Mən kimdənəm? bitdi,.. (VİDEO)

Mən kimdənəm? bitdi,.. (VİDEO)
23:41 11 Yanvar 2015
229 Digər
Ölkə mətbuatı
A- A+

Baş verənlər dünyanı qorxulu səmtə aparır. Sivlizasiyalararası münaqişəni salmaq üçün bundan sərfəli mühit olmaz ki… Təsəvvür edin: islam aləminə rəxnə salınıb, daxili çəkişmələr. üç rikət-beş rikət savaşları, əlini qoynuna qoymadın qətlləri, başını düz əymədin, yerə yox, möhürə vurdun edamları, başını bağladın və ya düz bağlamadığına görə cəzalar islamı o kökə salıb ki, sanki hansısa, döyüş nöqtəsi mükəmməl artilleriya atəşinə məruz qoyulub və növbə indi piyadalarındır… Buyurun gəlin işğal edin… Kifayət qədər mütəşəkkil və sabit, güclü xristian düşərgəsi, dağınıq və parçalanmalardan xeyli zəifləmiş islam düşərgəsi üz-üzədir. Artıq Avropada islam adlı bir kabusun dolaşdığını iddia edənlər tapılır. Onlar özlərini, üzlərini gizlətmirlər. Baxmayaraq ki, hədislərə görə sonuncu imamın anası Narciz avropalıdır italyandır. Bu gün bütün Avropada anti-müsəmlan çıxışlarına rəvac verilir. Xülasə, biz bilmirik kim və nə vaxt, harada, amma mütləq nəsə edəcək… Bunun dəhşətili və irimiqyaslı nəsə ola biləcəyini də düşünürük. Ona görə də Qafqaz Müsəlmanları İdarəsi də da daxil olmaqla müsəlmanları idarə edən dini qurumların qanlı hadisəni lənətləyən bəyanatlarını həm də müəyyən bir qorxunun, ehtiyatın nəticəsi hesab edirəm…

Terror bütün hallarda bağışlanılmazdır. Ağır cinayətdir. Günahdır. Amma insanların dini əqidəsinə, dini inanclarına, onların müqəddəs saydıqlarına istehza edilməsi bundan səğir günah deyil. Müsəlmanlar ayrı-ayrı xristianların hərəkətinə görə İsanı təhqir etmirlər. Ona görə ki, İsa müsəlmanların da peyğəmbəridir. Və hələ indiyədək görməmişəm ki, İsanın anası Məryəmi dünyaya atasız övlad gətirdiyinə görə müsəlmanlar qınasınlar, dolasınlar, ələ salsınlar. Hətta biz o qədər alicənab ürəyə və məsum təbiətə malikik ki, Məryəm deyəndə ki, uşağın atası Allah özüdü, biz ona inanırıq… Arayışsız-filansız… Nəsə. Yetimin də Allahı var. Biz isə yetim deyilik. Başımızın üstünün Allahı da, bayrağı da yerindədir.

Daha bir dəfə müstəqilliyimizdən danışmaq istərdim...

Son zamanlar hökumətə opponentliyə aludə olan və o qədər aludə olan ki, sonda anti-hökumətdən anti-dövlətə necə keçdiyinin də fərqinə varmayan bəzi mətbuat vasitələrində Azərbaycanın siyasi kursunun dəyişməsi ətrafında həyəcən siqnalı çalınır. Guya dövlət Qərbyönümlü siyasətini Rusiyayönümlüylə əvəzləyib. Belə mətbu orqanlarının içində Azərbaycandan dəfələrlə artıq Amerika Birləşmiş Ştatları var. Yəni Azərbaycanda havalar da sanki dövlətin apardığı siyasət nəticəsində Birləşmiş Ştatlara nisbətdə qat-qat pis keçir. Burada hər şey pis, orada hər şey yaxşıdır. Hədd çoxdan aşılıb, sərhəd çoxdan pozulub.

