Ötən gün ATƏT-ə üzv ölkələrin xarici işlər nazirləri Şurasının Vyanada keçirilən illik iclasında ABŞ və Rusiya rəsmiləri Dağlıq Qarabağ məsələsindən danışıblar.
Metbuat.az-ın məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına toxunub. O, Rusiyanın bu münaqişənin bütün tərəflər üçün qəbul olunan həllinin tapılmasına dəstək göstərəcəyini vurğulayıb və münaqişənin həlli ilə bağlı prinsiplərin Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları tərəfindən elan olunduğunu diqqətə çatdırıb.
ABŞ-ın dövlət katibi Reks Tillerson isə bildirib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Minsk qrupunun səylərini dəstəkləyir: “Yalnız siyasi iradə ilə substantiv irəliləyişə nail olmaq mümkündür. Bu baxımdan prosesləri sürətləndirmək barədə verilən qərarları alqışlayırıq”.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Elman Məmmədov bildirib ki, həmsədr ölkələr 25 il ərzində belə sözləri çox deyiblər: “İllərdi onlar o qədər belə sözlər deyiblər, bəyənatlar, vədlər veriblər ki, artıq onların dediyi sözlərə inam itib. Fikir səsləndirilir, ancaq bu səslənən fikirlərin, təkliflərin arxasında əməli iş dayanmır. Əməli iş nədən ibarətdir? Həmsədr dövlətlər Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvləridir və söz sahibidilər. Onlar dünyanın üç böyük dövlətidir. Dünyanın idarə olunmasında həlledici gücə, səsə, sözə malik olan dövlətlərdir. İnandırmaq istəyirlər ki, guya bunlar istəyirlər məsələ həll olunsun, ancaq bacarmırlar, mümkün olmur. Bu, tamamilə yalandır, qeyri-səmimidir.
Onlar istəsələr, bu illər ərzində işğalçı dövlətə qarşı sanksiyalar, cəza tədbirləri tətbiq olunardı, sülhə məcbur edilərdi. İşğalçı dövləti məcbur edərdilər ki, sən, işğal etdiyin əraziləri tərk etməlisən, BMT-nin məlum dörd qətnaməsini icra etməlisən. Guya onlar qətnamələri icra etdirə, ya onlar işğalçı dövləti məcbur edib, Azərbaycanın ərazilərindən qoşunlarını çıxartdıra bilmirlər? Bu, tamamilə səhv fikirdir, onlar bunu edə bilər. Sadəcə o dövlətlər bu məsələlərə öz mənafeləri baxımından yanaşırlar, bütün dünya regionlarında olduğu kimi, Cənubi Qafqazda da bu dövlətlərin, Qərblə Rusiyanın maraqları toqquşur, bir-birinə daban-dabana ziddir. Bunların hərəsi problemə bir istiqamətdən yanaşırlar. Ancaq erməni məsələsində üçünün də mövqeyi eyniləşir, üçü də ermənini müdafiə edir.
Onların hərəkətlərində ən səhv məqam ondan ibarətdir ki, hər üç dövlət uzun illərdir işğalçıya da, işğala məruz qalan dövlətə də eyni gözlə baxırlar. Bu dövlətlərin hər ikisinə qarşı eyni tələbləri qoyurlar. Bu, kökündən səhv olan yanaşmadır. Axı ortada işğal faktı var, işğalçı məlum, işğala məruz qalan dövlət məlum. Siz, həmsədr kimi işğalçını niyə yerində oturtmursuz, niyə ona qarşı heç bir cəza tətbiq olunmur? Niyə işğalçının qoşunları bizim ərazimizdən çıxarılmır? Əksinə həmişə eyni əzbər sözlər deyilir – Biz istəyirik ki, bu dövlətlər arasında qarşılıqlı etimad, etibar yaransın, dayanıqlı sülh olsun və s. Bu dedikləri o vaxt olacaq ki, işğalçı dövlətin qoşunları Azərbaycan ərazilərindən çıxarılacaq, ölkəmizin ərazi bütövlüyü təmin olunacaq, ondan sonra Azərbaycan-Ermənistan sərhədində dayanıqlı sülhdən də, qonşuluqdan da, etimaddan da, etibardan da danışmaq olar. Ancaq nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır və bunlar istəyirlər ki, torpaqlarımızın ərazisinin ortasından keçən qoşunların təmas xəttində dayanıqlı sülh olsun, bu olmayacaq, heç vaxt olmayacaq. Ona görə də onların dediyinin hamısı boğazdan yuxarı deyilən sözlərdir və ciddi qəbul etmirəm”.
Qeyd edək ki, Vyanadakı iclasda ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli çıxışında ATƏT məkanındakı münaqişələrin böyük narahatlıq doğurduğunu qeyd edib. Özünün də münaqişədən əziyyət çəkən bir ölkəni təmsil etdiyini diqqətə çatdıran Tsereteli Dağlıq Qarabağ regionunda döyüşlərin intensivləşməsinin ciddi narahatlıq doğurduğunu vurğulayıb.
Günay Elşadqızı / METBUAT.AZ
“Partiyamız gələnilki seçkilərdə də qalib gəlmək əzmindədir” - Aydın Mirzəzadə