19 Sentyabr 2017 15:51
Bölgədə hamı kəskin qarşı çıxsa da, İraq Kürdüstanı 25 sentyabrda referendum keçirmək fikrindən dönmür. Kəskin açıqlamalar verən Türkiyə İraq Kürdüstanının lideri Məsud Bərzaninin geri addım atmadığını gördüyü üçün İraq sərhəddində hərbi təlimlərə başlayıb. Türkiyə Kürdüstana göz dağı vermək istəyir, maraqlıdır bu halda müharibə ehtimalı ola bilərmi? İraq Kürdüstanı referendumda müstəqillik qazanarsa, Türkiyə iqtisadi, yoxsa hərbi seçim edəcək?
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu deyir, aydındır ki, İraq kürdlərinin lideri Məsud Bərzani geri addım atmayacaq və 25 sentyabrda Şimali İraqda referendum keçiriləcək:
“Böyük ehtimal budur ki, əhalinin əksəriyyəti müstəqilliyə səs verəcək. Amma avtomatik olaraq bu müstəqilliklə də Bərzani 3 qüvvə ilə münasibətini pozacaq – Bağdad, Ankara və Tehran. Hər üçü qonşudur, birinə isə bağlıdır, yəni Bağdada. İnanmıram ki, İraq hökuməti Kürdüstanın İraqdan ayrılmasına yaşıl işıq yandırsın. Bu o deməkdir ki, gələcəkdə mərkəzlə onun şimalı arasında müəyyən ixtilaf uzun müddət davam edəcək. Türkiyə və İran da təbii ki, bu referendum qərarından narazıdır. Düzdür, bu o demək deyil ki, referendumdan dərhal sonra Türkiyə və İran hər hansı hərbi əməliyyata baş vura bilər”.
E.Şahinoğlunun sözlərinə görə, bugünkü hərbi təlimlər də Məsud Bərzani və onun tərəfdarlarına bir növ mesajdır: “İkincisi də referendum keçirib öz müstəqilliklərin qazansalar orada yaşayan türkmənlərin və digər azlıqların hüquqlarına hörmət etməlidilər. Bundan başqa, Türkiyə Şimali İraqa, əsasən də Ərbilə çox böyük yatırımlar edib. Bu günə qədər Məsud Bərzaninin bu üç mərkəzlə - Bağdad, Ankara və Tehranla münasibətləri normal idi, əlaqələri isti idi. 25-dən sonra isə 3 mərkəzlə də münasibətlər gərginləşə bilər. Düzdür, hansısa müharibənin başlayacağını ehtimal etmirəm, təbii ki, əgər kürdlərin lideri səhv addım atmasa. Ancaq yenə də müstəqil Kürdüstanın varlığı bölgədə bir gərginlik yaradacaq. Xüsusilə də, İsrailin dərhal həmin Kürdüstanı tanıması bu gərginliyi daha da artıracaq. Çünki İsrailin həm Türkiyə ilə, həm də İranla münasibətləri normal deyil”.
Günay Elşadqızı \ METBUAT.AZ