Millət vəkilləri və politoloqlar Metbuat.az-dan danışdı – 1 YAŞ

Xəbər verdiyimiz kimi, bu gün Metbuat.az xəbər portalının peşəkar fəalliyətə başlamasından bir il ötür.

2012-ci ildə yaradılan sayt 2017-ci il 21 fevral tarixindən etibarən peşəkar kollektivlə özəl xəbər istehsalına başlayıb. Fəaliyyətə başladığı ilk gündən on minlərlə oxucunun diqqətini cəlb edən Metbuat.az qısa müddət ərzində Azərbaycanın ən çox oxunan 10 xəbər saytı sırasına daxil olub.

Hazırda Metbuat.az “Liveinternet.ru” reytinq ölçən saytında informasiya portalları arasında ilk beşlikdədir. Saytın günlük izləyicilərinin sayı 100 min civarındadır.

Qeyd edək ki, millət vəkillərimiz, politoloqlarımız da Metbuat.az-ın 1 yaşı münasibətilə fikirlərini bildiriblər.

Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov – "Metbuat.az saytının 1 yaşını təbrik edirəm, kollektivinə uğurlar arzu edirəm. Bir yaşın özü də bir hesabat dövrüdür. Müşahidələrimə görə, bu müddətdə Metbuat.az saytı ölkədə baş verən hadisələrə operativ, obyektiv yanaşmağa, üzərinə düşən cəmiyyəti məlumatlandırma missiyasını layiqincə yerinə yetirməyə çalışır. Bu yolda Metbuat.az-a uğurlar arzu edirəm. Əminəm ki, saytınız üzərinə düşən missiyanı layiqincə yerinə yetirəcək."

Millət vəkili Elman Nəsirov – "Metbuat.az saytının 1 yaşının tamam olması münasibətilə təbrik edirəm. Qeyd edim ki, indiki zamanda, informasiya məkanında çoxsaylı saytların olduğu reallıqda seçilmək, özü üçün oxucu toplamaq, virtual aləmdə öz dəsti-xəttinə nail olmaq elə də asan məsələ deyil. Hesab edirəm ki, 1 il ərzində Metbuat.az bu missiyanın öhdəsindən şərəflə gələ bilib. Bu bir il ərzində özünüzə xeyli oxucu toplaya bilmisiz. Bunu həm də ona görə bilirəm ki, sizin saytınıza verdiyim açıqlamalar və onların oxunmasına baxdıqda, eyni zamanda digər yazıların da oxunma səviyyəsinə görə bu qənaətə gəlmək mümkündür. Sizə qarşıdakı illərdə yeni-yeni yaradıcılıq uğurları diləyirəm. Arzu edirəm ki, mürəkkəb dünyamızın reallıqlarının çatdırılmasında jurnalistlərimiz daha çevik olsun, daha peşəkar olsun. Potensial var, bunu daha da inkişaf etdirmək lazımdır. Xüsusilə də arzu edirəm ki, Azərbaycandakı çox ciddi dəyişiklikləri, ölkədə həyata keçirilən dərin siyasi, iqtisadi islahatları, beynəlxalq mövqelərinin güclənməsi ilə bağlı reallıqları saytınızda daha geniş, daha ətraflı şəkildə şərh edəsiz. Cənab prezidentin ölkənin həm daxili, həm də xarici siyasətində əldə etdiyi nailiyyətlər, xüsusilə də müstəqil xarici siyasətimiz və onun çox uğurlu nəticələrinin təbliğat və təşviqatı ilə bağlı bu gün daha çox ehtiyac var. Bu məsələlərdə arzu edirəm ki, saytınız hər zaman seçilsin və yeni-yeni uğurlara imza atsın. Eyni zamanda, imkanlarınız genişləndikcə, xarici dillərdə də informasiyanın yayımlanmasına nail olmağınız çox yaxşı olardı – rus, ingilis, fransız və s. Yəni o dillər ki, bu gün çox geniş yayılıb və o dillərdə Azərbaycan həqiqətlərinin dünya oxucusuna çatdırılması çox mühüm məsələdir. Təsadüfi deyil ki, informasiya məkanında qazanılan qələbə əslində digər cəbhələrdə qazanılan qələbənin fundamentidir, əsasıdır. Məsələyə bu məntiqlə yanaşdıqda, hesab edirəm ki, Metbuat.az üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilir və dediyim istiqamətlərdə də yeni-yeni uğurlar, nailiyyətlər arzu edirəm."

Millət vəkili Aydın Mirzəzadə - "Metbuat.az saytını bir illik fəaliyyəti münasibətilə təbrik edirəm. Qısa zaman fəaliyyət göstərməyinə baxmayaraq, mətbuat sahəsində özünün layiqli yerini tuta bilib. Bu saytda gündəlik məlumatlar operativ verilməklə yanaşı, eyni zamanda analitikliyə də üstünlük verir. Həm Azərbaycanda, həm beynəlxalq aləmdə baş verən hadisələri oxucuların diqqətinə çatdırmaqla onun yaxın yoldaşı olduğunu, onunla birlikdə dünyada baş verən hadisələri ayırd etməkdə ona sirdaş, məsləhətçi olmaq istədiyini çox xoş niyyətlə izah edir. Materialların çatdırılmasında operativ, professional, obyektivdir, qərəzdən və aqressiyadan uzaqdır. Metbuat.az-da həm tanınan, həm də yeni imzalar var. Bunun özü saytın uzunömürlü olacağına, onun tanınan, nüfuzlu informasiya mənbəyinə çevriləcəyinə bir daha dəlalət edir. Metbuat.az-a gələcək fəaliyyətində uğurlar arzu edirəm və onun fəaliyyətinin Azərbaycan dövlətçiliyinə həmişə fayda verəcəyinə inanıram."

Millət vəkili Tahir Mirkişili - "Metbuat.az-ı izləyirəm, sayt yeni yaransa da, informasiya axınında öz yeri və rolu var. Daha çox təhlil edilmiş materiallara rast gəlmək olur ki, bunu müsbət qiymətləndirirəm. İndi informasiya erasıdır, amma bu informasiya bolluğunda jurnalist peşəkarlığına böyük ehtiyac var. Arzu edirəm ki, Metbuat.az hər zaman inkişaf edərək, özünəməxsus və peşəkar informasiya mənbəyinə çevrilməkdə davam etsin."

Millət vəkili Rafael Cəbrayılov – "Metbuat.az saytı respublikamızın informasiya məkanında gənc informasiya vasitəsidir. Gənc olmasına baxmayaraq, auditoriyası kifayət qədər böyükdür. Metbuat.az-ın "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa riayət etməsi, insan hüquq və azadlıqlarını qoruması, demokratiyanın daha da inkişaf etdirilməsinə, azad sözün və azad fikrin qorunmasına xidmət etməsi onun əsas keyfiyyətləri kimi diqqəti cəlb edir. Düşünürəm ki, bunlar auditoriyasının geniş olmasının da əsas səbəblərindəndir. Hər zaman o fikirdə olmuşam ki, hər bir sənət sahibi demokratiyanın var olduğu ölkədə onun inkişaf etdirilməsinə çalışır. Amma mətbuat orqanları, jurnalistlər demokratiyanı sanki çiyinlərində daşıyıb gətirirlər. Metbuat.az-ın 1 yaşı münasibətilə bütün kollektivinizi ürəkdən təbrik edirəm və gələcək işlərində uğur arzu edirəm. Əminəm ki, Metbuat.az Azərbaycanda demokratiyanın daha da gücləndirilməsinə, azad fikrin, azad sözün inkişaf etdirilməsi uğrunda daima çalışacaq. Lazım gələndə səngərdə əsgərin yanında, zəhmətkeşin əkin sahələrində, haqlının yanında, haqsızın qarşısında olmağı bacaracaq. Metbuat.az-ın uğur qazanmasının əsas səbəblərindən də biri də odur ki, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun əsas prinsiplərini - xəbər yayımı prosesində obyektivliyi, vicdanlılığı, əsaslılıq, tərəfsizliyi, mənbəyə istinad etmək bacarığını kifayət qədər nümayiş etdirə bilir. Mənim də şəxsən əməkdaşlıq etməyimin səbəbi odur ki, bu saytda KİV haqqında Qanuna ciddi riayət edilir."

Millət vəkili Azər Badamov – "Metbuat.az-ın bir yaşı münasibətilə sizi təbrik edirəm və uğurlar arzu edirəm. Bu saytın fəaliyyətə başlamasından qısa müddət keçməsinə baxmayaraq, böyük bir yol qət edib. Metbuat.az Azərbaycan cəmiyyətinə ölkənin ictimai-siyasi xəbərlərin, beynəlxalq məlumatların çatdırılmasında operativ çalışır və daima millət vəkilləri, siyasətçilərlə sıx əməkdaşlıq edir. Düşünürəm ki, bu istiqamətdə götürülmüş fəaliyyət gələcəkdə də Metbuat.az-a böyük uğurlar gətirəcək. Sizə bu yolda böyük uğurlar arzu edirəm."

Millət vəkili Fəzail İbrahimli – "Metbuat.az vətəndaşlıq mövqeyindədir, qərəzsiz mövqedədir. Daha çox təhlillərə üstünlük verir, Azərbaycanın ictimai-siyasi, mənəvi, elmi həyatı ilə bağlı olan məsələlərə daima obyektiv yanaşır, hansısa sifarişlə olan kiminsə heysiyyatına toxunmadan fəaliyyət göstərir. Sizin saytınızı daima belə görmüşəm. Mənə elə gəlir ki, bu sayt daha da uğurlu olacaq. Kiməsə qərəzli və diqtə ilə hərəkət edən saytların ömrü heç vaxt uzun olmur, onlar hər zaman insanların qəlbində qara rəngə dönür. O saytlara mən heç vaxt açıqlama vermirəm. Sizin saytınıza isə hər zaman müsahibələr verirəm. Sizi təbrik edirəm, fəaliyyətinizdə uğurlar arzu edirəm. Cəmiyyətin qarşısında üzünüz daima ağ olsun."

