25 Sentyabr 2017 12:41
Ötən gün Almaniyada bəlkə də bütün Avropanın tarixinə təsir göstərə biləcək seçkilər keçirilirdi.
Seçkilərdə Angela Merkelin partiyası 33 faiz səslə qalib gəlsə də, əsl sürpriz Almaniya üçün Alternativ Partiyasının (AfD) parlamentə daxil olması idi. 11,7 faiz səs toplayan AfD İkinci Dünya müharibəsindən bəri ilk dəfə olaraq Almaniya parlamentində təmsil olunacaqlar. Seçkilərdə 21 faizlə ikinci yeri qazanan Almaniya Sosial Demokratlar Partiyası artıq hökuməttə yer almayacaqlarını açıqlayıblar.
Angela Merkel dördüncü dəfə seçkidə qazansa da, bu, ən pis nəticə idi və xanım siyasətçi bu seçkilərdə 9 faiz səs itirib. Bu gün səhər Merkelin partiyasının mərkəzinə gedən zaman çəkilən fotosu müzakirələrə səbəb olub. Onun üzündəki ifadənin seçkilərin nəticəsini əks etdirdiyi deyilir. Almaniya qəzetləri bu gün “Kabus kimi qələbə”, “Tarixi itki”, “Merkel üçün acı qələbə” başlıqları ilə dərc olunub.
AfD üçün səs verənlərin 35 faizi ilk dəfə səsvermədə iştirak edib. Hitlerin maliyyə naziri Lutz von Krosigkin nəvəsi Beatriks von Storç da AfD-nin qələbəsini qeyd edib.
Bəs görəsən, bundan sonra Almaniyanı nələr gözləyir, Merkel niyə səs itirib, ölkə siyasətində ciddi dəyişikliklər olacaqmı?
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Arzu Nağıyev deyir ki, ümumiyyətlə, ksenofobiya, millətçilik, milli ənənələr son vaxtlar miqrantların Almaniyaya gəlməsi və Merkelin onlara qarşı atdığı humanist addımlardan sonra yenidən gündəmdə olub:
“Millətçi ənənələr orada geniş vüsət alıb. Məhz buna görə də belə nəticələrin alınacağını əvvəldən proqnozlaşdırmaq olardı. Onlar koalisiyada olacaqlar, ancaq bu o demək deyil ki, ümumilikdə Almaniyanın siyasətində tam dəyişiklik ola bilər. Bu gün orada millətçilər də lazımdır, çünki get-gedə milli dəyərlər, ənənələr itməkdədir.
II Dünya Müharibəsindən bəri Almaniya tarixində belə şey olmamışdı. Millətçilərin olması tək Almaniyada deyil, Avropanın bir çox ölkələrində də artıq üstünlük təşkil etməyə başlayıb. Lakin ümumi baxımından, millətçilik heç bir dövlətə baş ucalığı gətirməyib. Sadəcə olaraq milli dəyərlərə, ənənələrə qayıtmaq və bir daha bunlara söykənmək müsbət hal ola bilər. Əsas məsələ miqrantlarla bağlı oldu.
Miqrant kütlələri qəbul ediləndən sonra Merkelin siyasətinə qarşı çıxanlar oldu. Düşünürəm ki, xarici siyasəti dönməz olan, eyni zamanda Avropa İttifaqında bir nömrəli ölkə Almaniyada yüz faizli olmasa da, bundan bir vasitə kimi istifadə edərək dövlət həm daxili, həm də xarici siyasətində müəyyən addımlar atacaq”.
Günay Elşadqızı \ METBUAT.AZ
Hökumətdən sərhəd-keçid məntəqəsi ilə bağlı - AÇIQLAMA - OXUMAQ ÜÇÜN TIKLA |