13 Sentyabr 2017 12:21
“Bu il təxminən 50 şagird Cocuq Mərcanlıda yeni tikilən məktəbdə təhsil alacaq. Çünki ikinci mərhələdə köçürülən ailələrin uşaqları da orada oxuyacaq. Məktəbdə təxminən 17-20 müəllim dərs deyəcək”.
Bu barədə metbuat.az-a Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov məlumat verib. E.Qədimov bildirib ki, Cocuq Mərcanlıya köçürülən 50 ailə hər bir ev üçün ayrılan 10 sot həyətyanı torpaq sahəsində artıq xırda təsərrüfat işləri ilə məşğul olur: “Bundan əlavə, həmin ailələrə əkin sahələri üçün pay torpaqları da ayrılacaq. Çünki oraya qayıdan sakinlər kənd təsərrüfatı, əkinçilik, heyvandarlıqla məşğul olmalı və öz dolanışıqlarını təmin etməlidirlər. Köçürülən 50 ailədəki sakin əvvəlcədən kənd təsərrüfatı ilə məşğul olan insanlardır”.
Elçin Qədimovun sözlərinə görə, hazırda tikintinin ikinci mərhələsi sürətlə aparılır: “Tikinti başa çatdıqdan sonra daha 100 ailə də oraya köçürüləcək. Digər 100 ailə üçün də öz həyətyanı sahələrində torpaq ayrılacaq. Bundan sonra isə torpaq islahatı aparılacaq və əkin üçün də torpaq sahələri müəyyənləşəcək. Necə ki, birinci mərhələdə işlər 2 aya bitdi, yəqin ki, ikinci mərhələ də tezliklə yekunlaşacaq. İşlərin sürətlə aparılması onun keyfiyyətinə heç bir xələl gətirmir. Əlavə orada 50 yerlik müasir standartlara uyğun uşaq bağçasının və tibb məntəqəsinin də tikintisi aparılır”.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, kənd su, işıq, elektrik enerjisi ilə tam təchiz edilib, bununla bağlı heç bir problem yoxdur: “Mənzillərə telefon xətləri çəkilib, hər bir evdə demək olar ki, internet xətti var. Bundan əlavə, bildiyiniz kimi orada məktəb binası və iaşə obyektləri də var. 96 yerlik məktəb binası tamamilə istilik sistemi ilə təchiz edilib. Bir neçə gündən sonra artıq şagirdlər həmin məktəbə təhsil almağa gedəcək”.
Qəsəbədə Daxili İşlər Nazirliyinin polis bölməsi və “Azəravtoyol” ASC-nin müvafiq idarəsi, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və s. idarələri də fəaliyyət göstərir. Cocuq Mərcanlıya köçürülən sakinlər eyni zamanda həmin idarələrdə də işlə təmin olunub.
Müraciətlərə gəldikdə isə Elçin Qədimovun sözlərinə görə, artıq onların sayı 300-ə qədər müəyyənləşib: “Nəinki Cocuq Mərcanlıdan, hətta digər rayonlardan da oraya köçmək üçün müraciət edənlər var. Tikinti başa çatdıqca köçürülmə işləri mərhələli şəkildə davam edəcək”.
Günay Elşadqızı \ METBUAT.AZ
ABŞ-dan raket razılaşmasına sərt münasibət - OXUMAQ ÜÇÜN TIKLAYIN |