Elman Rəfiyev: “Mən olan yerdə həmişə coşğu var” - FOTOLAR

Metbuat.az-ın bu dəfəki qonağı Azərbaycan Dövlət Pantomima Teatrının aktyoru və direktoru, əməkdar artist Elman Rəfiyevdir.

- Bu istidə əhvalınız necədir?

- Mənim əhvalım həmişə yaxşı olur. Özümü optimist insanlardan sayıram. Onsuz da kimi dilləndirirsən, bir problemi var. Məncə, bütün çətinliklərə ancaq optimist olmaqla qalib gəlmək mümkündür.

- Demək olar ki, Azərbaycanda yaranan Pantomima Teatrının ilk aktyorlarındansınız. Niyə teatr və məhz pantomima?

- Anamın dediyinə görə, 5 yaşıma kimi çox sakit olmuşam. O qədər sakit ki, saatlarla ağlamamışam. Ancaq 5 yaşından sonra həddən artıq dəcəlləşmişəm. İllərdi, göz dəyməsin, hərəkətli olmağımı qoruyub, saxlamışam. Beləcə, bu hərəkətləri bir yerə toplayan Pantomima Teatrını seçmişəm. Pantomima hissləri sözlə yox, mimika və jestlər vasitəsilə ötürür. Bu da məndə var.

- Bir müsahibənizdə demişdiniz ki, fərqli olmaq üçün bu sənətə gəlmisiniz.

- Həmişə demişəm, indi də deyim: bəli, bu sənətə şöhrət və adi insanlardan seçilmək üçün gəlmişəm.

- Bəs niyə gündəmdə deyilsiniz?

- Əslində gündəmdəyəm. Mən birtərəfli aktyor deyiləm. Həm pantomim, həm sözlü tamaşa, həm də kino aktyoruyam. Bu dəqiqə ən reytinqli serial olan “Ata ocağı”nın baş qəhrəmanlarından biriyəm. Bu serialdan sonra daha çox tanınıram. Küçəyə çıxanda hər kəs məni tanıyır və şəkil çəkdirmək istəyirlər. Həm də ki, pantomimanın reklam üzüyəm.

- Amma mən efiri nəzərdə tuturdum...

- Həə, efiri sevmirəm. 44 yaşında baba oldum. Həmin aralar məni efirə çox dəvət etdilər, sevincimi bölüşmək üçün çıxdım. Keçmişdə efirdə hərənin öz işi vardı. Efirə dəvət olunan hər kəs öz peşəsinə uyğun hərəkət edərdi. İndi hər şey qarışıb bir-birinə. Yəni səviyyə dəyişib. Hamı “hərşeyşünas” olub. Aktyor psixologiyanı yaxşı bilir deyə, rollar yaratmağı da bacarır. Buna görə danışa bilər. Bəs, ay müğənni, sən nə bilirsən? Get mahnını oxu də. Kim hansı verilişə çağırır, ora qaçırlar. Mən də bütün bunlara və digər səbəblərə görə getmirəm.

Üstəlik, demək olar ki, hamının sevə-sevə baxdığı verilişlərin heç birinə baxmıram. Məsələn, baxıram ki, hansı kanal hansı mövzuda serial verir, yaxud bəzi əyləncəli verilişlərə baxıram. Ola bilər, müsahibəni oxuyan desin ki, onlarla dostam deyə, deyirəm. Amma belə deyil. Oqtay Əliyevlə Siyavuş Hüseynlinin rəhbərlik etdiyi “SOY” prodakşın əyləncəli verlişlər hazırlayır. Çox bəyənirəm. Sevə-sevə də iştirak etmişəm. “Tamamla” verilişində bəlkə də 5 dəfə olmuşam. Bəzən deyirlər ki, yüyürüb, düyməni sıxmaq yaşıma uyğun deyil. Bəs mən aktyoram, necə olur hambalı, dəlini oynayıram?.. Hər bir aktyorun içində yaşatdığı bir ustadı var. Mənim də içimdə mərhum müəllimim Nəsir Sadıqzadə yaşayır. “Bəxt üzüyü” filmində yaşlı veteran obrazını oynayıb. “Prelest qızım, prelest” deyən aktyor. O, mənə öyrədib ki, aktyor o kəsdir yaş artsa da, uşaqlığını itirməsin. Nə olsun ki, mən Pantomima Teatrının aktyoruyam, direktoram, əməkdar artistəm?.. Heç vaxt uşaqlığımı itirməyəcəm.

