Ermənistan "soyqırım fanatları" qazanmağa çalışır

Ermənistan "soyqırım fanatları" qazanmağa çalışır
22:47 9 Yanvar 2015
161 Digər
Ölkə mətbuatı
A- A+

Qondarma "erməni soyqırımı"nın 100 illik yubileyinə təqribən 3 ay qalır. Təkcə Ermənistanda yaşayan deyil, dünyanın dörd bir yanına səpələnmiş ermənilər də özləri üçün bu tarixi anı "möhtəşəm" qeyd etmək üçün əl-ələ veriblər. Bütün ermənilər aprelin 24-də dünyanın gözündə başıbəlalı millət görünmək bütün vasitələrdən istifadə etməyə çalışırlar. Belə ki, qondarma "soyqırım" təbliğatına xaricdə yaşayan erməni əsilli sənətçiləri, şou-biznes nümayəndələrini, hətta pornoulduzu cəlb ediblər.

Ermənilərin dünya şöhrətli musiqi qrupu kimi təqdim etdikləri "System of a Down" dünya üzrə "soyqırım turnesi"nə çıxıb. "Wake Up the Souls" adlı turne aprelin 23-də Yerevanda konsertlə başa çatmalıdır. Konserti onlayn rejimdə bütün dünya izləyə biləcək. Məlumat üçün qeyd edək ki, 1992-ci ildə ABŞ-da yaradılmış rok-qrupun üzvləri erməni əsilli vətəndaşlardır. Ermənistan mətbuatının yazdığına əsasən, qrupun bütün üzvləri qondarma "soyqırım"ı görmüş insanların törəmələridir.

Qrup təbliğatın bir forması kimi saytında qondarma "soyqırım"ı tanımış ölkələrin xüsusi xəritəsini də yaradıb. "Rolling Stone" jurnalına müsahibə verən qrupun lideri Serj Tankyan Türkiyənin XX əsrin ilk "soyqırım"ını tanımasını istədiklərini bildirib. Erməni tərəfinin bu təbliğat metodu daha çox "soyqırım fanatı" qazanmağa hesablanıb. Nəzərə almaq lazımdır ki, hazırda bütün dünyada şou-biznes nümayəndələri ən gündəmdə olan insanlardır və onların milyonlarla fanat ordusu var. Və fanatın pərəstiş etdiyi şəxsin düşüncələri, fikri və sözləri onlar üçün bir növ qanun halına gəlir. Bununla da qrup üzvləri Ermənistanın edə bilmədiyini edərək xeyli sayda insanın beynini zəhərləyə və yalan informasiya yaymağa müvəffəq olurlar.

Bu fakt Azərbaycan və Türkiyə sənətçiləri üçün də bir çağırışdır. Onlar artıq dərk etməlidirlər ki, siyasət musiqi sahəsinə də qarışıb. Müğənnilərimiz dünyanın şadlıq sarayı qədər kiçik deyil, çox böyük olduğunu anlamalı və xarici dinləyiciyə xitab etməyi bacarmağa ən azından cəhd göstərməlidirlər. Türkiyə sənətçiləri isə həddən artıq humanist görünməməlidirlər. Bu ölkənin bütün dünyada məşhur olan müğənnisi Tarkanın kürd problemi ilə bağlı suala "siyasətlə maraqlanmıram" cavabını verməsi ilə üzərinə düşən milli mənafeləri qorumaq məsuliyyətindən qaçdığı kimi...

Tankyan müsahibəsində dünyada tanınmış ermənilərin qondarma "soyqırım" mövzusuna yardım etdiklərini deyir və həmin sırada məşhur pornoulduz Kim Kardaşyanın da adını çəkir. O, insanların Kardaşyanı qınamasının düzgün olmadığını bildirir və bunu pornoulduzun hər il aprelin 24-də "soyqırım"ı yad etməsi ilə əsaslandırır. Qrup rəhbəri Kardaşyanın "Twitter" səhifəsində xeyli sayda abunəçisinin olduğunu söyləməklə yuxarıda qeyd etdiyimiz "soyqırım fanatı" məsələsinə eyham vurmuş olur.

Görünən odur ki, ermənilər "soyqırım"a pornonu qatmaqdan belə çəkinmirlər. Bəs, görəsən, Kardaşyan qondarma "soyqırım"ın 100 illiyi üçün soyunacaqmı? Müsahibəsində müharibəsiz dünya, sülhdən dəm vuran Tankyan Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsindən, XXI əsrin ilk həqiqi soyqırımı - Xocalı soyqırımdan bəhs etmir. Türkiyə dəfələrlə İrəvana arxivləri açaraq 1915-ci ildə baş vermiş hadisələrə doğru qiymət verməyi təklif etsə də, müsbət cavab almayıb. Almayacaq da. Çünki arxivlər açılsa, Ermənistanın maskası da yırtılacaq. Türkiyə deyil, məhz Ermənistan öz keçmişinə nəzər salmalı, dezinformasiya ilə məşğul olmamalıdır.

Məftun Salmanov,
Trend - Azərbaycan xəbərlər xidməti


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/318264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR