METBUAT.AZ

Sosial

Qadınlar niyə "dır-dır" edir?

29 Avqust 2017 10:54

Evimiz məzarlığa yaxın yerdə yerləşdiyindən tez-tez qəbir üstə gələnlərin və ölüsünü dəfn edənlərin səslərini eşidirəm. Xüsusən də, qadınların ərlərinə ağı deyib ağlaması adamı haldan-hala salır. O iniltinin, o harayın qarşısında daş belə olsan, kövrəlməyə bilmirsən.

Dəfələrlə şahidi olduğum qadın ağlaşmalarında “dur məni döy, dur məni söy yetər ki yanımda ol” sözlərini eşitmişəm. Bu qədər istək hardandı?! Hətta evli olduğu gündən ölümünə qədər həyat yoldaşına “gün verməyən” kişilər üçün elə ağılar deyilir ki, lap adamın “paxıllığı” tutur.

Yoxsa bu bir göstəricidi – məclisə gələnlərə “mən də ölümə ağlayıram” deyib, özünü göstərmək…

Buna ancaq o halda inanmaq olar ki, insani hisslərdən xəbərimiz olmasın.

Elə isə bu istək bu millətə hardan gəlir?

İnanmıram ki, dünyanın hansısa yerində Azərbaycan qadını qədər ərini çox istəyən, sevən ikinci bir qadın olsun.

Amma mənim dərdim başqadı… Bütün bunları bildik və anladıq. Azərbaycan qadını ərini çox sevir, ona sadiqdi və s. Bir bildiyim və heç zaman anlamadığım şey isə bu istəyin yanında olan, o istəkdən qat-qat böyük görünən əslində isə obrazlı desək, o istəyin ayağının tozu qədər olmayan kin-küdurət, acı sözlər, bəzən də təhqirlərdir. Və buna baxmayaraq, yenə bir damın altında beləcə vuruşa-barışa ölümə doğru gərgin bir yol getmələr… Halbuki, o boyda istəklə hər günü toy bayram kimi yaşamaq olar.

Bizim tərəflərdə birinə lağ eləyəndə deyirlər ki, “Allah sənə hər şey verib ağıldan başqa”. Amma mən bu məsəli öz millətimizə heç uyğun görmürəm. Azərbaycan kişisi, Azərbaycan qadını yetərincə ağıllıdır da. Bəs, çatışmayan nədir?

Problemin özəyini həmişə qadınlarda görmək isə Azərbaycan kişisinin “adət ənənələrinin” bir qulpudur. Azərbaycan kişisi əlində gül küçə ilə getməyə utanar, Azərbaycan kişisi qadınına uşaq olana qədər “səni sevirəm” deyər, Azərbaycan kişiləri qadının fikrini almaqdan qorxar, onların dedikləri düz olsa belə, “burda mənəm, Bağdadda kor xəlifə” deyib, qadını saymazdan gələr, qadını şikayətlənəndə, adını “dır-dır” qoyub, onu “deyingən” adlandırar.

Ancaq kişi bilməlidir ki, bir qadın şikayət edirsə, bir də kişilər təbirincə “dır-dır” edirsə deməli, qadın kişidən hələ çox şey gözləyir. Onu adam yerinə qoyur, ondan nəsə umur, ümidini ona bağlayır, onunla bir yerdə yaşamaq, çətinlikləri birlikdə həll edib xoşbəxt olmaq istəyir. Ən önəmlisi isə, hələ də onu sevir. Qadını kişini sevməsə “dır-dır” etməz.

Bu yazını yazdığıma görə, məni feminist adlandıran kişilərə heç nə demirəm, amma qadınlara demək istəyirəm ki, siz də az aşın duzu deyilsiniz…

Çalışın sağ ikən həyat yoldaşlarınızı tərifləyin, onu necə çox istədiyinizi bir balaca göstərin, bəlkə sizin qürurunuz azalsa, bizim də mənəm-mənəmliyimiz bir az azalar.


metbuat.az.