"Məşhur tələbə yoldaşım": "Nailə televiziyaya qayıtmaq istəyir" - FOTO

"Məşhur tələbə yoldaşım": "Nailə televiziyaya qayıtmaq istəyir" - FOTO
12:27 11 Yanvar 2015
970 Sosial
Ölkə mətbuatı
A- A+

Modern.az saytının “Məşhur tələbə yoldaşım” rubrikasının budəfəki qonaqları Bakı Slayvan Universitetinin Elmi işlər üzrə prorektoru Seyfəl Həsənov və ibtidai sinif müəllimi Nəcibə Nəzirovadır. Onlar tanınmış diktor, əməkdar artist, yayımlandığı dönəm populyar olan “Ailələr, talelər” verilişinin müəllif və aparıcısı olmuş Nailə İslamzadə haqqında danışırlar:

Seyfəl Həsənov: “Nailə xanım qəşəngliyi ilə diqqətimizi cəlb etdi”

“Nailə İslamzadə ilə mən bir kursda oxumuşuq. 1978-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (indiki Bakı Slavyan Universiteti) rus dili və ədəbiyyatı fakültəsinə daxil olmuş, 1983-cü ildə də bitirmişik. Nailə xanımın həmin sahəyə meyli var idi. O vaxtlar meyli olmayan, hazırlıqsız adam oraya daxil ola bilməzdi. Çünki çox böyük müsabiqələr vardı. Nailə xanım da çox yaxşı oxuyub.

Biz mehriban nəsil olmuşuq. O vaxt mehriban olmaya bilməzdik. Bir yerdə tələbə inşaat həftələrinə, pambıq yığmağa gedirdik, dərsdənkənar tədbirlərimiz çox olurdu. Ona görə də bir yerdə olmağa, bir-birimizlə ünsiyyət qurmağa imkanımız və vaxtımız çatırdı. Təvazökarlıqdan bir az kənar olsa da, biz intellektual tələbələr olmuşuq. Daha çox bu səpkidə söhbətlərimiz olurdu.

Nailə xanım qrupumuzdakı qəşəng qızlardan biri idi. Biz də cavan idik, gözəl qızları görməyə bilməzdik. Ona görə diqqətimizi cəlb etdi. Sonra Nailə xanımla dostlaşdıq, yaxın, səmimi dost olduq. İndi də dostluğumuz davam edir. Həftədə bir neçə dəfə zəngləşir, görüşür, söhbətləşirik. Dünyada nə olur-olsun, Nailə xanım öz dostluğundan, əqidəsindən, yoldaşlığından imtina edən deyil.

Nailə xanımın tələbəlik dövründəki xarakteri ilə indiki xarakteri arasında fərq olduqca azdır. Çox səmimi, savadlı, mehriban bir dost, tələbə yoldaşımızdır. Mən onu çox ziyalı, savadlı, hörmətli, mədəniyyətli bir şəxsiyyət kimi tanıyıram”.

“Nailənin apardığı proqramlara baxıb müzakirə edirdik”

“Beşinci kursda oxuyanda Nailə xanım artıq Azərbaycan Televiziyasında diktor işləyirdi. Təbii ki, biz buna sevindik, təbrik də etdik, ürək-dirək də verdik. Hər dəfə proqrama baxıb onun görüntülərini, diksiyasını, nitqini müzakirə edirdik. Biz həm də filoloq idik axı. İmkan olanda, görəndə ki, Nailə danışır, təbii, ona baxırdıq. Nailə ilkin olaraq daha çox “Xəbərlər”də idi, sonra “Ailələr, talelər” verilişini apardı. Nailə xanımın təfəkkür tərzi şəxsən mənim üçün çox maraqlıdır, ona görə izləyirdik. Onu diktor kimi lap yüksək qiymətləndirirəm. Nailə xanımı ən çox tanıtdıran onun mədəniyyəti, tərbiyəsi, şəxsiyyətidir. O, öz sahəsi üzrə getsəydi də, hesab edirəm ki, bundan az uğur qazanmazdı.

Nailə xanım həyatda efirdəkindən də mədənidir. Neytral vəziyyətlərdə sakit adamdır. Amma lazım olanda qızışmağı da bacarır. O güclü insandır. Bu insanın şəxsiyyəti bütövdürsə, təmizdirsə, səmimidirsə, o dəyişə bilməz. Tanınandan sonra özünü çəksin, yuxarı qoysun - belə şeylər indi də Nailə xanımda yoxdur, o vaxt da olmayıb.

Nailə xanımın bütün kursla münasibəti yaxşı idi. Biz ali məktəbi bitirəndən 25 il sonra bir görüş keçirdik. Böyük akt zalında 500 nəfərə yaxın adam var idi. O, içəri girən kimi hamı bildi ki, Nailə gəlir... Hamımız Nailəni çox istəyirik. O vaxt biz “Nailə” deyirdik, indi daha “Nailə xanım” deyirik.

Ona arzum budur ki, həmişə cavan qalsın, öz xasiyyətinə sədaqətli olsun, üzü gülər olsun. Oğlu İslamın uşaqlarını oynatsın, nənə olmağın ləzzətini çəksin”.

Nəcibə Nəzirova: “O, televiziyaya qayıtmaq istəyir”

“Nailə xanımla bir “potok”da oxumuşuk. Slavyan Universitetinin rus dili ədəbiyyatı fakültəsində təhsil almışıq. Nailə ilə ilk tanışlığım yadımdadır: auditoriyada yığılanda gördük, hündür, qamətli, gözəl, suyuşirin bir xanım içəri girdi. Hamı istər-istəməz ona baxdı, danışığını eşidəndə daha da valeh olduq. Nailə çox səmimi, mehriban, davamiyyəti yaxşı, dərslərini həmişə əla oxuyan - hərtərəfli qız idi. Onunla rəfiqə olmuşuq. İndi də əlaqələrimiz var. Uşaqlarımızın toylarında iştirak edirik, onun evində olmuşuq. Tələbəlik vaxtı da tez-tez bizi evinə dəvət edirdi, çay süfrəsinə qonaq olurduq, maraqlı əhvalatlar danışırdıq.

Tələbəlik vaxtı Nailənin jurnalistikaya - televiziyaya marağı var idi. Həmişə aparıcılardan, diktorlardan - Tamilla Ələkbərova, Rafiq Hüseynov, Roza Tağıyeva, Şərqiyyə Hüseynovadan danışırdıq. Əsas Rafiq Hüseynovu bəyənirdi. Ona görə də Nailənin diktor olmağına təəccüblənmədim. Görkəmi də televiziyaya uyğun idi. Müəllimliyə də marağı var idi. Hərtərəfli qız idi, hər şeyə maraq göstərirdi. Yəqin, o sahəyə daha çox marağı olub ki, televiziyaya gedib. Tələbə yoldaşları kimi çox sevinir, demək olar, hər verilişini izləyirdik.

Nailə hərtəfərli diktordu. Onun Rafiq Hüseynov, Tamilla Ələkbərova kimi müəllimləri olub. Mən Rafiq Hüseynovu çox qiymətləndirirəm.

Nailəni çox izləmişəm. “Ailələr, talelər” verilişinə də əlbəttə, baxırdım. İndi Nailə az-az görünür. Zəng vuranda həmişə deyirəm ki, “sənin yerin televiziyada həmişə görünür. Niyə görünmürsən? Kanallara get, biriylə danış, yenə verilişi davam etdir”. Gözəl veriliş idi. Deyir: “Başqa şirkətdə işləyirəm. Çalışaram”. Məncə, qayıtmaq istəyir.

Nailə sakit, təvazökar, bir bacı kimi adama yol göstərən, çox savadlı, məsuliyyətli xanımdır. O, çox gözəl anadır. Eyni zamanda yaxşı rəfiqədir. Gedib-gəlməyi xoşlayandır. Məsələn, yoldaşım rəhmətə getdi, gəlmişdi. Həmişə bir-birimizə baş çəkirik. Ona həyatda xoşbəxtlik, can sağlığı arzulayıram. Nailə həmişə mənim üçün yol göstərən bir bacı olub”.

Milli.Az













Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318447.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR