“Ermənistandakı vəziyyət indi ancaq qana doğru gedir” – Mübariz Əhmədoğlu

Ermənistanın hakim Respublikaçılar Partiyası və “Daşnaksütun” partiyasının parlament fraksiyalarının birgə iclasında Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən irəli sürülüb.

Metbuat.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, iclas cəmi 5 dəqiqə çəkib. Ermənistan Respublika Partiyası fraksiyasının rəhbəri Vaqram Baqdasaryan bildirib ki, S. Sarkisyanın namizədliyi ilə bağlı səsvermə sabah parlamentdə keçiriləcək.

Qeyd edək ki, Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.

Ancaq Sarkisyanın baş nazir olmağına qarşı çıxanlar bir neçə gündür etiraz aksiyası keçirir. Bu gün Ermənistanda “Vətəndaş müqaviləsi” birliyi partiyasının şura üzvü Nikol Paşinyan tərəfdarları ilə birgə İrəvanda Baqramyan prospektini bağlayıb. Erməni KİV-lərinin məlumatında bildirilir ki, onlar yolun hərəkət hissəsində əyləşərək avtomobillərin hərəkətinə mane olublar.

İşə tələsən ermənilər isə yaranan vəziyyətə görə narazılıqlarını bildirirlər. Paşinyan narahatlığa görə üzr istəyib, amma eyni zamanda qeyd edib ki, siyasi aksiya davam etdirilir: “Biz narahatlıq verdiyimiz vətəndaşlardan üzr istəyirik. Lakin bu balaca narahatlıqla daha böyük narahatlıqdan - Serj Sarkisyan və Respublikaçı Partiyasından yayınmağa çalışırıq”. O, həmçinin qeyd edib ki, tezliklə digər küçələr də bağlanacaq. Qeyd edək ki, polis aksiyanın keçirildiyi ərazini mühasirəyə alıb.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlu bildirib ki, bu aksiyaların hökmən təsiri olacaq: “Ermənistanın saxta demokratiyasının iç üzü açılır. Düşünürəm ki, onların iç üzü daha da ifşa olacaq, çünki bildiyiniz kimi, bir neçə gündür orada etiraz mitinqi keçirilir. Təxminən 10 gün əvvəl “Vətəndaş müqaviləsi” birliyi partiyasının şura üzvü Nikol Paşinyan Gümrüdən İrəvana qədər, təxminən 114 km yolu bir dəstə etirazçı ilə birlikdə piyada gələrək etiraz yürüşü keçirdi. Ancaq Serj Sarkisyan bu günə qədər etiraz aksiyalarına hələ ki, heç bir reaksiya verməyib. Yəni, əslində Sarkisyan reaksiya verərək ortaya alternativ variantlar qoymalı idi. Bu o deməkdir ki, Serj Sarkisyan xalqın etirazı ola-ola hakim Respublikaçılar Partiyası Parlament fraksiyasının iclasını çağırdı və özünü baş nazirliyə namizəd kimi irəli sürdü. Əslində 2014-cü ilə qədər Serj Sarkisyan dəfələrlə demişdi ki, heç bir statusda Ermənistanda birinci şəxs postunda olmayacaq. Hətta o ilə qədər o aydın şəkildə deyirdi ki, başa düşmür ki, bir adam necə Ermənistanı idarə edən sükanın arxasında ola bilər. İndi isə dediklərini danır və üçüncü dəfə Ermənistana rəhbərlik eləmək istəyir. Əhali indi onun həm baş nazir postunda Ermənistana yenidən rəhbərlik etmək istəməsinə etiraz edir, həm də yalançılığına”.

Bundan sonra Ermənistanda nələrin gözlədiyinə gəldikdə isə politoloq bildirib ki, indiki mitinqlərə Nikol Paşinyan rəhbərlik edir: “O isə “episentrik” ağıla malikdir, yəni, heç kim onun hansı addım atacağını proqnozlaşdıra bilməz. Amma o, iki məsələdə təcrübəlidir, birincisi, qanlı mitinqlərin təşkilini, yəni, qana susamış mitinqləri təşkil etməyi bacarır. Qeyd edim ki, 2008-ci ilin 1 mart mitinqlərinin təşkilatçılarından biri də elə məhz Nikol Paşinyan idi. İkincisi isə o, Serj Sarkisyana qarşı çox aqressivdir. Çünki o dövrdə Serj Sarkisyan onu həbs elətdirdi. Düşünürəm ki, Nikol Paşinyan var qüvvəsilə çalışacaq ki, Serj Sarkisyandan qisasını alsın. Əgər qanlı mitinqlər olsa belə, Sarkisyan buna gedəcək.

2008-ci ilin 1 martında keçirilən qanlı mitinqin müəllifi də Serj Sarkisyan idi, sadəcə olaraq Sarkisyan sonradan prezident olduğuna görə, həmin mitinqin qanının günahkarı kimi o zamanki prezident Robert Koçaryanı göstərə bilmişdi. Amma indi də qan töküləcək və sübut olunacaq ki, indiki qanın da, 2008-ci ildəki qanın da tökülməyinin səbəbkarı Sarkisyandır. Yəni, dediyim kimi, Ermənistandakı vəziyyət indi ancaq qana doğru gedir. Düşünmürəm ki, Serj Sarkisyan hakimiyyəti əldən versin, çünki bu mitinqlər Sarkisyanın ölüm-dirim məsələsidir. Əgər Sarkisyan Nikol Paşinyan və onun başında duranları sıradan çıxarmasa, mitinqçilərdən ölən olmayacaqsa, hesab edin ki, onun özünü və ətrafında olanları öldürəcəklər. Yəni, Ermənistandakı mitinqlər ölüm-dirim məsələsini həll edir, gələcəyi yox”.

Günay Elşadqızı / METBUAT.AZ

“Regionda müstəqil geosiyasi aktor olmaq üçün ən düzgün seçim budur” – Ceyhun Əhmədli



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI