“Pakistan hər zaman Azərbaycanın güclü və qüdrətli olmasında maraqlı olub” – Zahid Oruc

Azərbaycanla Pakistan arasında yaxın əlaqələrin olması heç kim sirr deyil .

Ölkələrimiz arasında bir çox sahədə əlaqələrimiz mövcuddur. Pakistanda Azərbaycan çox sevilir, bunu hakimiyyətdə olan bütün siyasətçilərdən də eşitmək mümkündür.

Maraqlıdır, məsafəcə o qədər də yaxın olmayan Pakistan dövləti ilə bu qədər yaxın və yaxşı əlaqələrimizin olmağının, Pakistanın Azərbaycanı bu qədər sevməsinin səbəbi nədir?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Zahid Orucun sözlərinə görə, ölkələrimiz arasında münasibətlər Sovetlər Birliyi dağılandan sonra uğurlu fundament üzərindən inkişafa başlayıb: “Bu əlaqələr 1993-ccü ildən sonra daha da şaxələnib, genişlənib və möhkəmlənib. Birinci növbədə əlbəttə ki, hər iki ölkənin əhalisinin mütləq əksəriyyəti İslam etiqadlıdır. Bu cəhətdən biz nəzərə almalıyıq ki, dini əlaqələr münasibətlərin quruculuğuna müsbət təsir göstərir. Amma dinlər fərqli olsaydı belə, Pakistan əhalisində Azərbaycana gerçək sevginin tarixi kökləri var. Bunlar isə müxtəlif dövrlərdə yaşanıb. Həmin ölkəyə az sayda olsa da Azərbaycandan gedənlər var. Onlar özlərilə müəyyən ənənələri də aparıblar və Pakistanın çox önəmli günlərində, savaş zamanında, müharibə dövrlərində iştirak edirlər. Bu da öz-özlüyündə azərbaycanlılara münasibətə yaxşı təsir edir.

İkinci tərəfdən, Pakistanın 1991-ci ildə Azərbaycanın müstəqilliyini ikinci tanıyan ölkə olması səbəbindən əlaqələr ilk dövrdə hərbi-siyasi səviyyədə inkişaf eləməyə başladı. Bildiyiniz kimi, bu ölkə ümumən Amerika Birləşmiş Ştatlarının Asiya qitəsində yaxın müttəfiqi olub. Bu da ona imkan verib ki, daxildə yaşadığı böyük problemlərə, Kəşmir ərazisinə görə Hindistanla yaşadığı dövlətlərarası müharibəyə baxmayaraq, özünün hərbi resurslarını, sənaye komplekslərini yüksək səviyyəyə çatdırıb. Əhalinin özünəməxsus sosial-iqtisadi problemləri var və bunu Pakistanda hakimiyyətə gələn hər bir siyasi qüvvə bəyan edir. Ancaq digər yandan ən önəmli məsələ odur ki, Pakistan dövləti hər zaman Azərbaycanın bu regionda hərbi imkanlarını artırması, siyasi əlaqələrini genişləndirməsi və müxtəlif beynəlxalq təşkilatlarda özünün güclü və qüdrətli olmasında maraqlı olub. Bunun əksinə, Pakistan Ermənistanla hər hansı siyasi münasibət qurmaqdan imtina edib, orada səfirlik açmayıb, tanınmağa getməyib və prinsipial şəkildə Azərbaycan mənafelərini özünün xarici siyasətində hər zaman önəmli bir yerə qoyub. Ona görə də gördüyünüz kimi, informasiya resurslarında Pakistan rəhbərinin Azərbaycana səfəri və yaxud ölkəmizin birinci xanımının adından bu ölkədə müxtəlif humanitar və sosial aksiyaları reallaşdırması və bunun da ölkələrimiz arasında daha da yaxşı körpü salması yönündə işlər görülüb. Bu gün bu əlaqələr getdikcə dərinləşməkdədir, biz bunu çox arzulayırıq”.

Millət vəkili deyir ki, bildiyiniz kimi, həmin ölkənin Silahlı Qüvvələrinin təmsilçiləri dəfələrlə bəyan ediblər ki, Qarabağ məsələsində onlar Azərbaycanın bütövlüyünü müdafiə edirlər və torpağımız uğrunda savaşda real olaraq gəlib döyüşməyə də hazırdılar: “Bununla bağlı məsələlər inkişaf etdirilə və hərbi müttəfiqlik sazişi imzalamana bilər, o cümlədən həqiqətən də qarşılıqlı olaraq bu cür yardımlar həyata keçirilə bilər, bunlar realdır. Buna mane olmaq da çox çətindir. Pakistan hər zaman bütün siyasi riskləri qarşısına alaraq bu yöndə addım atmağı özlərinin açıqlamalarında, mövqelərində ifadə edirlər. Bizim ölkəmizdə də hər zaman Pakistana xoş münasibət olub. Onların Azərbaycanda təmsil olunan səfirləri həmişə bu mövqeni dilə gətiriblər. Mənim üçün yeni dövrdə daha geniş tanışlıq və Pakistana səfər çərçivəsində bunları görmək, bilmək, aydınlaşdırmaq imkanları hələ ki, olmayıb. Yəqin ki, qarşıdakı dövrlərdə bunlar da reallaşacaq və biz müsəlman dövləti kimi dünya çapında özünəməxsus yeri, çəkisi olan ölkə ilə əlaqələrimizi parlament diplomatiyası xətti ilə də genişləndirəcəyik və möhkəmləndirəcəyik”.

Günay Elşadqızı / METBUAT.AZ

“Ermənistan özü heç zaman Azərbaycanla müharibə apara bilməz” – Rufiz Qonaqov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI