21 Sentyabr 2017 17:25
İraqın Kərkük şəhərində vəziyyət nisbətən sakitdir.
Bu barədə Kərkükdə yaşayay türkmən jurnalist Zülfüqar Kərküklü bölgədə son vəziyyətlə bağlı Metbuat.az-a eksklüziv açıqlamasında deyib. Onun sözlərinə görə, bir neçə gün öncə PKK və peşmərgə qüvvələrinin Kərkükdə Türkmən Millətçi Hərəkatı Partiyasının binasını atəşə tutmasından sonra hazırda vəziyyət nisbətən sakitdir. Türkmən jurnalistin sözlərinə görə, həmin hücum zamanı kürdlər bir nəfər itki verib: “Hadisədən sonra türkmən əsgərlər mühafizəni gücləndirib. Ancaq ümumilikdə, şəhərin 90 %-i PKK və peşmərgə qüvvələrinin nəzarətindədir”.
Bir neçə gün öncə İraq parlamentinin Kərkük valisi Nəcməddin Kəriminin vəzifədən uzaqlaşdırması ilə bağlı məlumat vermişdik. İraqın baş naziri Haydar əl-İbadi Kərkük valisinin vəzifədən çıxarılması üçün parlamentə müraciət göndərmişdi. İraq Kürdüstanının 25 sentyabrda keçirmək istədiyi referendumla bağlı işləri icra etdiyi və bununla bağlı açıqlamalar verdiyi üçün Bağdadda bəzi siyasi dairələr və parlament üzvləri onun vəzifədən çıxarılmağını tələb edirdi.
Türkmən jurnalist bildirir ki, Nəcməddin Kərimi vəzifəsindən azad edilməsinə baxmayaraq, hələ də fəaliyyətini davam etdirir: “Kərkükün ərəb və türkmən əhalisi referendumu rədd edib və bildiriblər ki, ümumiyyətlə referendumda iştirak etməyəcəklər”.
Zülfüqar Kərküklü deyir ki, şəhərin müdafiəsi ilə bağlı türkmən əsgərlər mühafizəni gücləndirsələr də, gücləri kifayət qədər deyil: “PKK və peşmərgə əsgərləninin güclü silahlarına qarşı bizim əlimizdə sadəcə kiçik kalibrli silahlar var. Onların hücumunun qarşısını almağa gücümüz çatmaz. İraqın mərkəzi hakimiyyəti bölgəyə əsgər göndərəcəyini desə də, hələ də hər hansı hərbi yardım gəlməyib”.
Qeyd edək ki, Kərkükdə vəziyyətin gərginləşməsinə səbəb, kürd regional administrasiyasının sentyabrın 25-nə təyin olunan referenduma əyaləti də cəlb etmək istəyidir.
Oral Əliyev, Günay Elşadqızı \ METBUAT.AZ
ABŞ-la Türkiyə arasında gərginlik artdı - Terrorçulara silah daşınır - OXUMAQ ÜÇÜN TIKLA |