""Qarabağ" rəhbərliyi səhv etdiyini başa düşdü"

""Qarabağ" rəhbərliyi səhv etdiyini başa düşdü"
15:57 11 Yanvar 2015
176 İdman
Ölkə mətbuatı
A- A+

“Yaxşı oyun keçdi. Güclü komandaya qarşı mübarizə apardıq. Bizim futbolçular həvəskardır, bu səbəbdən yaxşı klub yaratmağa çalışırıq. “Xəzər Lənkəran” isə Azərbaycanın tanınmış komandalarından biridir. Düzdür, rəqibin indiki heyəti gəncdir. Buna baxmayaraq, bu qarşılaşma bizim üçün yaxşı təcrübə oldu. Görüş “fair play” qaydaları çərçivəsində keçdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın Antalyada keçirdiyi ilk yoxlama matçındakı rəqibi olan “Tekirdağspor” klubunun baş məşqçisi Tevfik Sayğılı deyib.
 
2:2 hesabı ilə başa çatan oyunda “Tekirdağspor” qələbəni son anda əldən verdi. 89-cu dəqiqədə qapılarına təyin olunan penalti zərbəsini gülüşlə qarşılayan Sayğılı nəticəyə görə narahat olmadığını söyləyib: “Yoldaşlıq matçında  qol da olar, penalti də. Əsas olan isə qol epizodları yaratmaqdır. Hakimlərin qərarını müzakirə etmək istəməzdim. Ötən il çalışdırdığım komanda ilə qış fasiləsində heç bir yoldaşlıq görüşündə qalib gələ bilmədik. Buna baxmayaraq, III dəstədə çempion olduq. Burada boşluqlarımızı aradan qaldırmağa çalışırıq. Hakimlər də səhvlərə yol verə bilərlər. Elə Superliqada da siz də bunun şahidi olursuz. Buna isə etiraz etməmək lazımdır”.
 
Sayğılı bildirib ki, Azərbaycanda çalışdığından “Xəzər Lənkəran” haqda məlumatlı imiş: “2006-cı ildə 6 ay “Qarabağ”da çalışmışam. Səfərdə “Xəzər Lənkəran”la oyun yadımdadır. Düzdür, həmin görüşün nəticəsini dəqiq xatırlamıram, səhv etmirəmsə, uduzmuşduq. O vaxtkı komanda indiki ilə müqayisədə çox güclü idi. “Qarabağ”dan niyə ayrıldım?  Sadəcə, şərtlərlə razılaşmadıq. 2 il sonra məni yenidən Azərbaycana çağırdılar. Həmin vaxt Rauf Əliyevi, Əfran İsmayılovu və Maksim Medvedevi tapıb üzə çıxarmışdıq. Bu futbolçular əsas komandaya gətirildikdən sonra millidən də dəvət aldılar. Sonradan “Qarabağ” rəhbərliyi səhv etdiyini başa düşüb, bizə “səhvimizi bilirik, yenidən gəlin” dedilər. Amma alınmadı. Çünki uşaqlarımız məktəblərini dəyişdirmişdilər. Oraya yaxşı işlər görmək üçün getmişdik. 5 illik müqaviləmiz olsa da, bu, bizə qismət olmadı. Yenidən Azərbaycana qayıtmaq istərdik”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR