Bu barədə “Report”un Şərqi Avropa bürosuna Rumıniyanın Azərbaycandakı sabiq səfiri, professor Tahsin Cəmil məlumat verib.
Onun sözlərinə görə, nümayəndə heyəti Kluj şəhərindəki Babeş-Bolyai Universitetində Azərbaycan Mədəniyyət Mərkəzinin açılışında iştirak edəcək.
“Ötən gün universitet Senatı ADU ilə saziş layihəsini təsdiq edib və rəhbərlik etdiyim Türkologiya İnstitutunun nəzdində Azərbaycan Mədəniyyət Mərkəzi yaradılacaq”, - deyə T. Cəmil bildirib.
Rumıniyanın aparıcı ali təhsil ocaqlarından biri olan Babeş-Bolyai Universitetində hazırda dünyanın 18 ölkəsinin mədəniyyət mərkəzi fəaliyyət göstərir.
“Babeş-Bolyai Universiteti bir daha sübut edir ki, bu təhsil ocağı Rumıniayda multikultural bir ali təhsil ocağıdır. Burada 4 ilahiyyət fakültəsi fəaliyyət göstərir. Ali təhsil ocağında açılacaq Azərbaycan Mədniyyət Mərkəzi isə sayca 19-cu olacaq. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin adının verilməsini təklif etdiyim mərkəzdə istərdim ki, rumın tələbələr Azərbaycan dili, ölkənizin tarixini və ədəbiyyatını öyrənsinlər”, - deyə o, əlavə edib.
T.Cəmil vurğulayıb ki, gələcəkdə tələbələr arasında kifayət qədər maraq yaranarsa “Azərbaycan dili və ədəbiyyatı” fakülətsinin açılması məsələsi ali təhsil ocağının rəhbərliyi qarşısında qaldırıla bilər.