Rəşad Sadiqov: "İspaniya çempionatında oynayan futbolçunun bizə faydası dəyməyə bilməz"

Rəşad Sadiqov: "İspaniya çempionatında oynayan futbolçunun bizə faydası dəyməyə bilməz"
15:12 12 Yanvar 2015
182 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az Azərbaycan yığmasının və "Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqovun azerisport.az-a müsahibəsini təqdim edir.
 
- "Xəzər Lənkəran"la yollarınızı necə ayırdınız?

- Birbaşa deyim ki, heç bir skandal olmadı (gülür). Klub büdcəsini azaltmağa və gənclərə üstünlük verməyə qərar verdi. Bunu da başa düşmək olardı.
 
- Amma təcrübəli oyunçuların hamısı göndərilmədi. Yoxsa, kimlər maaşının azalmasına razı idi, onlar qaldı?

- Mənə heç kim maaşımı azaltmaqla bağlı təklif etmədi. Qalan təcrübəli futbolçulara gəlincə, Rahid Əmirquliyev 8 ildir orada çıxış edir. Komandaya istənilən halda bir neçə təcrübəli futbolçu lazım idi.
 
- "Qəbələ" ilə niyə yarım illik müqavilə bağladınız?

- Burada ciddi heç nə yoxdur. Çempionatına sonuna bir neçə ay qalıb. Hər iki tərəf üçün bu, ən optimal variant idi. Fikrimcə, hamı razı qaldı. Gələcəkdə istəsək, müddəti uzada da bilərik.
 
- "Qəbələ"də vəziyyətiniz necədir?
 
- Hələ ki, hər şey məni qane edir. Məşqçilər korpusu ilə münasibətim yaxşıdır. Ümid edirəm ki, sonadək belə olacaq.
 
- Yeni komandanız turnir cədvəlində altıncıdır. Turnir vəziyyətinizi yaxşılaşdıra biləcəksiniz?
 
- Qarşıda 18 oyun var. Tez-tez qələbə qazana bilsək, ilk üçlüyə daha asanlıqla daxil ola bilərik. "İnter"lə "Neftçi"nin sıxışdırmaq mümkündür. Xal fərqi elə də çox deyil.
 
- Keçmiş komandanız "Qəbələ"ni cəmi bir xal qabaqlayır...

- Onların heyətinin zəiflədiyini nəzərə alsaq, bu komandanı keçmək tam mümkünür. Amma bizim hədəfimiz tək "Xəzər Lənkəran"ı qabaqlamaq yox, Avropa Liqasına vəsiqə qazanmaqdır.
 
- Bir neçə gün öncə Eddi İsrafilovun Azərbaycan yığmasında oynayacağı dəqiqləşdi. Siz bu barədə nə düşünürsünüz?

- Bu barədə mətbuatdan çox şey oxudum. Onun bu dəvəti hansı şərtlərlə qəbul etdiyini bilmirəm. Bir ara onun millidə oynamaq üçün bir milyon istədiyi bildirilirdi. Əgər, doğrudan da, elədirsə, belə futbolçu bizə lazım deyil. Yox, millimizdə qarşılıqsız oynayacaqsa, xoş gəlir.
 
- Sizcə, o, yığmamıza nə dərəcədə faydalı olacaq?

- İspaniya La Liqasında oynayan futbolçu faydasız ola bilməz. Ümid edirəm ki, onun gəlişi ilə yığmamızın nəticələri daha da yaxşılaşar.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318622.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR