“Qarabağdakı vəziyyəti daha da gərginləşdirməyə çalışırlar” – Siyasi şərhçi

Xəbər verdiyimiz kimi, Türkiyənin baş naziri Binəli Yıldırım ötən gün “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı zamanı Dağlıq Qarabağ məsələsinə də toxunub.

Metbuat.az-ın məlumatına görə, Baş nazir bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın qanayan yarasıdır: “Azərbaycanın 20 faiz torpaqları işğal olunub, 1 milyondan çox insanı qaçqın və məcburi düşüb. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, münaqişə hələ də həllini tapmayıb. İnanıram ki, gec-tez haqq yerini tapacaq, yanlışlığa yol verənlər cavablarını alacaqlar”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən siyasi şərhçi Ceyhun Əhmədli bidirib ki, Türkiyə rəhbərliyinin belə bir açıqlama verməsi təqdirəlayiq haldır, həm də gözləniləndir: “Çünki Türkiyə ilə Azərbaycan strateji müttəfiqdir və strateji müttəfiqlər hər zaman bir-birinə dəstək nümayiş etdirməlidir. Türkiyə dövlətinin rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı Azərbaycanın haqq mövqeyini həmişə müdafiə ediblər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ən ali kürsürlərdən Azərbaycan torpaqlarının 20%-nin erməni işğalı altında olması, 1 milyondan artıq Azərbaycan vətəndaşının öz yurdlarından didərgin düşməsi, eləcə də Xocalı soyqırımı və bu kimi hallarla bağlı dəfələrlə bəyənatlar verib”.

C.Əhmədlinin sözlərinə görə: “Azərbaycan dövləti bu münaqişəni hansı yolla olursa-olsun həll edəcək. Azərbaycan dövlətinin rəhbərliyi bəyan edir ki, sonuna qədər sülh yoluna sadiqik. Biz münaqişənin nizamlanması prosesində qan tökülməsini istəmirik, məsələnin danışıqlar yolu ilə ədalətli həllinə nail olmağa çalışırıq. Lakin bu, o demək deyil ki, münaqişənin həll olunmaısnda hərbi vasitə istisnadır. Azərbaycan ordusu Dağlıq Qarabağda hər an hərbi əməliyyatlara başlaya bilər və beynəlxalq hüquq da bu məsələdə Azərbaycanın qarşısında imkanlar açır. BMT nizamnaməsinin 51-ci maddəsində qeyd olunur ki, işğala məruz qalmış dövlət öz torpaqlarını ya təkbaşına, ya da digər ölkələrlə mütəffiqlik münasibətləri ilə hərbi yolla işğaldan azad etmək hüququna sahibdir.

O ki, qaldı Türkiyənin Dağlıq Qarabağda hərbi əməliyyatlar keçirməyinə, bu, məncə, mümkün deyil. Ermənistan tərəfi də elə buna nail olmaq istəyir. Əslində o şaiyələrin əsası ilk olaraq Ermənistan mətbuatında yayılıb. Burada məqsəd Azərbaycanın tarixi torpaqlarında Türkiyə-Rusiya qarşıdurmasını körükləməkdir. Ermənistan rəhbərliyi çox yaxşı bilir ki, Türkiyənin Dağlıq Qarabağa gəlməsi, orada anti-terror əməliyyatlarında iştirak etməsi Rusiyanı qıcıqlandıra bilər. Məqsədli şəkildə bu cür informasiyaları ortaya atmaqla Qarabağdakı vəziyyəti daha da gərginləşdirməyə çalışırlar”.

Günay Elşadqızı / METBUAT.AZ

“Dördtərəfli görüş və Bakı Bəyənnaməsi Ermənistanda təşvişlə qarşılanıb” – Elman Nəsirov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI