“Facebook” sosial şəbəkəsi “qocalır”

“Facebook” sosial şəbəkəsi “qocalır”
11:06 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Artıq uzun müddətdir ki yeniyetmə və tələbələr “Facebook”un tipik istifadəçisi deyil. Dünyanın ən böyük sosial şəbəkəsinin auditoriyası tədricən yaşlaşır, gənclər isə başqa xidmətlərdən istifadə etməyə başlayıb.

“Facebook” yaşlı amerikalılar arasında ən populyar sosial internet xidməti olub. ABŞ-ın 18 yaşdan yuxarı 2 min sakini arasında “Pew Research” tədqiqat şirkəti tərəfindən keçirilmiş sorğuya əsasən, 65 yaşdan yuxarı amerikalı internet istifadəçilərinin 56 faizi “Facebook”da aktiv hesaba malikdir.

"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, son ildə “Facebook”dan istifadə edən ABŞ sakinlərinin payı demək olar dəyişməyib. Yalnız ən yaşlı internet istifadəçilərinin arasında sözügedən sosial şəbəkənin populyarlığı nəzərəçarpacaq dərəcədə  yüksəlib.
“Facebook”un rəqiblərində vəziyyət fərqlidir.

"Araşdırdığımız bütün başqa sosial şəbəkələr 2013-dən 2014-cü ilədək böyük artım nümayiş etdirib. “Instagram”ın istifadəçilərinin sayı 9 faiz artıb, bundan başqa hər bir demoqrafik qrupda artım qeydə alınıb” –  tədqiqatda qeyd olunub.
Peşəkar əlaqələrlə mübadilə üçün “LinkedIn” sosial şəbəkəsi yüksəkixtisaslı mütəxəssislər və ali təhsilə malik insanlar arasında populyarlaşmağa davam edir. Eyni zamanda “Twitter” və “Pinterest”in populyarlığı  bir çox demoqrafik qrup üzrə artır.

Auditoriyasının yaşlaşmasına baxmayaraq, “Facebook”un trafiki yenə də yüksəkdir. Artıq mövcud istifadəçilərin həyatında bu şəbəkənin rolu getdikcə daha vacib hal alır: “Pew” tədqiqat şirkətinin məlumatına görə, amerikalıların 70 faizi bu sosial şəbəkəyə gündəlik, 45 faizi gündə bir neçə dəfə daxil olur.
“Facebook” yalnız yeniyetmələr arasında populyarlığını itirir. “Frank N. Magid Associates” analitik şirkəti tərəfindən keçirilmiş tədqiqata əsasən, 2014-cü ildə “Facebook”dan aktiv istifadə edən yeniyetmələrin payı 88 faiz təşkil edib. 2013-cü ildə bu göstərici 94, 2012-ci ildə 95 faiz təşkil edib.

"Twitter yeniyetmələrin xoşuna gəlir, çünki orada böyüklərin, valideynlərin sayı azdır. Əlbəttə ki, uşaqlar “Facebook”dakı hesablarını silmirlər, amma onlar orada digər sosial media ilə müqayisədə daha az vaxt keçirirlər" – “Pew Research”in tədqiqatçısı Amanda Lenxart öz fikrini  bölüşüb.


Bu halda “Facebook”un rəhbərliyi sosial şəbəkənin gənclər arasında populyarlığının azalmasını inkar edir. 2013-cü ilin noyabrında “Facebook”un COO-su Şeril Sendberq deyib ki, ABŞ-da yeniyetmələrin böyük əksəriyyəti “Facebook”dan istifadə edir.


Emil Hüseynov
 
 
 
 
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34695-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR