazırda Azərbaycana qarşı həyata keçirilən əsassız hücumun mərkəzində dayanan Avropa Şurasının baş katibinə xoş gəlsin deyə etmir.

Məsələni Metbuat.az-a şərh edən millət vəkili Aydın Mirzəzadə bildirib ki, məsələ Avropa Birliyinə daxil olan ölkələrin Brüsseldəki səfirləri tərəfindən qaldırılıb. Onlar son dövr mətbuatda Azərbaycanda Avropa Şurasından çıxmaq çağırışları ilə bağlı cənab prezidentin fikrini bildirmişdilər.

Cənab prezident isə bildirdi ki, Azərbaycan Avropa Şurasına könüllü surətdə qəbul olub. Qəbul olunarkən də ən böyük istəyi Avropa Şurasının Azərbaycanın ərazi bütövlüyü məsələsinə dəstək verməsi idi. Çox təəssüf ki, bunu verə bilmədi. Bir sözlə, nüfuzlu beynəlxalq təşkilata üzv olan ölkə həmin təşkilatın nüfuzunun qalxmasına, onun ideyalarının keçirilməsinə dəstək verir, həm də həmin təşkilatdan özünün probleminin həllinə kömək gözləyir. Ancaq həmin təşkilat gözlənilən dəstəyi göstərmir. Azərbaycana qarşı uydurma problemlər qaldırıldı. Aydın məsələdir ki, özünün suverenliyini, milli maraqlarını qoruyan heç bir ölkə belə münasibətə dözə bilməz. Bu baxımdan, hörmət qarşılıqlı surətdə olmalıdır.

Cənab prezident tamamilə doğru vurğulayır ki, məsələ Azərbaycan rəsmiləri tərəfindən qaldırılmayıb. Azərbaycan ictimaiyyətinin nümayəndələrinin məsələyə münasibət göstərməsi normaldır. İkincisi isə, Azərbaycan bu təşkilatdan çıxarsa, nə qazanacaq, nə itirəcək, nə varlı, nə kasıb olacaq. Bu o deməkdir ki, Azərbaycan Avropa Şurasız da yaşaya biləcək. Avropa Şurasının üzvü olmadan da beynəlxalq birlikdə özünün problemlərini həll edə biləcək. Burada itirən ilk növbədə təşkilat olacaq. Çünki təşkilatın artıq Azərbayanın nüfuzundan istifadə etmək imkanları olmayacaq, ideyalarının Azərbaycan vasitəsilə yayılmasından məhrum olacaq. Təşkilat Azərbaycanla əməkdaşlıq edən və Azərbaycanı özünə dost sayan ölkələr tərəfindən də dövlətimizə qarşı münasibətinə görə soyuqluq hiss edəcək.

Cənab prezident də bunu xüsusi vurğuladı ki, itirən Avropa Şurası olacaq. Azərbaycan çox istərdi ki, üzvü olduğu beynəlxalq təşkilatlarla ilk növbədə bərabərhüquqlu əməkdaşlıq etsin. Təşkilat Dağlıq Qarabağ münaqişəsinin həllinə öz dəstəyini versin. Bu baxımdan, prezidentimizin mövqeyi tamamilə aydındır, cəmiyyətin istəyinə söykənir və beynəlxalq hüquq normalarına tam uyğundur. Torpaqlarımızı işğal edən Ermənistana bu gün beynəlxalq təşkilatlar tərəfindən güzəştə gedilir, liberal yanaşma var. Azərbaycanla bağlı məsələlərə isə liberal yox, soyuq münasibət var. Bu məsələlərin həllində Azərbaycan beynəlxalq təşkilatlardan dəstək gözləyir. Dəstək əvəzinə ona basqılar olanda isə əməkdaşlığın davam etdirilə bilməməsi Azərbaycanın seçimi olacaq.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI