“O dövlətlər BTQ layihəsinə mane olmaq istəyirdilər” - Millət vəkili

“Bir çoxları, xüsusilə bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar. Hesab edirdilər ki, bunun reallaşması mümkün deyil, bunun reallaşması üçün lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, bu layihə gerçəkləşdirilsin. Ancaq üç ölkə göstərdi və sübut etdi ki, bu, mümkündür”.

Metbuat.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı zamanı çıxışında deyib. Dövlət başçısı qeyd edib ki, bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür: “Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi nəhəng layihələr bizim birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir”.

Prezident bildirib ki, bu dəmir yolu layihəsinə Orta Asiya ölkələri, o cümlədən Qazaxıstan böyük maraq göstərir: “Həmin ölkələrdən gələn nümayəndə heyətlərinin, yüksək vəzifəli şəxslərin bu mərasimdə iştirakı bunu əyani şəkildə göstərir. Biz əminik ki, yüklərin daşınması istiqamətində əlavə imkanlar yaranacaq və bizim ölkələrimizin Orta Asiya ölkələri ilə ənənəvi dostluq əlaqələri də bu dəmir yolu vasitəsilə möhkəmləndiriləcək. Avropa üçün bu yolun böyük əhəmiyyəti var. Azərbaycan bir neçə Avropa ölkəsi ilə artıq müvafiq danışıqlar aparıb. Avropa ölkələri də bu yolun tikintisinə çox böyük maraq göstərirlər”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Fəzail İbrahimli bildirib ki, prezidentin dediyi fikirlər məsələnin mahiyyətini, fəlsəfəsini kifayət qədər açıb və əldə edilən məntiqi nəticələri ortaya qoyub:

“Bunu, təkcə 3 dövləti birləşdirən layihə müstəvisində düşünmək olmaz. Bu layihə üçün ana xətt hesab olunan, səciyyələndirən ən böyük cəhətlərdən biri odur ki, vaxtilə Avrasiyada mövcud olan və xüsusi siyasətlərlə qırılan böyük türk xəttini birləşdirir. Ola bilsin ki, bu, çoxları üçün yeni fikir olacaq, bununla barışmaya da bilərlər, amma bunu real tarixi hadisədən irəli gələrək deyirəm. Vaxtilə Avrasiyada olan böyük türk xətti zaman-zaman qırılıb – Həştərxan verilib Rusiyaya, Orenburq Qazaxıstandan alınıb, Sibirdə Altay Alpları assimilyasiyaya uğrayıb və s. Daha sonra Azərbaycanla Türkiyə arasında Ermənistan tikildi. Və bu türk xətti qırıldı, Azərbaycan torpaqlarında Qarabağ amili yaradıldı. Bütün bunlar türk dövlətləri, xalqları arasında Sibirdən, Avropadan başlayaraq Asiyaya qədər vahid türk xəttinin qırılması idi. Bu layihənin ən uğurlu cəhəti, bu vaxta qədər dilə gəlməyən, hallandırılmayan xüsusi məqamı qeyd etmək istəyirəm ki, həmin layihə vahid türk xəttinin bərpasına xidmət edir. Avrasiyada vaxtilə mövcud olan və qırılan vahid türk xəttinin bərpası türk dövlətləri arasındakı münasibətləri reallaşdırır. Təsəvvür edin, bir Ermənistan tikildi, bizim Türkiyə ilə əlaqələrimiz hava xətti ilə qaldı. İndi isə bu xətt reallaşdı və yerdə də əlaqələr mümkün oldu.

İkinci mühüm cəhəti də odur ki, bu layihə Naxçıvan blokadasının aradan qaldırılmasına səbəb olur. Bir xətt çəkilməklə Naxçıvanla olan həmin problem aradan götürülür. Yəni bu, Azərbaycana həm geosiyasi, həm siyasi, həm də iqtisadi nöqteyi-nəzərdən kifayət qədər uğur gətirən bir layihədir”.

Millət vəkilinin sözlərinə görə, böyük dövlətlər, xüsusilə Ermənistanın təsiri altında ayrı-ayrı nümayəndələrinin təmsil olunduğu qurumlar belə bir layihənin olmasını, Azərbaycanın baş rolda çıxış etməsini, layihəni maliyyələşdirməsindəki iqtisadi tərəfləri heç ağıllarına gətirmirdilər: “Çoxları güman edirdi ki, bu, layihə baş tutmayacaq, bir qrupu güman edirdi ki, iqtisadi tərəfinə güc çatmayacaq, digər qrup düşünürdü ki, tərəflər arasındakı fikir mübadiləsi uyğunsuzluğu yarana bilər və s. Çünki bu, Ermənistandan kənar xətt idi, regionda heç bir layihəyə qoşulmayan Ermənistanı istəyən dövlətlər və erməni lobbiləri bu məsələdə həlledici rol oynayırdılar. Erməni lobbiləri ilə çox güclü əməkdaşlıq edən dövlətlər bu layihəyə mane olmaq istəyirdilər. Amma nə yaxşı ki, çoxlarının pis arzusu ürəyində qaldı. Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasındakı bir körpü, dünya xəttinin yaranmasına səbəb olur. Bu, köhnə Çin xəttinin reallaşmasına xidmət edə biləcək yoldur, xətdir, körpüdür, bünövrədir. Güman edirəm ki, bunlar hamısı Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşmasını bizim üçün gündəmə gətirən əsas amillər oldu”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı