METBUAT.AZ

Siyasət

Kataloniya müstəqillik qazanacaq?

26 Sentyabr 2017 15:33

Şimali İraq Kürd muxtariyyətinin müstəqillik referendumundan sonra indi də Kataloniya eyni addımı atmağa hazırlaşır.

Metbuat.az-ın məlumatına görə, Kataloniya oktyabrın 1-də müstəqillik referendumu keçirməyi planlaşdırır. Bununla bağlı İspaniyada gərginlik davam edir. Bir neçə gün öncə İspaniyanın baş prokuroru Xose Manuel Masanın tapşırığı ilə Kataloniya vilayətindəki 712 bələdiyyə sədrinin ifadələrinin alınmasına başlanılıb. Ancaq bələdiyyə sədrləri prokurorluq binasına daxil olsalar da, sualları cavabsız qoyublar. Bütün bunlara baxmayaraq, muxtar vilayət mərkəzi hakimiyyət tərəfindən qanunsuz elan olunmasına baxmayaraq, referendumun baş tutmasına çalışacaqlarını bəyan ediblər.

Maraqlıdır, əgər referendum baş tutarsa, hansı yeniliklər gözlənilir?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, əslində Kataloniya demək olar ki, hər il referendumla bağlı təşəbbüs irəli sürür:


“Hər il də İspaniyanın mərkəzi hökuməti, Konstitusiya Məhkəməsi qərar qəbul edir. Bununla da Kataloniyada referendum keçirilməsinə imkan verilmir, ya da kataloniyalılar özləri referendum keçirilməsi prosesini dayandırırlar. Amma bu il görünür Şimali İraq Kürd muxtariyyətinin referendum keçirməsi Kataloniyanı da ürəkləndirib. Eləcə də Böyük Britaniyanın Breksit qərarı da kataloniyalıları referenduma ürəkləndirən hadisələrdir. Əslində Breksit Cəbəllütariq boğazı üstündə İspaniya ilə Böyük Britaniya arasında köhnə ədavəti yenidən qaldırıb. Cəbəllütariq boğazı üstündə köhnə ədavətdə Avropa İttifaqı həmişə Böyük Britaniyanın tərəfində olub. Artıq Böyük Britaniya Avropa İttifaqından çıxır, ona görə Aİ həmin ədavətdə İspaniyanın tərəfini saxlamalıdı. İspaniyanın ümumi zəifləməsi Böyük Britaniyanın marağındadı. Yəni, britaniyada müəyyən qüvvələr çalışır, elə vəziyyət yaransın ki, Avropa İttifaqı ilə İspaniya arasında gərginlik olsun.

Əgər İspaniya referenduma zor gücü ilə mane olacaqsa, istər-istəməz İspaniyanın mərkəzi hökumətinə irad bildirməlidir. Belə Avropadaxili gərgin siyasət fonunda Kataloniyadakı referendum keçirilməlidir. Düşünürəm ki, hələ Kataloniyada da referendum keçirilməsi oranın müstəqil dövlət olması anlamına gəlmir. Avropa İttifaqı çox güman qərar qəbul edəcək ki, Kataloniyanı müstəqil dövlət kimi tanımasın. Əvvəllər də Avropa İttifaqının belə qərarı olub. Aİ İspaniyanın ərazi bütövlüyünü dəstəkləyəcək qərar qəbul edəcək. Ona görə Kataloniyada keçirilən referendumun siyasi effektindən başqa effekt görmürəm”.

Günay Elşadqızı \ METBUAT.AZ

"Kürdüstan" region üçün hansı təhlükə yaradır? - OXUMAQ ÜÇÜN TIKLA


metbuat.az.