“Türkiyə İraq və Suriyada özünə təhlükəsizlik zolağı qurmalıdır” - Politoloq

Xəbər verdiyimiz kimi, PKK terrorçuları illərdir nəzarətdə saxladıqları Sincardan çıxaraq, bölgəni İraq ordusuna təhvil veriblər.

Metbuat.az-ın məlumatına görə, İraq Birgə Əməliyyatlar Komandanlığının sözçüsü general-mayor Yəhya Rəsul bildirib ki, 15-ci briqadaya bağlı olan birliklər, Sincar rayonuna və Sinun qəsəbəsinə keçərək ağır silahlarla bölgəyə yerləşiblər. Rəsul bildirib ki, PKK terror təşkilatı həmin bölgədən geri çəkilib.

Qeyd edək ki, PKK terror təşkilatı 3 avqust 2014-cü ildən İŞİD-in Sincardakı yezidilərə hücum etməyini bəhanə edərək həmin bölgəyə yerləşmişdi.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki gün öncə Trabzonda çıxışı zamanı Sincarla bağlı bunları deyib: “Afrinlə bu iş bitməyəcək dedik. PKK üzvləri Sincara doğru getdilər, Sincara da girəcəyik dedik. Orada da əməliyyatlar başladı. İçəridə də mübarizədir, çöldə də. Bizim dərdimiz terrorçulardır, biz, işğal dövləti deyilik. Onun qərbdə örnəkləri var. Bunu afrinli dostlarımız da çox yaxşı bilir. Bizim tariximizdə ədalət var, məzlumların yanında yer almaq var, zalımlarla bərabər olmaq yoxdur. O məzlumların yanındayıq”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Zaur Məmmədov bildirib ki, təbii ki, iş ancaq Afrinin terrorçulardan azad olunması ilə bitməməlidir: “İndi Türkiyənin əlinə yaxşı fürsət düşüb. Amerika və Rusiyanın başı bir-birinə qarışıb, Böyük Britaniya ilə Rusiya arasında gərginlik var. Türkiyə başını aşağı salıb İraq və Suriyada özünə təhlükəsizlik zolağı qurmalıdır. Türkiyənin milli təhlükəsizliyinə ciddi təhdidlər var. Ankara bu təhdidi bir qədər də özündən coğrafi cəhətdən uzaqlaşdıra bilər. ABŞ və Rusiya indiki halda Ankaraya “yox” deməyəcək. Çünki vəziyyət bunu tələb edir”.

Qeyd edək ki, Afrində keçirilən “Zeytunbudağı” əməliyyatı yanvarın 19-da başlayıb. Martın 18-də isə Suriyanın Afrin şəhəri terrorçulardan tamamilə azad edilib və şəhərin mərkəzində Türkiyə bayrağı qaldırılıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrinin nəzarət altında olduğunu bəyan edib. Bildirib ki, indiyədək keçirilən əməliyyatlarda 3603 terrorçu zərərsizləşdirilib.

Günay Elşadqızı / METBUAT.AZ

“Onlar anti-Azərbaycan qüvvələrin əlində alətdilər” – Vüqar Rəhimzadə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI