Bu il 20 min məcburi köçkün sevinəcək - ŞƏRHLƏR

“2017-ci ildə 2300 qaçqın və məcburi köçkün ailəsi, 12 min insan yeni evlərə, mənzillərə köçürülüb. Cocuq Mərcanlı kəndinin bərpası tarixi nailiyyətdir, yeni salınmış 150 evdən ibarət gözəl qəsəbədə yeni həyatı başlayıb”.

Metbuat.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev bildirib. Dövlət başçısı qeyd edib ki, Cocuq Mərcanlının qısa müddət ərzində bərpası, yenidən qurulması onu göstərir ki, işğaldan azad ediləcək bütün ərazilərdə qısa müddət ərzində bütün təmir-bərpa işləri aparılacaq, şəhərlər, kəndlər yenidən qurulacaq və bu gün dağılmış vəziyyətdə olan şəhər və kəndlərə tezliklə həyat qayıdacaq”. Prezident bildirib ki, 2018-ci ildə 20 min köçkün yeni evlərə, mənzillərə köçürüləcək.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbut xidmətinin rəhbəri Elçin Qədimov Metbuat.az-a açıqlamasında bildirib ki, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb: “Indiyə qədər ümumilikdə 2001-2017-ci illərdə qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda 3,3 milyon kv.m sahəsi olan bütün sosial-texniki infrastruktura malik 97 müasir qəsəbə və çox mərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. Yeni yaşayış kompleksində 153 məktəb, 59 mədəniyyət mərkəzi, 60 səhiyyə müəssisəsi, 61 uşaq bağçası, 2 olimpiya-idman kompleksi tikilib, 745 km yol çəkilib, 985 km su, 1720 km hava-elektrik, 487 km qaz, 77 km rabitə, 49 km istilik, 93 km kanalizasiya xətti, 170 km drenaj şəbəkəsi çəkilib. Beləliklə, indiyə kimi 53 min ailənin və ya 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb ki, onun da 49 min ailə, yaxud 245 min nəfər, yəni 92%-i son 14 ilin payına düşür”.

Komitə rəsmisi bildirib ki, 2017-ci ildə də məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yenə də çox böyük işlər görülüb: “Belə ki, Tərtər rayonunda 34 ədəd 4 mərtəbəli müasir yaşayış kompleksi tikilib başa çatıb və yüksək səviyyəli açılış mərasimi olub. Orada bütün zəruri sosial texniki infrastruktur obyektləri hamısı insanların istifadəsinə verilib. Orada 1200 yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, klub-idman mərkəzi, tibb məntəqəsi, inzibati bina, yəni bütün lazımi infrastruktur obyekti hamısı həmin qəsəbənin içində yaradılıb. Bütün binaların hamısı müasir istilik sistemi ilə, elektrik, qaz, su ilə təchiz edilib, ərazidə yaşıllaşdırma işləri aparılıb, yol şəbəkəsi qurulub, asfalt çəkilib, yəni həmin yaşayış kompleksində bütün şərait yaradılıb. Bu, ən böyük yaşayış komplekslərindən biridir. Yəni bunu 2017-ci ilin görülmüş işi kimi deyirəm”.

Elçin Qədimov bildirib ki, Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndində 2017-ci il ərzində 50 yerlik qəsəbənin və 96 yerlik məktəbin tikintisi başa çatıb, Şuşa məscidinin bənzəri olan məscid orada istifayədə verilib: “Cocuq Mərcanlıdan olan 50 sakin doğma torpaqlarına qayıdıb və öz həyatlarını yaşayırlar. Bundan başqa, hazırda cənab prezidentin 2017-ci il iyunun 15-də verdiyi digər sərəncamla artıq Cocuq Mərcanlıda tikinti bərpa quruculuq işlərinin ikinci mərhələsinə başlanılıb və orada da əlavə olaraq, 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, böyük klub-idman mərkəzinin, tibb mərkəzinin, poçt binasının, inzibati binanın, müasir infrastruktur obyektinin tikintisi ilə bağlı işlər tam başa çatdırılıb. Yəqin ki, Cocuq Mərcanlıdan olan sakinlər öz doğma torpaqlarına nəzərdə tutulan vaxtda köçürülməsinə başlanılacaq. Yəni Cocuq Mərcanlıda işlərin ikinci mərhələsi tam başa çatdırılıb”.

E.Qədimovun sözlərinə görə, 2017-ci ildə Abşeron rayonunun Masazır qəsəbəsində 3 yerdə və Sabunçu rayonunun Ramana qəsəbəsində 1 yerdə beş mərtəbəli yaşayış binasının tikintisi başa çatdırılıb və məcburi köçkünlərə təhvil verilib: “Bununla yanaşı, bildiyiniz kimi, ölkənin I vitse-prezidenti Mehriban Əliyeva ilk müşavirəsini bu kateqoriyadan olan insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəldib, ilk müşavirədə tapşırıqlar verilib. Bu müşavirədən dərhal sonra qəzalı binalarda yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi prosesinə artıq başlanılıb. Bu gün də həmin layihə çərçivəsində işlər demək olar ki, mərhələli şəkildə çox uğurla aparılır. Mayın 30-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində 1026 ailəlik böyük yaşayış kompleksinin təməl qoyma tədbiri keçirilib. Xanım Mehriban Əliyeva da həmin tədbirdə iştirak edib. Orada tikinti işləri bu gün sürətlə davam etdirilir. Bundan əlavə, Abşeron rayonunun Masazır qəsəbəsində “Yeni Bakı” yaşayış massivində qəzalı binalarda yaşayan 214 məcburi köçkün ailəsi mənzillə təmin edilib. Bu binaya köçürülən ailələrin əvvəl yaşadığı binalarla bağlı Fövqəladə Hallar Nazirliyinin rəyi var ki, hər an uçmaq təhlükəsi var. Qeyd edək ki, bu proses bu gün uğurla, mərhələ-mərhələ davam etdirilir. Yəqin ki, cari ildə də bu işlər mərhələli şəkildə davam etdiriləcək”.

Millət vəkili Fəzail İbrahimli Metbuat.az-a açıqlamasında bildirib ki, dünyaya meydan oxuyan, demokratiyanın beşiyi olan Avropa 100 min, 200 min, 500 min qaçqının əlində aciz qalıb, qapılarını insanların üzünə bağlayıb:

“Bir tərəfdən siyasət yeridib öz ölkələrindən didərgin saldılar, bir tərəfdən də qəbul etmədilər. Yəni məqsəd bu oldu ki, insanlar məhv olsun. Amma Azərbaycan özünün ən ağır dövründə, müharibə vəziyyətində, iqtisadi durumunun zəif olduğu dövrdə 1 milyon qaçqını öz ağuşuna aldı. Dövlətimiz bu günə qədər də bu problemi həll etməkdədir. Ötən il 12 min köçkün yeni mənzilə köçübsə, bu il bu rəqəm 20 min olacaq. Bu qədər məcburi köçkün yeni mənzilə sahib olacaqsa, artıq bunu şərh etməyə ehtiyac yoxdur. Qaçqın və məcburi köşkünlərlə bağlı aparılan dövlət siyasəti özünü doğruldur. Ölkəmizdə cəmiyyətin ən həssas təbəqəsinə ən həssas münasibət göstərilir. Bu sahədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətini də çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, burada Komitənin sədri Əli Həsənovun da fəaliyyəti çoxdur. İnanıram ki, bundan sonra da prezident İlham Əliyevin bu məsələ ilə bağlı göstərişi çox uğurla həyata keçiriləcək. Bu il 20 min insanın vətən, torpaq nisgili qalsa da, heç olmasa yaşayışı təmin olunacaq”.

Günay Elşadqızı / METBUAT.AZ

“Ermənistan heç bir müstəvidə bizimlə müstəqil danışıq apara bilməz” – Fazil Mustafa - MÜSAHİBƏ / FOTOLAR / VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI