“Tələb budur ki, hərbi xunta yaratmış komanda bütün məsul vəzifələrdən kənarlaşdırılmalıdır” – Elman Məmmədov

Xəbər verdiyimiz kimi, Ermənistanda müxalifət lideri Nikol Paşinyan və baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyan arasında aprelin 25-nə planlaşdırılmış danışıqlar ləğv edilib.

Metbuat.az xəbər verir ki, bu barədə N.Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş sazişi” Partiyasının mətbuat katibi Tiqran Avinyan bildirib. Onun sözlərinəgörə, danışıqlarınkeçiriləcəyi tarix hələlik məlum deyil.O, qeyd edib ki, Paşinyan hakimiyyətin dinc yolla təhvil verilməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edib. Hakim Respublika partiyası isə onun tələbi ilə razılaşmayıb. Bu səbəbdən hakimiyyətlə etirazçılar arasında danışıqlar ləğv olunub.

Paşinyan deyib ki, inqilab Respublikaçılar partiyasına aydın mesaj idi ki, bu partiya hakimiyyətdə qala bilməz: “Sarkisyanın istefası hələ inqilabın uğurla yekunlaşması demək deyil. Serj Sarkisyan getdi, amma respublikaçılar iqtidardadır. Onlar hakimiyyətdən məhrum olmalıdır ki, Serj Sarkisyan respublikaçılar vasitəsilə hakimiyyəti idarə edə bilməsin. Ölkə rəhbərliyi tələblərimizin hamısını qəbul etməlidir. Anlamalıdırlar ki, Respublikaçılar bir də hakimiyyət başına keçməyəcək. Əvvəlki idarəetmə sisteminə qayıtmamaq üçün konkret addımlar atılmalıdır”.

Ermənistan müxalifətinin lideri, deputat Nikol Paşinyan ölkəsinin baş naziri olmağa hazır olduğunu bəyan edib: “Əgər xalq istəyərsə, mən baş nazir olmağa hazıram. Güman edirəm ki, bu belə də olacaq”. Paşinyanın sözlərinə görə, Ermənistanın yeni baş naziri xalq arasında seçilməlidir. O, vurğulayıb ki, artıq hakim Respublikaçılar partiyasının erası bitib.

Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyan isə bəyanatla çıxış edib. O, bildirib ki, Ermənistan prezidentinə növbədənkənar parlament seçkilərinin keçirilməsinə qədər parlamentdə təmsil olunan və olunmayan siyasi qüvvələrin iştirakı ilə görüş təşkil etməyi təklif edib: “Ən məntiqli qərar siyasi partiyaların qanun çərçivəsində bir masa arxasında oturaraq, əgər ehtiyac olarsa, növbədənkənar seçkilərin keçirilməsini müzakirə etmək, vaxtı təyin etmək barədə müzakirə aparmasıdır. Lakin belə davam edərsə, bizim iqtisadi problemlərimiz olacaq. Turistlər gəlməyəcək, investorlar geri qayıdacaq. Mən vətəndaşlarımızın iradə və narazılıqlarına hörmətlə yanaşıram. İndi biz bəyan edirik ki, siyasi qüvvələr bir masa arxasında oturacaq və müzakirə aparacaq. Gəlin, onların danışıqlar aparmasına imkan verək. Bir-birimizə təzyiq göstərmək lazım deyil”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Elman Məmmədov deyir ki, Ermənistan müxalifəti, erməni xalqı bütövlükdə tələbi belə qoyub ki, son 20 il ərzində Ermənistanda siyasi hakimiyyəti zəbt edib hərbi xunta yaratmış, erməni xalqını istismar etmiş və bugünkü fəlakətə gətirib çıxarmış komanda bütövlükdə bütün rəhbərlikdən, məsul vəzifələrdən kənarlaşdırılmalıdır: “Yəni, Robert Koçaryan, Serj Sarkisyan və onların ətrafında olan dəstə, onlar çoxsaylıdılar. Çünki hərbi cinayətkarlar, canilər kriminal aləmin nümayəndələridir və onların hakimiyyəti dövründə Ermənistan bugünkü acınacaqlı vəziyyətə düşüb. İqtisadi, siyasi, hərbi və digər sahələrdə uçurum, böhran, fəlakət səviyyəsinə gəlib çıxıb.

Orada hökumət yenidən təşkil olunacaq, təbii ki, parlament buraxılacaq və yeni parlament seçiləcək. Hesab edirəm ki, ermənilər bununla kifayətlənməyəcək. Son 20 il ərzində Ermənistanı öz fəaliyyətlərilə dözülməz, acınacaqlı vəziyyətə gətirib çıxaran cinayətkarların, Koçaryan, Sarkisyan və ətrafındakıların fəaliyyəti hesab edirəm ki, araşdırılacaq. Düşünürəm ki, törətdikləri cinayətlərə görə, onlar öz xalqı və dövləti qarşısında cavab verməli olacaqlar.

Bundan başqa, Azərbaycan tərəfində də o cinayətkarların əleyhinə hüquq-mühafizə orqanlarında külli miqdarda cinayət tərkibli materiallar var. Müvafiq beynəlxalq qurumlar qarşısında onların həbs olunması, cəzalanması ilə əlaqədar məsələləri qaldırmışıq və bundan sonra da təbii ki, qaldıracağıq. Ermənistan, erməni xalqı da onları belə buraxmayacaq ki, “yaxşı eləmisiz, istefa verib gedin”. Onlar elədiklərinin hamısının cəzasını alacaqlar”.

Günay Elşadqızı / METBUAT.AZ

“Daxili gərginlik Ermənistanla bağlı riskləri çoxaldır” - Politoloq


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI