Nazir Şahin Mustafayev: “Hesabat ilində informasiya və rabitə xidmətlərinin həcmi 15,1 faiz artıb”

Nazir Şahin Mustafayev: “Hesabat ilində informasiya və rabitə xidmətlərinin həcmi 15,1 faiz artıb”
10:41 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Son 5 ildə iqtisadiyyatın artımı əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunub, ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 47 faizdən 60 faizə çatıb. Ötən illər ərzində müasir infrastruktur təminatının yaradılması, çoxsaylı layihələrin icrası, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi dayanıqlı iqtisadi inkişaf üçün möhkəm təməl formalaşdırıb”.
 
“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri Nazirlər Kabinetinin iclasındakı çıxışında İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev söyləyib.
 
Nazir bildirib ki, Prezident İlham Əliyev tərəfindən aparılan sənayeləşdirmə siyasəti, xüsusilə qeyri-neft sənayesinin, habelə informasiya-kommunikasiya texnologiyalarının, kənd təsərrüfatının, turizmin inkişafı ilə bağlı görülən kompleks işlər, tranzit potensialının reallaşdırılması və digər tədbirlər qeyri-neft sektorunun sürətli inkişafına təkan verib, mürəkkəb regionda yerləşən ölkəmizin enerji, ərzaq, nəqliyyat və ekoloji təhlükəsizliyinin gücləndirilməsini, əhalinin rifahının davamlı yüksəlməsini təmin edib:
 
 “Əldə olunmuş nailiyyətlər, eləcə də bəzi ölkələrdə yaşanan ciddi iqtisadi problemlər, valyuta və enerji bazarlarında kəskin təlatümlər fonunda 2014-cü ildə Azərbaycanın sosial-iqtisadi inkişafının uğurlu yekunları Prezident İlham Əliyevin inkişaf modelinin alternativsiz olduğunu bir daha göstərir. Təsadüfi deyil ki, ötən il Dünya İqtisadi Forumunun növbəti hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci olmaqla artıq 6 ildir ki, MDB ölkələri arasında birincidir. Ötən il ümumi daxili məhsulun real artım tempi 2,8 faiz təşkil etmişdir ki, bu da, yuxarıda qeyd olunduğu kimi, qeyri-neft sektorunun 7 faizlik artımı hesabına təmin olunmuşdur. Xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 9 faiz civarında olmuş, strateji valyuta ehtiyatları xarici borcu dəfələrlə üstələməklə 5 illik idxal səviyyəsinə çatmışdır”.
 
 
Nazir Ş.Mustafayev bildirib ki, hesabat ilində informasiya və rabitə xidmətlərinin həcmi 15,1 faiz, nəqliyyat sektorunda yük daşınması 1,7 faiz, pərakəndə əmtəə dövriyyəsi 10 faiz, əhaliyə göstərilən pullu xidmətlər 7,2 faiz artıb.
 
 
Nazir əlavə edib ki, Cənab Prezident tərəfindən sənayenin inkişafının yeni mərhələsi kimi qiymətləndirilən Sumqayıt Kimya Sənaye Parkında xarici və daxili infrastrukturun yaradılması işləri davam etdirilir. Artıq Parkda fəaliyyət göstərən rezidentlər tərəfindən polad və polietilen boruların istehsalına başlanmış, hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin, vərəqə şüşə istehsalının təşkili işləri aparılır. Balaxanı Sənaye Parkında da xarici infrastrukturun yaradılması, eləcə də tullantıları emal edəcək 3 müəssisənin fəaliyyətinin təşkili istiqamətində işlər aparılır.
 
 
Azərbaycanın ilk telekommunikasiya peykindən danışan Ş.Mustafayev bildirib ki, peykin xidmətlərinin genişləndirilməsi, aşağı orbitli müşahidə peykinin orbitə çıxarılması, elektron xidmətlərin və internet trafikinin genişləndirilməsi, Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkili istiqamətində tədbirlərin görülməsi bu sahədə yeni imkanlar yaradıb:
 
 “Prezident İlham Əliyevin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq ötən il biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə işlər davam etdirilmişdir”.
 
 
Seymur Qasımbəyli
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34694-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR