Şahin Mustafayev: “Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir”

09:12 11 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 11 Yanvar 2015 08:38 ]

2014-cü ildə 5560 sahibkara 295 milyon manat güzəştli kredit verilib

Bakı-APA. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, bu gün ölkənin payı 75 faizə yüksəlib. APA-nın məlumatına görə, bu barədə yanvarın 10-da Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.

 

Onun sözlərinə görə, son 5 ildə iqtisadiyyatın artımı əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunub, ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 47 faizdən 60 faizə çatıb.

 

“Ötən il Dünya İqtisadi Forumunun növbəti hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci olmaqla artıq 6 ildir ki, MDB ölkələri arasında birincidir.

 

2014-cü ildə ümumi daxili məhsulun real artım tempi 2,8 faiz təşkil edib ki, bu da,  qeyri-neft sektorunun 7 faizlik artımı hesabına təmin olunub. Xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 9 faiz civarında olub, strateji valyuta ehtiyatları xarici borcu dəfələrlə üstələməklə 5 illik idxal səviyyəsinə çatıb.

 

Dövlət büdcəsinin gəlirləri 18,4 milyard manat, xərcləri isə 18,7 milyard manat təşkil edib, qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalar 19,5 faiz artıb. Regionların sosial-iqtisadi inkişafının uğurlu nəticəsi olaraq regionlardan vergi daxilolmaları 9,8 faiz artıb.

 

Hesabat ilində informasiya və rabitə xidmətlərinin həcmi 15,1 faiz, nəqliyyat sektorunda yük daşınması 1,7 faiz, pərakəndə əmtəə dövriyyəsi 10 faiz, əhaliyə göstərilən pullu xidmətlər 7,2 faiz artıb.

 

Ötən il ölkə iqtisadiyyatına investisiya qoyuluşu 27 milyard dollar, o cümlədən daxili investisiyalar 16 milyard dollar, xarici investisiyalar 11 milyard dollar təşkil edib. Dövlət investisiyaları hesabına Şəmkirçay dəryaçası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsi və digər obyektlər istifadəyə verilib, bir sıra magistral və 1 milyon nəfərə yaxın əhalisi olan 597 yaşayış məntəqəsini birləşdirən 1295 kilometr kənd yolları çəkilib.

 

Hazırda təhsil və səhiyyə müəssisələrinin, birinci Avropa Oyunları üçün idman obyektlərinin tikintisi, 43 şəhər və rayon mərkəzlərində su və qaz təchizatının yaxşılaşdırılması, kanalizasiya şəbəkəsinin yenidən qurulması layihələri uğurla davam etdirilir.

 

Ötən il regionlarda 410-dan artıq sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, 530-dan artıq müəssisənin tikintisi davam etdirilir. Sosial sahələrin inkişafı diqqət mərkəzində saxlanılıb, il ərzində regionlarda 190-dan çox tədris müəssisəsi, 60-dan çox tibb ocağı, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı təmir olunub.

 

 2014-cü ildə aqrar sektorda dövlət dəstəyi tədbirləri davam etdirilib, istehsalçılara əlavə güzəştlər tətbiq edilib. Hazırda kənd təsərrüfatına yararlı torpaqlardan və su resurslarından səmərəli istifadə olunması məqsədilə dövlətin dəstəyi ilə 12 rayonda 30 min hektardan artıq sahədə 19 iri fermer təsərrüfatının yaradılması işləri aparılır.

 

Ş. Mustafayev qeyd edib ki, Şəmkirçay dəryaçasının istifadəyə verilməsi yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunmasına geniş imkanlar yaradır. Onun sözlərinə görə, ötən il  Şəmkirdə təməli qoyulmuş özəl pilot aqroparkında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması, logistik xidmətlərin göstərilməsi və hazır malların satış üçün ölkə bazarlarına çıxarılması və ixrac edilməsi zəncirinin təşkili nəzərdə tutulur.

 

“Samur-Abşeron suvarma sistemi hesabına isə Xızı rayonunda aqroparkların yaradılması məqsədilə baş plan hazırlanır.

 

Aqrar sektorda son illər görülən işlər ötən ilin 11 ayında meyvə ixracının 12,5 faiz, tərəvəz ixracının 28,6 faiz artırılmasına imkan verib.

 

2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilib. Bu layihələr üzrə 12500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Fond tərəfindən maliyyələşdirilmiş güzəştli kreditlər hesabına 2014-cü ildə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilib. 2015-ci ildə isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir.

 

İnflyasiya 1,4 faiz təşkil etdiyi halda əhalinin gəlirləri 4,8 faiz, orta aylıq əmək haqqı 4,2 faiz artaraq 443 manata çatıb. Dövlət büdcəsindən sosialyönümlü xərclərə 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldilib.

 

Məşğulluq səviyyəsi artıb, 123 mindən çox yeni iş yeri yaradılıb, işsizlik səviyyəsi 4,9 faizə, yoxsulluq səviyyəsi 5 faizə enib”, deyə nazir qeyd edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368679

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR