İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə 2014-cü ildə daxil olmuş şikayətlərlə bağlı illik hesabat açıqlanıb

14:57 9 Yanvar 2015
146 Digər
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 14:53 ]


Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov 2014-cü ildə komitəyə daxil olan şikayətlərlə bağlı illik hesabatı açıqlayıb.

 

APA-nın məlumatına görə, bununla bağlı bu gün keçirilən mətbuat konfransında çıxış edən E. Behbudov bildirib ki, 2014-cü ildə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə 324 nəfər müraciət edib: “Onlardan 112 müraciət işgəncə, qismən qeyri-insani rəftarla bağlı olub. Dörd nəfər isə saxlanma yerində dünyasını dəyişib. 112 nəfərdən üçü azyaşlı, 13 nəfəri isə qadın olub” .

 

Elçin Behbudov bildirib ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Ədliyyə Nazirliyi Penitensiar xidmət istisna olmaqla, daxili işlər, milli təhlükəsizlik, müdafiə, səhiyyə, təhsil nazirlikləri ilə sıx əməkdaşlıq edib: “Şəffaflıq təmin edilməklə, əvvəlcə deyilmədən  həmin qurumların qapalı yerlərində monitorinq keçirmişik. Polis orqanlarının müvəqqəti saxlanma yerlərində saxlanılan şəxslər üçün tibbi kartlar açılıb. Həmin kartlarda yalnız həkimlər tərəfindən mütəmadi olaraq qeydlər aparılır. Saxlanma yerlərində saxlanılan azyaşlılar üçün televizor və telefon xətləri çəkilib, saxlanma yerləri standartlara uyğundur. Lakin polis orqanları ilə bağlı da komitəyə şikayətlər daxil olub” .

 

Komitə sədri 2014-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Haupvaxtında , hərbi hissələrində, və intizam xarakterli “N” saylı hərbi hissəsində monitorinqlər keçirildiyini bildirib: “2014-cü ildə Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra əsgərlərə verilən yeməklərin keyfiyyəti yaxşılaşdırılıb, yeməkxana və ayaqyolunda təmizlik işləri mülki qadınlara həvalə olunub. Bu hal əsgərlərə qarşı qeyri - insani rəftarın qarşısını alıb. Neqativ hallarla ciddi mübarizə aparılıb. 2014-cü ildə hərbi hissələrdən işgəncə və qeyri - insani rəftarla bağlı şikayət daxil olmayıb. Lakin əvvəlki illərdə hərbi hissələrlə bağlı kifayət qədər müraciət daxil olurdu” .

 

E. Behbudov 2009-cu ildən Ədliyyə Nazirliyi Penitensiar xidmət tərəfindən cəzaçəkmə müəssisələrində monitorinq aparmaq və fərdi qaydada daxil olmuş şikayətləri araşdırmaq üçün onlara şərait yaradılmadığını söyləyib: “Buna baxmayaraq məhkumların ailə üzvləri komitəyə işgəncə və qeyri - insani rəftarla bağlı şikayət edirlər”.

 

E. Behbudov 2014-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin müvəqqəti saxlanma yerinin açıldığını deyib: “Bu il əsaslı təmirdən sonra saxlanma yerində olan kameralara televizorlar, havalandırma qurğuları quraşdırılacaq. Həmin yerdə saxlanılan şəxslərin bizə etdikləri müraciətləri rəhbərliyə çatdırmışıq və xahiş etmişik ki, həmin məsələlər öz həllini tapsın. 2014-cü ildən Dövlət Miqrasiya Xidməti ilə işgüzar əlaqə qurmuşuq. Onların saxlanma yerində monitorinq keçirməyə başlanılıb.

 

Eyni zamanda Təhsil Nazirliyinin internat məktəblərində olmuşuq. 2014-cü ildə Təhsil Nazirliyinin Suraxanı rayonunda yerləşən 7 saylı internat məktəbində təlim tərbiyənin vəziyyəti araşdırılıb və oranın fəaliyyəti məqbul olmadığı üçün dayandırılıb.

 

2014-cü ildə Səhiyyə Nazirliyinin Narkoloji Dispanserinin və Psixatiriya üzrə Məcburi Müalicə Şöbəsində monitorinqlər aparılıb. Ciddi nöqsanlar olmasa da təmirlə bağlı tövsiyələr rəhbərliyə çatdırılıb.

 

Komitə sədri 2011-ci ildə 136, 2012-ci ildə 141, 2013-cü ildə 116 nəfərin komitəyə işgəncə və qeyri-insani rəftarla bağlı müraciət etdiyini deyib: “Bu illər ərzində bizimlə əməkdaşlıq edən, monitorinqlərə şərait yaradan milli təhlükəsizlik, daxili işlər, müdafiə təhsil, səhiyyə nazirliklərinin rəhbərliyinə,  dövlət miqrasiya xidmətinin rəhbərinə təşəkkür edirəm”. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368548

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR