“Dilqəm və Şahbaz məsələsi onların marağında deyil” – Aydın Mirzəzadə

Xəbər verdiyimiz kimi, ötən həftə Beynəxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı girovlar – Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib.

Zamanla bu barədə məlumatlar yayılır, onlar barədə ailələrinə iki sətrlik məlumat çatdırılır. Ancaq illərdir ki, bu məsələnin həlli ilə bağlı Qərb dövlətləri, beynəlxalq təşkilatlar Ermənistana qarşı heç bir addım atmır və tələb irəli sürmürlər. Maraqlıdır, lazım olan məsələlərlə bağlı dərhal hərəkətə keçən beynəlxalq təşkilatlar, nəyə görə illərdir bu məsələ ilə bağlı heç bir addım atmır?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə deyir ki, açıq demək lazımdır ki, bu sadəcə olaraq onların marağında deyil: “Bu gün hansısa Avropa ölkəsinin və yaxud da beynəlxalq təşkilatın marağında olan bir şəxslə bağlı dərhal beynəlxalq kompaniya aparırlar. Bütün düzgün və ya düzgün olmayan yollarla həmin məsələnin həllinə çalışırlar. Amma bu gün ortada iki azərbaycanlının işğal olunmuş Azərbaycan ərazisində zorla saxlanılması və onların üzərində qeyri-qanuni məhkəmə qurularaq, qeyri-qanuni həbsə məhkum edilməsi var.

Azərbaycanın işğal edilmiş ərazisində qurulan saxta rejim Azərbaycan vətəndaşına qarşı cəza tədbiri görür. Beynəlxalq təşkilatlar buna qiymət vermək, böyük dövlətlər bu məsələyə sərt mövqe sərgiləmək əvəzinə məsələni öz aramızda həll etməyə çağırırlar. Ona qalsa, gərək İkinci Dünya Müharibəsində Avropa ölkələri və Amerika Hitlerə qarşı SSRİ ilə koalisiyaya girməyəydi. Bildirəydilər ki, bu məsələni Hitlerlə SSRİ-i öz aralarında həll eləsin. Biz təəssüflənirik ki, belə ikili standartlar, soyuq münasibətlər var.


Müəyyən vaxtdan bir girovluqda olan iki vətəndaşımız barədə sadəcə iki sətrlik məlumat gətirilməsi məsələnin həlli deyil. Məsələ kordinal həll edilməlidir. Ermənistandan tələb edilməlidir, onlara qarşı sanksiyalar tətbiq edilməlidir. Eyni zamanda, Ermənistandan insan hüquqlarını qorumağa, ərazi bütövlüyünə hörmət etmək tələb edilməlidir. Bunu isə biz görə bilmirik və Azərbaycan bu haqsızlığa qarşı çox təəssüf ki, tək mübarizə aparmalı olur”.

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov bu gün açıqlamasında bildirib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni girovluğundan azad edilməsi üçün bir neçə beynəlxalq təşkilata müraciət edilib: “Bu məsələ ilə bağlı tərəfimizdən iş aparılır. Azərbaycanda saxlanılan erməni diversantların dəyişdirilməsi məsələsinə baxıla bilər”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycan vətəndaşı Elnur Hüseynzadə isə ötən ilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.

Azərbaycanda hazırda 2 erməni diversant - Arsen Baqdasaryan və Zaver Karapetyan saxlanılır. A. Baqdasaryan Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Günay Elşadqızı / METBUAT.AZ

“BMT öz nüfuzunu düşünməlidir” - Rövşən Rzayev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI