METBUAT.AZ

Ölkə

"Ay xala yanım boş deyil...Qız var...Boyu balaca olduğu üçün görünmür..."

20 Sentyabr 2017 11:45

Sərnişin və sürücülər arasında baş verən qeyri-etik bir çox hadisənin şahidi olmuşuq. Cəmiyyət arasında bu artıq normal hala çevrilib. Son vaxtlar tez-tez rastlaşdığım problemlərdən biri isə sərnişinlərin öz aralarında bir-birini başa düşməməsidir. İstər marşrut, istərsə də metroda demək olar ki, gündəlik bu mənzərə ilə qarşılaşıram: "Orta boşdu...Keçində...Bir az sıxlaşında...Qapının ağzını kəsdirmisiz... və.s". Artıq insanlarda elə bir düşüncə yaranıb ki, başqaları boş yer ola-ola bilərəkdən yer vermirlər. Bu düşüncənin ardınca gedərək bir-birinə qarşı hörmətsizlik edən, xoşagəlməz ifadələr işlədənlər çoxdur. Hər kəs harasa tələsir, vaxtında istədiyi yerə çatmaq istəyir. Ancaq bu bizim başqalarına qarşı hörmətsizlik etməyimizə haq qazandırmır. Metro və marşrutlarda adam çoxluğunu nəzərə alaraq, hər kəs maksimum şəkildə sıxlaşır və boş yerin qalmamasına çalışır.

Bəzən də elə olur ki, orta hissədə dayananların boyu balaca olur və kənardan baxanda görünmür. Sərnişinlər də elə bilir ki, orta boşdu bilərək yer vermirlər. 

Bununla bağlı şahidi olduğum bir hadisəni danışmaq istəyirəm: 

- Bakı kartla işləyən marşrutların birinə minmək istəyirdim. İçərisi dolu olduğundan çox çətinliklə də olsa minə bildim. Qapının yanında özünə zorla yer etməyə çalışan xala ortadakı oğlana qışqıraraq"Yanın boşdu...Keç də o tərəfə...". Qarşı tərəfin cavabı isə hər kəsdə gülüş doğurdu: "Ay xala yanım boş deyil...Qız var...Boyu balaca olduğu üçün görünmür...".  Xala da özünü saxlaya bilməyərək güldü və "üzrlü hesab et onda" dedi. 

Fikrimcə hər kəs bir-birini başa düşməli, bir anlıq özünü onun yerinə qoyaraq hərəkət etməli və işlətdiyi ifadələrə diqqət etməlidir. 

Sərdar Məmmədov 


metbuat.az.