- Sizinlə müsahibə üçün telefonda danışanda düşündüm ki, mütləq bu sualı verəcəm. Səsiniz, diksiyanız əladı. Aparıcılıqla bağlı nəsə düşünmüsünüzmü?

- Xəzər Universitetinin Dünya Məktəbində 13 il nitq mədəniyyətindən dərs demişəm. Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı Bəxtiyar Xanızadə o vaxt dedi ki, mənim aktyorum hər şey bacarmalıdır. Pantomimanı, rəqsi, tamaşanı, aparıcılığı bacarmalı və gözəl diksiyası olmalıdır. Mən də üzərimdə işləyib buna nail oldum. Heç kimin qapısına qaçmaram. Bəyəm məni görmürlər? Lazım bilsələr, çağıracaqlar. Ancaq bu o demək deyil ki, hər verilişə gedərəm. Xeyr. Dəvət gəlsə, əvvəlcə o verilişi tərəziyə qoyacam ki, oradan nə qazanacam...

- Daha çox hansı tip verilişləri özünüzə uyğun bilirsiniz?

- Əyləncəli, intellektual verilişlər üçün sino gedirəm. Mənə çox maraqlı idi “Milliyonçu” şousu. Bizim teatrın aktyoru Azər Axşam o verilişə dünyadakı alternativlərindən fərqli olaraq, yumor qatmışdı. Maksim Qalkin də maraqlı aparırdı. Bundan başqa, böyük məmnuniyyətlə uşaq verilişləri apararam. Uşaqlarla işləmək özü bir dünyadır. Aparıcıdan şücaət tələb edir.

- Bayaq özünüz də dediniz... indi efirdə savadlı-savadsız, diksiyası olan-olmayan, aktyor-aktrisa, müğənni bir sözlə, hər cür insan aparıcılıq edir. Bu sizdə qıcıq yaratmır ki?

- Yox. Çünki onlar ələnəcək. Televiziya bir əjdahadır. Onun içinə girdikcə nəyi qazanrsansa, zamanla onları udur. Sonrasını verə bilmirsənsə, səni məhv edir. Bu gün layiq olmadan gündəmə gələnlər nə vaxtsa tükənəcəklər və televiziya onları atacaq. Buna görə məndə qıcıq yaratmır. Sadəcə baxıb, gülürəm. Necə ki, mən hər müsahibə götürənə jurnalist kimi baxmıram. O jurnalist ki, ağzımdan çıxanı olduğu kimi köçürür, ona “savadlı jurnalist” demək olmaz. Jurnalist müsahibəyə yaradıcı yanaşmalıdır.

- Bəs niyə sizinlə danışanda müsahibələrimə baxmadan razılaşdınız?

- Mən aktyoram. İnsanları danışığından və rəftarından tanıya bilirəm. Siz bura gələndə müşahidə etdim. Oturuşunuzdan, müraciətinizdən, sualları kağıza yazmağınızdan, fotoqrafın hərəkətindən necə olduğunuzu anladım.

- Hansı nəticəyə gəldiniz?

- Bildim ki, siz nəyinsə xətrinə olan jurnalist deyilsiniz. Hazır gəlmisiniz. Bu dəqiqə jurnalistin yanında fotoqraf tapmaq çox çətindi. Hərəsinin də əlində bir telefon olur, sualları ora yazır. Gəlir, ağzımdan nə çıxırsa, onu yazır, müsahibənin içinə də cavanlıq şəkillərimi qoyur. Belə jurnalistlərə hirslənirəm.

- Yayda bütün teatrlar bağlanırlar. Sizcə, bu düzdürmü? Məsələn, əksinə olsa, necə olar? Axı hamı əylənməyə, dincəlməyə yay boyu yer axtarır?

- (Gülür). Bəs aktyor bədbəxt balası dincəlməsin? Bu yazıqlar cəmi bir ay dincəlir. Onu da işləyək? Hamı şənbə-bazar istirahət edir. Ancaq biz işləyirik.

- Sizinlə tanış olmadan öncə fikirləşirdim ki, yəqin gedib həmişə ağ köynək, qara şalvar geyinən birindən müsahibə alacam. Ancaq gəldim, gördüm rəngbərəng geyinmisiniz.

- Bu xarakterimdən irəli gəlir. Həmişə fərqli rənglərdə geyimlər alıram. Hətta qışda hamı qara geyinəndə də fərqli rənglərə üstünlük verirəm.

- Xarakteriniz necədir ki?

- Qaban ilindən, Oğlaq bürcündənəm. Diqqət mərkəzində olmağı sevirəm. Mən olan yerdə sevinc, deyib-gülmək var. 30 illik dostlarım var, hər ay görüşürük. Mən olmasam, günü dəyişirlər. Özümüzə qrup yaratmışıq, adını da “Konsey” qoymuşam. O qrupa Oqtay Əliyev, Siyavuş Hüseynli, Müşviq Hətəmov, Ələddin Həsənov, Əsəd İsmayılov, İman Məcidov, Əli Rüstəmov və Məhərrəm Əhmədov daxildi.

Mən olan yerdə həmişə çoşğu var. Ancaq onu da deyim ki, optimist insanların pessimizmə qapılmağı çox ağır olur. Həmin vaxt gərək kimsə səni o ağırlıqdan dartıb, çıxarsın. Bir-iki dəfə bu halla rastlaşıb, görmüşəm.

- Bu qədər tamaşalarda obraz yaratmısınız, rejissorluq, musiqi tərtibatçılığı, dublyaj kimi işlər görürsünüz. Özünüzü kölgədə qalmış kimi hiss etmirsiniz ki?

- Qətiyyən. Mənə efir yox, teatr doğmadır. Efir, serial bu gün var, sabah yoxdur. Ancaq teatr həmişə var. Xoşbəxt insanam ki, pantomimanın siması kimi adımı bilməsələr də, çox insan tanıyır. 1988-ci ildə bu teatrın özülünü İncəsənət İnstitutunda Bəxtiyar Xanızadəqoyub. Biz də onunla birlikdəyik.

- Bütün müsahibələrinizdə Bəxtiyar Xanızadənin adını çəkirsiniz...

- 30 ildir mən onunla bir yerdəyəm. Bunu dana bilmərəm. İndi Elman Rəfiyev olmağımda o kişinin böyük rolu var. Bunu necə danmaq olar?

- Bəzi insanlar var bir az məşhurlaşan kimi ona dayaq olan insanları unudurlar. Siz niyə unutmursunuz?

- Mən etibarlı və sadiq insanam. Elə bu xarakerimlə də nələrisə qazanıb, irəli getmişəm. Həmişə uğurlarımı pillə-pillə qazanmışam.

- Hamı bilir ki, aktyorların maaşı azdı. Necə edirsiniz, nə cür dolanırsınız?

- Bu sənətə gəlib, özünə, istedadına güvənən aktyor həqiqətən sənəti dərindən öyrənirsə, ac qalmayacaq. Tək teatrda işləyən aktyora peşəkar demək olmaz. İncəsənətə aid nə varsa, aktyor bacarmalıdır. Buna görə də ailəmi rahat dolnadıra bilirəm.

- Hansısa bizneslə məşğul olursunuzmu?

- Heç bir biznesim yoxdur. Aktyoram, direktoram, dublyaj edirəm, serialda çəkilirəm. Məsələn, bu yaxınlarda İngiltərədə səsim bəyənildi. “University Picture” şirkəti “Qadkiyй Я. 3” cizgi filminə səsimi yazdı, yaxşı da qonarar verdilər. Rusiyadan səs operatoru, səs rejissoru gəldi, cizgi filmini 5 saat ərzində səsləndirdim.

- Çoxları belə bir addım atan kimi bütün mətbuata car çəkirlər. Bəs siz niyə bu uğurunuzu bizimlə bölüşmədiniz?

- Nə bilim, o xarakterim yoxdu. Ancaq təqdimatı olmuşdu.

- Pantomima Teatrının tamaşaçısı daha çox hansı nəslin nümayəndələri olur?

- Bu sualı mənə çox verirlər. Bura 3 yaşlı uşağını da gətirən görmüşəm.

- Pantomima insanlara nə verir?

- Teatr mədəniyyətdir. Biri var insanları sözlə ifa etmək, biri də var mimika və jestlərlə. Pantomima tamaşaçısına mesajı hərəkətlə ötürür.

- Pantomimanın dili yoxdur. Bu bir növ üstünlük də sayıla bilər. Məsələn, bu gün ölkəmizə çoxlu turistlər gəlir. Teatrınızın əcnəbi tamaşaçıları var?

- Əlbəttə. Həm də çox. İngiltərədən, Almaniyadan, Fransadan, Yaponiyadan, Koreyadan, Veytnamdan daim gəlirlər.

- Bəs siz özünüz xaricə gedərkən nəyə diqqət edirsiniz? Və orada pantomima teatrlarına gedirsinizmi?

- Hollandiyada olanda oranın Pantomima Teatrına getmişdim. Gürcüstada da getmişəm. Ancaq bunu da vurğulayım ki, dünyada iki yerdə dövlət səviyyəsində Pantomima Teatrı var. Biri Azərbaycanda, digəri Gürcüstandadadır. Başqa ölkələrdə balaca qruplar, studiyalar şəkilində olur. Biz xarici ölkələrə gedəndə həmişə çalışmışıq ki, Azərbaycanı təmsil edək və işimiz də layiqincə alınsın. Boş vaxtlarımızda isə onların teatr mədəniyyətini izləyirik. Hətta tamaşaçılarına kimi diqqət edirik. Festivallara gedəndə yaxşı tamaşalar alqışla fəqlənir. Baxırıq ki, biz onlardan qabaqdayıq. Gürcüstanda “Azərbaycan mədəniyyəti günləri” keçiriləndə “Macaraşvili” teatrında zalın 80% gürcülər idi. “Maska” tamaşasını səhnələşdirmişdik. Bu tamaşadan sonra bizi ayaq üstə alqışladılar. Gürcüstan çox tetral ölkədir. Gürcü tamaşaçını aldatmaq çox çətindir.

- Boş vaxtlarınızı necə keçirirsiniz?

- Musiqinin bütün janrlarına dinləməyi sevirəm. Dostlarımla bir yerdə oluram. Yenə də mövzumuz teatr, mədəniyyət olur. Son günlər boş vaxtımda futbola baxıram. Futbol azarkeşi deyiləm. Ancaq Avropa və Dünya çempionatlarına baxmağı sevirəm. Çünki onlar meydanda həm də möhtəşəm tamaşa göstərirlər. Futbolçular həm də gözəl aktyorlardırlar. Birinin ayağına nəsə olur, orda elə aktyorluq edir ki, deyirsən bu dəqiqə öləcək. Biz onlardan öyrənirik.

- Bəs kitab oxuyursunuzmu?

- Yaralı yerimdi. Ali məktəbi qırmızı diplomla bitirmişəm. Həmişə də kitab oxumağı sevmişəm. Tələbəlikdə aldığım 80 rubl təqaüdün hər ay 40 rubluna kitab almışam. İndi kitabdan çox qəzet oxumağa üstünlük verirəm.

- Bizə ailəniz haqqında danışın?

- Evliyəm, bir qızım 26 yaşında, bir oğlum 25 yaşındadır. Bir nəvəm var. Qızım Xəzər Universitetini fərqlənmə diplomu ilə bitirdi. Sonra getdi İngiltərəyə, ordan da Amerikaya yollanıb, təhsilini davam etdirdi. Elə orda da yaşayır. Evlidir.

- Kürəkəniniz əcnəbidir?

- Xeyr. Bunu məndən çox adam soruşur. Kürəkənim Bakı Dövlət Universitetinin sabiq dekanı, mərhum professor İsa Məmmədovun nəvəsi İsa Məmmədovdur. Qızımla tələbə yoldaşı olub.

- Qızınızı əcnəbiyə verərdiniz?

- Həmişə övladlarımın fikirlərinə hörmət etmişəm. Sevsəydi, “yox” deməzdim. İnsanları sıxmaq olmaz. Mən uşaq olanda atam “Min bir gecə” nağılını oxumağa qoymurdu. Mənsə gizlincə gedib kitabxanadan götürüb, oxumuşdum.

- 47 yaşınız var. Ancaq heç bu yaşı vermək olmur. Yaşla mübarizə aparırsınızmı?

Qarşıma məqsəd qoymuşam, hər gün 5-6 km yol gəzirəm. Qidama elə də diqqət etmirəm. Gündə bir dəfə qidalanıram. Yeməyi acından ölməmək üçün yeyirəm. Yemək yeməməyimlə bağlı özrekordum 56 saat olub.

Çay və su içən deyiləm. Kofe içirəm. Çay içməyi “Ata ocağı” serialına başlayandan, çəkiliş əsnasında boş oturmaqdan öyrəndim. Bu seriala çox bağlıyam. Hər dəvət olunduğum seriala getmirəm. Ancaq bu serialın 197 bölümünə çəkildim və qonararımdan da razı qaldım. 5 il idi heç bir serialda çəkilmirdim.

- İndi bizdə çəkilən seriallarda hərə bir qüsur tapır və ya buna çalışır. Sizin fikriniz necədir?

- Seriallarımızda qüsur axtaranları qınayıram. Çünki bizdə serial təzə başlayıb. Braziliya, Rusiya illərdi serial çəkir. Türkiyə 30 ildi bu işlə məşğuldu. Bizim seriallara da ağız büzməkdənsə, nə olar, baxın də. Axı bu serial sahəsi təzə addımlayır. Evinizdə uşaq təzə addımlamağa başlayanda itəliyirsiniz ki, yıxılsın? Bu gün mən 197 seriaya kamera qarşısında olmuşam. Ay qardaş, bu aktyor məktəbdir. Tamaşaçılar da mənim kimi bunu dəyərləndirməlidir. Hər şey zamanla düzələcək. Ancaq bir şey var ki, seriallara peşəkar aktyorlar çəkilə bilmir. Çünki pul yoxdur. Peşəkar aktyor çox pul istəyəcək. Ona görə tamaşaçı ağız büzür. Ancaq zamanla bu da düzələcək. Çünki çox gözəl rejissor, operator, rəssamlarımız var.

-Ancaq maddiyat yoxdursa...

- Serial bazarı yeni işə başlayanda külli miqdarda pul buraxılsaydı da alınmayacaqdı. Çünki aktyorlarımız kameraya öyrəşməmişdilər. Get gedə vəziyyət dəyişir.

- Əslən hansı bölgədənsiniz?

- Sumqayıtda doğulmuşam. Valideynlərim cənub bölgəsindəndir. Əslində atam Sumqayıta müvəqqəti yaşamaq üçün gəlibmiş, sonradan qalıb. Və zamanla da qohumlar ətrafımıza yığışdı. İndi Bakıda yaşayıram.

- Keçən il xəbər yayıldı ki, eviniz yararsız vəziyyətə düşüb. Bildirmişdiniz ki, aidiyyatı orqanlar heç bir reaksiya verməyiblər. Bəs sonrada harayınıza çatan oldumu?

- Yox. Heç kim səsimə səs vermədi. Güclü yağışlar zamanı su ilə doldu, elə vəziyyətə düşdü ki, məcbur qalıb o evdən çıxdım. İndi kirayədə qalıram.

- Bilmək olar nə qədər kirayə pulu ödəyirsiniz?

- Yox, demək istəmirəm. Evim “Kubinkada” idi. O vaxtın tikililərindədir. Yatdığım yerdə başıma uça bilərdi. Evin qəzalı halda çəkilən şəkillərini bütün təbəqələrə yolladım. Cavab verən olmadı. Mən dənaəlac qalıb, damı düzəltdim ki, orda oynayan uşaqlardan biri ayağını qoysa, düz evin ortasına düşəsidir. Ancaq ümidimü üzmürəm. Yəqin ki, bir cavab gələr.

- Pantomima Teatrı var. Tamaşalar da var. Ancaq ssenaristlər yoxdur. Bu necə olur?

- Bu çox gözəl sual oldu. Bəli, Pantomima Teatrı üçün heç yerdə ssenari yazılmır. Bizim tamaşaların əksəriyyətinin yazarı Bəxtiyar Xanızadədir. Həmçinin aktyorlara da öyrədib, özləri ssenari yazırlar.

- Bu gün məşhur olanlardan övladını tamaşalarınıza gətirən varmı?

- Elza Seyidcahan, Lalə Məmmədova, Elnarə Xəlilova, Oqtay Əliyev övladları ilə gəliblər.

- Bu gün reytinq şoudadır. Niyə hər dəfə tamaşalarınıza bu reytinqli müğənniləri aktyor kimi dəvət etmirsiniz?

- Cəmi iki tamaşaçı gəlsin, ancaq məni istəyən olsun. Yəni məni istəyən adam gəlsin bizim tamaşalara.

- Bəzi aktyorlar müəyyən obrazlardan imtina edirlər, oynamaq istəmirlər. Bəs sizdə necə, belə bir şey olubmu?

- Aktyor hər bir obrazı oynamalıdır. “Ata ocağında” əyyaş obrazını oynayırdım. Mağazada nəvəsi ilə bir kişiyə rastlaşdım. Uşaq məni görüb, barmağını uzadıb “alkaş” dedi. Deməli, mən o uşağın da yadında qalmışam. Film, serial, teatr insanlara mesaj ötürür. İnanıram “alkaş” obrazına baxan çox adam “Mən heç vaxt belə olmaram” deyə, düşünüb.

- Sizin teatrda necə aktyorlar işləyə bilər?

- Əlbəttə ki, kök adamlar işləyə bilməz. Bizdə yaş həddi yoxdur, ancaq fiziki cəhətdən hazır olmaq lazımdır. Çevik, hərəkətli, güclü olmalısan. Bəxtiyar Xanızadənin sözü olmasın, bizim aktyor plastlin olmalıdır.

- Bir sual da verim: real həyatda düşdüyünüz hansısa vəziyyətdə aktyorluq etmisinizmi?

- Nə yalan deyim, elə məqam olub, etmişəm. Məsələn, maşınla gedirsən, birdən xırda bir qaydanı pozursan. Məcbursan polisin qarşısında artistlik edəsən ki, fikirli idim.

- Sonda oxucularımıza sözünüz?

- Gəlin özümüzə qiymət verək. Özümüzdə yaxşını axtarıb, üzə çıxardaq. Bir az da intellektual olmağa çalışaq.

Tahirə Əlirzayeva\\Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı