Ehsan dediyin Allahı görmək kimidir

Ehsan dediyin Allahı görmək kimidir
19:05 9 Yanvar 2015
187 Sosial
Ölkə mətbuatı
A- A+

El arasında “ehsan” dedikdə hər şeydən öncə ağlımıza matəm çadırlarında verilən yeməklər, bir də yuxa çörək arasında paylanan halva gəlir. Doğrudur, bunlar da “ehsan” sözünün əhatə elədiyi mənalar arasında yer alır, amma bu dediklərimiz “ehsan”ın çox az bir hissəsidir. Bu sözün İslam terminologiyasında çox mənaları var: bağışlama, hədiyyə etmə, xeyirli bir iş görmək, gözəlləşdirmək və s.

Ədalət hər bir işə doğru-düzgün qarşılıq vermək, hər şeyin əsl qiymətini verməkdir. Yəni birisinin zəhmətinin qarşılığı nədirsə, onu da verməkdir. Ehsan isə o haqqın üzərinə əlavə ediləndir, yəni ədalətin öz yerinin tutması ilə yanaşı, həm də mərhəməti, fədakarlığı nəzərdə tutur. Allah-Təala ədalətli, mərhəmətli bəndələrini sevər, Allahın rəğbətini qazanmaq üçün işlənmiş hər xeyirli işin də qarşılığını verər. Qurani-Kərimdə: “ Ehsan edin, çünki Allah ehsan edənləri sevər”, - buyurulmaqdadır.

Bir hədisi-şəriflərində uca Peyğəmbərimiz həzrəti-Məhəmməd (s.ə.s.) “Ehsan Allahı görürmüş kimi ona ibadət etməkdir. Çünki sən Onu görməsən də, O səni görür”, - söyləmişdir.

Allahını tanıyan, həyatını Onun əmrləri ilə, yəni Həzrəti-Quranın göstərdiyi kimi quran bir insanın yatmağı da, yeməyi də, gəzməyi də, inşallah, ibadət yerinə keçər. Bütün həyatını, malını, gücünü, iradəsini Allah yoluna həsr edən insanın bütün həyatı ibadət olar. Beləsi elədiyi yaxşılığı gizli saxlayar, “Allah bildisə, mənə kifayətdir, bəndənin bilməsini istəmirəm” prinsipi ilə yaşayar.

İmam Zeynəlabidin də belə yaşamışdı: O, Haqqın rəhmətinə qovuşandan sonra Mədinədə kasıb, yetim, imkansız ailələrin qapısına hər gecə hardan gəldiyi bilinməyən ərzaq torbalarının ardı kəsildi.

Bir imkansıza yardım etmək də ehsandır, bir kəndə yol çəkdirmək də, kiminsə xeyir işinə yardımçı olmaq da...

Yuxarıdakı hədisi-şərifdən də göründüyü kimi, ehsan məsələsi maddilikdən daha çox mənəvi səviyyədir, bir şüur, həyat tərzidir. Siz hər an Allah-Təalanın gözü qarşısında olduğunuzu düşünün.

Allah-Təala Alim deyilmi, yəni gizli, aşkar hər şeyi bilmirmi?- əlbəttə, bilir.

Allah-Təala Bəsir deyilmi, gizlində, aşkarda hər şeyi görmürmü?- əlbəttə, görür.

Allah-Təala Səmi deyilmi, gizlin aşkar hər səsi, hər sözü eşitmirmi? əlbəttə, eşidir.

Demək, hər birimiz bizi bilən, görən, eşidən bir Allahın qarşısındayıq. Bunu bildinmi, bu həqiqəti ruhuna, dünyagörüşünə hopdura bildinmi, demək, ehsan şüuruna qovuşmusan.

"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR