MSK sədri: "Bir addım da qabağa getdik"

MSK sədri: "Bir addım da qabağa getdik"
17:42 12 Yanvar 2015
142 Digər
Ölkə mətbuatı
A- A+

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib
APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov bildirib ki, bələdiyyə seçkilərini 50 mindən çox müşahidəçi izləyib, 8 siyasi partiya seçkilərdə namizədlə çıxış edib, qeydə alınan namizədlərin partiya mənsubiyyəti nəzərə alınsa, 30 siyasi partiyanın üzvləri seçkilərdə iştirak edib.

M.Pənahov deyib ki, 37 mindən artıq namizəd 15 min 35 yer uğrunda mübarizə aparıb, bu da seçkilərə yüksək marağın olduğunu göstərir. Onun sözlərinə görə, səsvermə mərhələsinə qədər qeydiyyat və digər məsələlərlə bağlı 20 müraciət daxil olub. Bu müraciətlərdən dördünə müddəti keçdiyini üçün baxılmayıb, digər müraciətlərin hamısına baxılıb:

“Namizədlərin qeydiyyatı sahəsində heç bir problem müşahidə edilməyib. KİV-in seçkiləri müşahidəsi əvvəldən axıra qədər azad olub, bununla əlaqədar MSK-ya hər hansı şikayət daxil olmayıb”.

M.Pənahov seçici siyahılarının dəqiqləşdirilməsi, əhalinin maarifləndirilməsi işinə xüsusi diqqət yetirildiyini söyləyib: “Yekunda 38,93 faiz seçici fəallığı da məhz bunun nəticəsidir. Digər tərəfdən, siyasi partiyaların namizədləri və səlahiyyətli nümayəndələrinə hər cür şərait yaradılıb. Nəticədə siyasi partiyalardan şikayət daxil olmayıb”.

M.Pənahov qeyd edib ki, səsvermə günü seçki məntəqələrdə bilərəkdən, yaxud bilməyərəkdən, seçki komissiyaları üzvlərinin vəzifələrini peşəkar yerinə yetirə bilməməsi, seçicilərin səlahiyyətlərini aşması ilə bağlı azsaylı hallar nəzərə alınmasa, seçki yüksək səviyyədə təşkil olunub: “Mütləq əksəriyyət məntəqələrdə seçki prosesi qanunauyğun şəkildə aparılıb. Nəzərə alsaq ki, 5015 məntəqədə 1607 bələdiyyəyə seçki keçirilib, buna baxmayaraq, azsaylı xoşagəlməz halları da vurğulamalıyıq. Çalışmalıyıq ki, aşağı seçki komissiyaları vəzifələrini maksimum peşəkarlıqla yerinə yetirsinlər. MSK çox yüksək səviyyədə maarifləndirmə işləri həyata keçirdi. Hesab edirəm ki, hətta əvvəlki seçkilərlə müqayisədə bu tədbirlərdə bir addım da qabağa getdik. Bütün addımları atmışıq ki, seçkilərin şəffaf şəkildə keçirilməsi təmin edilsin. Məntəqələrin 20 faizində, 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Bütün arzu edən müşahidəçilər qeydə alınıb, bir təşkilatın keçirdiyi “exit-poll”un nəticələri də rəsmi nəticələrdən fərqlənmirdi”.

MSK sədri nəzərə çatdırıb ki, səsvermə günü seçki komissiyalarına müraciət daxil olmayıb, növbəti gün dairə seçki komissiyalarına və MSK-ya müraciətlər daxil olub, MSK müraciətlərə dərhal baxıb və araşdırıb: “118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə seçki keçirilib, bu bələdiyyələrin yalnız 58-dən, yəni 3 faizindən bu və digər xarakterli şikayət daxil olub. Əslində 1607 bələdiyyənin hər birindən bir müraciətin daxil olmasında da heç bir qəbahət ola bilməzdi, belə hal olsaydı, mən yenə də seçkilərin çox yüksək səviyyədə keçdiyini deyəcəkdim. Çünki hər bələdiyyədən bir müraciət normaldır. Ancaq cəmi 58 bələdiyyədən müraciət daxil olub”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/318686.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR