METBUAT.AZ

Tarix

Bağırov nəyin hesabına hökumətlə hökumətlik edirdi?

4 İyul 2017 10:54

Müəllif: Ehsan Hacıyev
Mətni hazırlayıb təqdim edən: X. Telmanoğlu

Yazı Metbuat.az  saytının "Arxivdən" layihəsi çərçivəsində təqdim olunur:


Oxuyacağınız bu hadisə, sovet hakimiyyətinin ən qızğın dönəminə - 60-ci illərinə təsadüf edir. Günlərin bir günü Daşkəsən rayon DİŞ-in yeni rəisi bizimlə birlikdə işləyən Həmid Zəkiyev təyin edildi. Bu dövrdə Daşkəsən rayonunun Qabaqtəpə kənd sakini Bağırov respublikanın yuxarı təşkilatlarına öz bacısı oğlundan şikayət edir ki, onun 18 baş iri buynuzlu mal-qarasını oğurlayıb, rayonda onun barəsində tədbir görən yoxdur.

Şikayətimizə baxmaq əvəzinə, DİŞ-in rəisi Zəkiyev məni təpiklə vurub bayıra atdı.
Bağırovun şikayəti ilə əlaqədar ÇAİ-nin əməkdaşı milis baş l-tı İsrafil Əliyev də Daşkəsənə ezam edildi. O, qayıtdıqdan sonra Bağırov yenidən MK-yə, oradan da prokurorluğa şikayətə gəldi ki, Zəkiyev Əliyevin cibini doldurub yola salıb, mənim şikayətim baxılmamış qalır. Bu dəfə idarəmizin şöbə milis mayoru Sadıq Sadıqov göndərildi, Bağırov eyni qaydada ondan şikayət etdi. Növbəti ezamiyyə mənim payıma düşdü.

Qeyd etmək istəyirəm ki, nazirlikdə işlədiyim 12 il ərzində getdiyim bütün ezamiyyətlərdə bundan başqa mənim hərəkətimdən nəinki şikayət, heç rəhbərliyə narazılıq edən də olmamışdır. Ancaq Bağırov məndən şikayət etmək üçün dalımca Bakıya gəldi, lakin o gəlincə rayonda onun haqqında aldığım məlumatların sənədlərlə təsdiqinə nail olmuşdum.
Diqqət edin, mən Daşkəsənə mart ayının axırında getmişdim. Gedən günü rəislə prokurorla məsləhətləşdim ki,mən gedirəm Gəncəyə, səhər bir milis nəfəri ilə mal-qara oğurluğunda şübhəli olan Mehdini göndərin, onunla orada bir on gün işləyəcəm. Əldə olan cinayət işi əsasında Mehdi haqqında müvəqqəti həbs qərarı seçilib, səhəri günü Gəncəyə göndərildi. Mən iki gündən sonra Daşkəsən rayonuna gəldikdə mehmanxanada mənə dedilər ki, Qaratəpəlilər iki gündür sizin harada olmağınızla maraqlanırlar.
İki milis işçisi ilə Göytəpə kəndinə gəlib kənd sovetinin idarəsində iş üzrə lazım olan şəxsləri çağırıb izahatını almağa başladım. Bu vaxt Bağırov tələb etdi ki, bütün izahatı alınan adamların yanında oturmalıdır. Onun dediyi qaydada etdim, hətta izahatların sonunda Bağırovun iştirakını da yazdım.
Daşkəsən RDİŞ-nin sabiq ÇA xətti üzrə baş inspektoru gəlib mənimlə görüşdü, məni yeməyə dəvət etdi. Baxmayaraq naharın vaxtı keçirdi, mən razı olmadım. Bağırov başladı ki, sən mənə görə yeməyə getmirsən, bizi öz hərəkətinlə təhqir edirsən. Kimdən harada istəyirsən şikayət edə bilərsən, ancaq xahiş edirəm çörək yeməyə gedək.
Onlar baxa-baxa ayağa durub kənd mağazasına getdim, bir qutu peçenye alıb bulaqdan bir stəkan su doldurub otaqda yeməyə başladım ki, bu da mənim naharım.
On gün müddətində müəyyən etdim ki, Bağırovun heç bir mal-qarası oğurlanmayıb. Onun mal-qarası başqalarınınkı kimi daima meşədə olub. Ola bilsin ki, meşədən itmiş olsun, o da 18 baş deyil, 4 və ya 5 baş inəkdir. O bacısı oğlundan ona görə şikayət edir ki, bacısı oğlu onun qızını alıb, bir ildən sonra boşamışdır. Özü isə şikayət zamanı ikinci dərəcəli müharibə əlili olmasını yalan deyir. 1963-cü illərdə Daşkəsən rayonu ilə Xanlar rayonunu birləşdirərkən Bağırov dava salmış, birləşməyə yol verməmək üçün dəstə toplamış və xuliqanlıq hərəkətinə yol vermişdir. Bütün bunları öyrəndiyimi və bildiyimi yaxşı anlayan Bağırov, sonda fırıldaqlarının baş tutmayacağını başa düşüb, mənim üstümə gəlməyə başladı. Işin gedişatında öyrəndim ki, Bağırovu mənimlə, hökumətin qanunlarıyla necə gəldi rəftar etməyə məcbur edən, həm də digər səbəblərmiş. Sən demə, Bağırovun dədə-babadan qalma sovet hökumətindən gizlətdiyi qızılları bir çox vəzifəli şəxslərin dilini-ağzını bağlaya bilibmiş. O cümlədən, mənimlə bir vaxtlar işləmiş, indi isə Daşkəsən DİŞ-nin yeni rəisi işləyən Həmid Zəkiyev də yalan danışan, öz bacısı oğlunu heç nədən güdaza verən Bağırovla əlbir imişlər. Hətta öyrənmişdim ki, rayonun baş inspektorunun da əl-qolunu Bağırov rüşvətlə bağlaya bilmişdir. 
Araşdırmalarım zamanı Bağırovun yaşadığı ərazidə bir çox qeyri-qanuni işlərin başında durduğu və gənclik illərində sövet hökumətinin əleyhinə yaxın dostları ilə plan qurduqları aydınlaşdı. Bağırov və onun yaxın silahdaşları köhnə müsavatçılardan olaraq, sovet dönəmində simalarını gizlədib ortalığı qarışdıraraq saysız-hesabsız cinayət işlərinin müəllifinə çevrilmişdirlər. Sovet hökumətinin qanun keşikçiləri bu adamı və yaxın dostlarını nə qədər axtarsalar da, Bağırov və dostları məharətlə izi itirməyi bacarmışdılar. Eynən hamımızın sevə sevə izlədiyimiz “Arxadan vurulan zərbə” filmindəki məhşur obraz kimi. Sonda Bağırov onun keçmiş gizli fəaliyyətlərini öyrəndiyimi anlayıb öz məharətindən istifadə edərək yoxa çıxmağı da bacardı.


metbuat.az.