APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
H. Hacıyev bildirib ki, Ermənistan məqsədyönlü təxribat əməlləri vasitəsilə vəziyyəti gərginləşdirmək, münaqişənin danışıqlar yolu ilə həlli prosesinə xələl gətirmək, işğal və təcavüz əsasında yaranmış mövcud status-kvonu saxlamaq siyasəti yürüdür: “Siyasi, iqtisadi, demoqrafik və sosial böhran şəraitində olan Ermənistanın mövcud hakimiyyəti bu kimi əməlləri ilə ölkə ictimaiyyətinin diqqətini kəskin ölkədaxili problemlərdən yayındırmaq məqsədini güdür”.
H. Hacıyev deyib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün ilk növbədə Ermənistanın işğalçı qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır: “Ermənistanın destruktiv siyasətinə və məqsədyönlü təxribatçı əməllərinə son qoymaq və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını təmin etmək üçün Ermənistana münasibətdə məcburedici tədbirlərin görülməsi, o cümlədən BMT Nizamnaməsində nəzərdə tutulan sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir”.