Ötən il Azərbaycan prezidentinin AŞPA-da son çıxışı zamanı zala girməyə macal tapan və İlham Əliyevə hücum edənlərin düşərgəsində oturan yarımazərbaycanlıları, onlar yarı orda, yarı burda yaşadıqlarından belə adlandırıram, dövlət başçısı tərəfindən nəzakətlə yerinə otuzdurulmasını yəqin ki, unutmamısız. Azərbaycanın yürütdüyü kursdan çəkinməyəcəyi barədə Avropanın düz mərkəzində ən yüksək səviyyədə verilən bəyanatlar dövlətin öz müstəqilliyini heç kimə güzəştə getməyəcəyinin ifadəsi idi. İndi Azərbaycanda müstəqilliyə qəribə bir sinonim tapılıb. Qərb deyib kimlər isə əlaqədar təşkilatlar kimi səfeh ifadə altında ümumiləşdirməyəcək, hər şeyi öz adı ilə çağıracam: deməli müstəqilliyin və demokratiyanın təzə sinonimi tapılıb: Amerika. Amerika isə birmənalı toponim deyil. Onun Azərbaycanla bağlı siyasətində Bakını razı salmayan, elə bizim özümüzün ürəyimizcə olmayan bir sıra məqamlar var. Və ən qəribəsi də budur ki, Azərbaycının dövlət kursunu qəbul etməyənlər belə hesab edirlər ki, nə olursa olsun, nə baş verirsə versin, Azərbaycan mütləq Amerikanın yanında olmalıdır. Hətta yanda olmaq Azərbaycanın ziyanına olsa belə. Azərbaycan müstəqil dövlətdir! - yəni Rusiyadan asılı deyil, Birləşmiş Ştatlardan asılı deyil, İrandan asılı deyil, Nikaraquadan, Lixtenşteyndən asılı deyil… bu müstəqil olmaq deməkdir. Müstəqil olmaq Rusiyadan asılı olmayıb, Amerikadan asılı olmaq demək deyil. Və Azərbaycan heç vaxt əl basıb and içməyib ki, mən həmişə Amerikanın yanında olacağam. Belə bir andı elə Amerika Birləşmiş Ştatlar da heç vaxt içməyib. Ona görə də bu gün nə Birləşmiş Ştatların Azərbaycanın yanındalığı əbədidi, nə də Azərbaycanın Birləşmiş Ştatların yanındakı yeri. Dövlətin öz yeri, öz yolu var və bu yolda Amerika da, Rusiya da müxtəlif təyinatlı məntəqələrdir. İndi bəzi opponentlər prezidentin siyasətini təftiş edir. Guya Azərbaycan öz vektorunu dəyişib. Bunun belə olmadığını, Azərbaycanın əvvəlcədən tutduğu məqsədyönlü xətti davam etdirdiyini dövlət başçısı növbəti dəfə anlamayanlara izah etdi. Necə deyərlər, xüsusi olaraq kütlər üçün. Prezident anlatdı ki, ölkə müstəqil kurs aparır və onun əsas məqsədi də bu bağımsızlığı qorumaq və daha da gücləndirməkdir. İlham Əliyevin son çıxışında diqqətimizi çəkən xüsusi bir məzmun da var idi ki, bu da onun Ermənistanı faktiki olaraq müstəqil dövlət kimi tanımaqdan imtina etməsinə işarə vurması idi. Bəli Prezident Ermənistanı müstəqil dövlət kimi tanımır. Ona görə də Qarabağ məsələsinin həllində Azərbaycana mane olan qüvvələrin konkret adları çəkilməsə də, yerləri aydın cızıldı.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: "Ermənistan müstəqil ölkə kimi özünü göstərə bilməmişdir. Faktiki olaraq heç müstəqilliyi əldə etməmişdir. Sadəcə olaraq bu, formal bir məna daşıyır. Danışıqlar prosesində heç bir irəliləyişin olmamasına baxmayaraq, mən hesab edirəm ki, keçən il Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox böyük işlər görmüşdür - həm siyasi sahədə, həm regional çərçivədə və həm də hərbi sahədə - döyüş meydanında. Biz ermənilərə elə dərs verdik ki, indiyə qədər özlərinə gələ bilmirlər, təşvişdədirlər, isterikadadırlar. İndi bizi müxtəlif beynəlxalq tədbirlərdə ittiham etməyə çalışırlar. Amma sual olunur: Erməni əsgərinin Ağdamda, Füzulidə nə işi var? Erməni ordusunun orada nə işi var? Nə üçün onlara bunu bizdən başqa heç kim açıq-aydın şəkildə demir? Bu məsələ ilə məşğul olan vasitəçilər buna nə üçün biganə yanaşırlar? Bax, bu suallar ritorik suallardır. Biz bilirik nə üçün. Amma yenə də biz bu sualları hər bir tədbirdə, hər bir forumda verməliyik. Dövlət məmurları, ictimai xadimlər, deputatlar, adi vətəndaşlar, vətəndaş cəmiyyətinin üzvləri bu sualları verməlidirlər. Qoy, bu suallara, ikili standartlar siyasətinə, ermənipərəst siyasətinə görə cavab versinlər. Yoxsa bu qədər riyakarlığa artıq dözmək çətindir. Hesab edirəm ki, artıq burada diplomatik dillə danışmağa da heç ehtiyac yoxdur. Bir daha demək istəyirəm, həqiqət bundan ibarətdir ki, bizim torpaqlarımızın işğal altında qalması sadəcə olaraq Ermənistanın işi deyil. Ermənistan aciz durumda olan, gücsüz, dilənçi bir ölkədir. Əlbəttə, əgər onun müxtəlif paytaxtlarda böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapa bilərdi. Hətta hazırda Ermənistan rəhbərliyi də bunu etiraf edir. Xarici dəstək olmadan onlar işğal edilmiş torpaqları bir gün də işğal altında saxlaya bilməzlər. Ancaq biz təkbaşına mübarizə aparırıq. Yaxın tariximiz göstərib ki, biz hətta təkbaşına mübarizədə, siyasi mübarizədə uğur qazana və öz milli maraqlarımızı müdafiə edə bilərik.

2015-ci ildə biz ordu potensialımızı daha da gücləndirəcəyik. Bu məqsədlər üçün kifayət qədər böyük vəsait ayrılıbdır. Təkcə onu demək kifayətdir ki, hərbi xərclərə ayrılan vəsait Ermənistanın ümumi büdcəsindən 2 dəfədən çoxdur. Ordumuzda nizam-intizam, döyüş qabiliyyəti artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir. Biz daha da güclü oluruq, Ermənistan daha da zəifləyir. Bu, qaçılmaz bir prosesdir. Yəni, növbəti illərdə ancaq bu proses daha da sürətlə gedəcək”.

İlham Əliyevin bu çıxışını onun dünya güclərinə ünvanladığı müraciət də hesab etmək olar. Bu ünvanlar arasında Rusiya da var idi, Britaniya da, Birləşmiş Ştatlar da... Yeri gəlmişkən Ştatlar bir başqa məsələdir...


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=319063

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR