Müdafiə Nazirliyi: Azərbaycan öz ərazilərində istənilən hərbi texnikadan istifadə edə bilər

Müdafiə Nazirliyi: Azərbaycan öz ərazilərində istənilən hərbi texnikadan istifadə edə bilər
16:08 12 Yanvar 2015
157 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Silahlı Qüvvələri ölkənin əraziləri daxilində ixtiyarında olan istənilən hərbi texnikadan, o cümlədən pilotsuz uçuş aparatlarından, helikopterlərdən, təyyarələrdən, kosmik peyklərdən və digər vasitələrdən istifadə edə bilər və edir.

Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ermənistan mətbuatında Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti üzərində yanvarın 12-də Azərbaycan Silahlı Qüvvələrinə aid pilotsuz uçuş aparatlarının uçuşlarının qeydə alınmasına dair yer alan məlumatlara aydınlıq gətirərkən bildiriblər.

Nazirlik bəyan edir ki, cəbhə xəttində Azərbaycan uçuş aparatlarının uçuşlar həyata keçirməsi heç kim, o cümlədən Azərbaycan ərazilərini işğal etmiş Ermənistan üçün yeni bir şey deyil: “Azərbaycanın öz ərazilərində nədən, hansı texnikadan istifadə edib-etməyəcəyi ilə bağlı nə separatçı-marionet rejimdən, nə də işğalçı Ermənistandan heç nə soruşmaq və ya icazə almaq fikri yoxdur. İşğalçıların hərəkətinə nəzarət etmək üçün Silahlı Qüvvələrimiz silahlanmasında olan istənilən qurğu və vasitələrdən istifadə edib və bundan sonra da istifadə edəcək”.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə həmçinin bildiriblər ki, Ermənistanın Müdafiə Nazirliyi yanvarın 11-də dövlət sərhədi və yanvarın 12-də cəbhəboyu zonadakı vəziyyət barədə növbəti dəfə bir-birindən absurd, heç bir normal düşüncə tərzinə sığmayan, tam erməni xislətinə və məntiqinə uyğun dezinformasiya xarakterli xəbərlər yayıb.

Nazirlik bildirir ki, acı gülüş və təəccüb hissi doğuran bu cür məlumatların adət halını alması Ermənistanın öz uğursuzluğunu qarşı tərəfdə axtarması cəhdindən başqa bir şey deyil: “Düşmən öz xalqına yalanı sırımaqla yanaşı, artıq dünya ictimaiyyətini də yanlış və saxta xəbərlərlə çaşdırmağa çalışır. Ermənistanın Müdafiə Nazirliyi hansısa diversantlarla virtual döyüş aparır, guya beynəlxalq humanitar hüquqa riayət etmək şərtilə "neytral zona"da qalan "cəsəd"in götürülməsinə şərait yaradır, hətta məcburən səngərlərə gətirib yerləşdirdikləri ahıl erməni çobanın da ölümünü Azərbaycan tərəfinin üstünə yıxmağa cəhd göstərir".

Azərbaycan Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri əməliyyat şəraitinə tam nəzarət edir və müdafiənin ön xəttində yerləşən bölmələrimiz sutka ərzində heç bir itki verməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2352216.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR