Bakı, 14 aprel, AZƏRTAC
“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi (İB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Ulu Öndər mirasıdır yurdum Azərbaycan!” layihəsi çərçivəsində Mingəçevir şəhərində tədbir keçirib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, tədbir gənclərin iştirakı ilə Gənclər evində təşkil olunub.
Tədbiri Birliyin sədri İsgəndər Ağakişiyev açaraq İB-nin yaranma səbəbi, məqsədi, hazırda həyata keçirilən layihə və donor haqqında məlumat verib.
Sonra Birliyin sədr müavini Vüsal Mirzəyev çıxış edərək İB-nin həyata keçirdiyi layihələrdən danışıb.
Layihənin eksperti, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının məsləhətçisi Elnur Bağırlı isə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə olunan uğurlardan bəhs edib. Ekspert bu gün Ulu Öndərin siyasi kursunun onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini bildirib, gənclərimizi Vətənə layiqli övlad kimi yetişməyə, qorxmaz və mərd olmağa səsləyib.
E.Bağırlı gənclərin fiziki, psixoloji və mənəvi sağlamlığının artırılması, gənclər arasında təbliğat işinin gücləndirilməsi üçün respublikamızda hər bir şəraitin yaradıldığını vurğulayıb.
Tədbir diskussiya şəklində davam etdirilib.