METBUAT.AZ

Siyasət

“Heç bir ölkə bunu qəbul etməz”

19 Sentyabr 2017 17:18

Xəbər verdiyimiz kimi, Misirin xarici işlər naziri Samih Şükri, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və ölkəsinin Qətərlə dialoqa hazır olduğunu bildirib.

Metbuat.az-ın məlumatına görə, Şükri bildirib ki, rəsmi Doha 13 bəndlik tələb siyahısı ilə razılaşarsa, Qətərlə dialoq baş tuta bilər. Qətər isə beynəlxalq hüquqa zidd olan heç bir iddianı qəbul etməyəcəyini bildirib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu deyir ki, 13 maddəlik tələbi oxumuşam, ancaq bunlar tələb yox, sanki dövlətin öz istəyi ilə məğlubiyyətini etiraf etməsidir:


“Bununla heç bir özünə hörmət edən dövlət razılaşmaz. Məsələn, tələb edirlər ki, Qətərdə Türkiyənin hərbi bazası olmasın, Qətər İranla heç bir münasibət qurmasın və s. Bu tələblər başqa ölkənin daxili işlərinə, müstəqil xarici siyasətinə qarışmaqdır ki, bunu da heç bir dövlət, yəqin ki, Qətər də yerinə yetirməyəcək. Yerinə yetirməyəcək də o deməkdir ki, bir sıra ərəb ölkələri ilə münasibətlər gərgin olaraq qalacaq. Düşünürəm ki, zaman keçdikcə bu münasibətlər nisbətən normallaşan məcraya yönələ bilər. Çünki bu gərginlik heç kimin xeyrinə deyil. Səudiyyə Ərəbistanına da ziyandır, Qətərin özünə də ziyandır və s. Maraqlıdır ki, son illərə qədər onlar müttəfiq dövlətlər idi. Qəfil yaranan fikir ixtilafı, bir-birinə olan kəskin ittihamlar məsələni bu vəziyyətə çatdırıb. Münasibətlər dərhal normallaşmayacaq və Qətər tələb olunan maddələri qəbul etməyəcək. Ancaq düşünürəm ki, vasitəçilərin köməyi ilə - vasitəçilərdən də ikisi məlumdur, Küveyt və Türkiyə - münasibətləri yumşaltmağa, gərginliyi azaltmağa nail olmaq mümkündür”.

“Qətərlə münasibətlərin pozulmasının arxasında hansı maraqlar dayanır?” sualına açıqlama verən Elxan Şahinoğlu deyir ki, burada müxtəlif fərqli regional maraqlar yer alır:

“Ola bilər ki, bu gərginlik regional maraqların kəsişməsindən əmələ gəlib. Bəlkə Qətər bir müddət sonra İranla münasibətləri normallaşdırmaq istədi, bu da Səudiyyə Ərəbistanının xoşuna gəlmədi. Bundan əlavə, illərdir Qətərdən yayımlanan “Əl-Cəzirə” dövlət televiziyası bir sıra ərəb dövlətində qıcıq yaradırdı. Həmin ərəb ölkələri “Əl-Cəzirə”nin onların daxili işinə qarışmaqda ittiham edirdilər. “Əl-Cəzirə” də bir növ “BBC”-yə bənzəyirdi. O səpkidə qurulan televiziya idi və işçilərinin də çoxu “BBC”də kurs keçmişdi, oranın texnologiyası ilə işləyirdilər. Maraqlıdır ki, o biri ölkələrdə baş verənləri işıqlandırdıqları, tənqidi materiallar verdikləri halda, Qətərlə bağlı heç nə verilmirdi. Halbuki, Qətərin vəziyyəti o biri ərəb dövlətlərindən o qədər fərqli deyil. Orada da demokratik quruluş deyil. Bu da həmin ölkələrdə qıcıq yaradırdı ki, Qətər “Əl-Cəzirə” vasitəsilə onlara təzyiq edir. Dəfələrlə Qətərə müraciət olunmuşdu ki, ya ümumiyyətlə həmin televiziya bağlansın, ya da redaksiya siyasəti dəyişdirilsin. Bu da münasibətlərdə müəyyən qədər problem yaratdı. Gərginliklərin sonunda isə “Əl-Cəzirə”dən başqa da tələblər ortaya qoyuldu. Bəlkə də “Əl-Cəzirə” ilə bağlı vaxtında hansısa addımlar atılsaydı, vəziyyət bu həddə çatmazdı. Amma heç bir addım atılmadı, sonradan Qətər İranla da normallaşma siyasətinə baş vurdu. Bu da istər-istəməz keçmiş müttəfiqlərlə münasibətləri gərginləşdirdi”.

Günay Elşadqızı \ METBUAT.AZ

Türkiyə müharibəyə başlaya bilər - Bərzani üçün həlqə daralır... - OXUMAQ ÜÇÜN TIKLA


metbuat.az.