Millət vəkili Zahid Oruc – "Siyasət adamı, Parlament təmsilçisi kimi deyə bilərəm ki, fəaliyyət göstərdiyiniz müddətdə aldığımız telefon zənglərindən, informasiya məkanında izlədiyimiz qədərilə görürük ki, Metbuat.az saytı öz yerini qazanan və uğurla özü haqqında fikir formalaşdırmağa qadir olan portallardan biridir. Hesab edirəm ki, Azərbaycan cəmiyyətində ümumən götürəndə müəyyən bir rəqabət prosesinin olmağına baxmayaraq, orijinallıq olanda, ictimai-siyasi prosesləri dəqiq görmək imkanlarına malik olanda, bütün bu məsələləri həll eləmək olur. Buna da ehtiyacımız böyükdür, çünki cəmiyyət özü-özlüyündə ekranlardan təəssüratlarını formalaşdıra bilər, amma dəqiq qərarlar qələm əhlindən gəlir, üçüncü adamların vasitəsilə olur. Bu mənada Metbuat.az düşünürəm ki, baxış bucaqlarına görə, müsbət mənada fərqlənir və uğurlu bir layihəni gerçəkləşdirə bilir. Bütün bunlara rəğmən, düşünürəm ki, Azərbaycan cəmiyyətini hər zaman qoruyan qüvvələrin sırasında Metbuat.az-ı və bu cür digər saytlarımızı qeyd etməliyik. Onlar siyasi döyüşdədilər, müəyyən mənada savaşdadılar. Çünki hüquq müharibə anlayışı özündə onu ehtiva edir ki, vuruşmalar təkcə real coğrafiyalarda olmur, həm də virtual aləmdə olur. Komandanıza uğurlar arzu edirəm, düşünürəm ki, Metbuat.az gələcəkdə öz sıralarını daha da genişləndirəcək, Azərbaycanın siyasi həyatında özlərinə layiq yer qazanacaqlar."

Millət vəkili Elman Məmmədov – "Metbuat.az-ın 1 yaşını təbrik edirəm və uğurlar arulayıram. Sizin fəaliyyətiniz qaneedici, düzgün fəaliyyətdir. Uğurlar arzulayıram və sizə təşəkkür edirəm."


Politoloq Arzu Nağıyev – "Düşünürəm ki, Metbuat.az bu gün öz sözünü deyə bilən xəbər portallarından birinə çevrilməkdədir. Çünki hiss olunur ki, orada öz işinin peşəkarı olan şəxslər fəaliyyət göstərir. İstər siyasi, istər iqtisadi məsələlərdə hər zaman təhlillərə yer verən bir portaldır. Bundan da artıq işlər görəsiniz, peşəkar fəaliyyəti genişləndirmək üçün əsas kadr potensialıdır, ona görə də kadr potensialınızı daha da gücləndirəsiz. Metbuat.az-ın bir ildə əldə etdiyi nailiyyətlər çox mühüm əhəmiyyət kəsb edir. Çünki hər bir portalın işi deyil ki, bir ildə öz fəaliyyətlərini belə peşəkar səviyyəyə çatdıra bilsinlər. Təbrik edir və uğurlar arzu edirəm."

Politoloq Mübariz Əhmədoğlu – "Metbuat.az-ın 1 yaşını təbrik edirəm və uğur arzu edirəm ki, bundan sonra da belə uğurlu fəaliyyət göstərəsiz. Bu sayt Azərbaycanın ictimai-siyasi həyatına ən sürətlə daxil olan çox azsaylı saytlardan biridir. Azərbaycanın mətbuat aləmi çox zəngindir, çox genişdir, burada hər cür mətbu orqanlar var. Belə olan halda dediyim kimi, sizin saytınız çox ciddi şəkildə tez müddətdə ölkənin ictimai-siyasi həyatına daxil oldu. Çalışırsınız ki, Azərbaycanla bağlı mühüm məlumatlar dünya ictimaiyyətinə də çatdırılsın, ən vacibi odur ki, bizim öz ictimaiyyətimiz mümkün qədər çox informasiya alsın və və doğru-düzgün informasiya əldə etsin. Bu işdə də sizin fəaliyyətinizdə yenilik görürəm, uğur arzu edirəm. Hər bir cəmiyyətdə neqativ hadisələr var, istəyərdim siz də o cür hadisələrə az diqqət verəsiz. Hər zaman ictimai-siyasi məzmunlu, dövlət əhəmiyyətli məlumatları daha da geniş işıqlandırasız. Metbuat.az-ı uğurlu sayt hesab edirəm və bu işdə sizə daha böyük uğur arzu edirəm."

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI