26 Sentyabr 2017 13:09
Bütün etirazlara baxmayaraq, Şimali İraq Kürd muxtariyyəti müstəqillik referendumunu keçirdi.
Metbuat.az-ın məlumatına görə, rəsmi nəticələr 72 saat ərzində açıqlanacaq, amma ilkin nəticələr artıq məlumdur. İlkin nəticələrə görə, böyük əksəriyyət referenduma “hə” deyib. Vəziyyət gərgin olaraq davam edir.
Bəs görəsən bundan sonra regionu nələr gözləyir? Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Arzu Nağıyevin sözlərinə görə, Orta Şərqə nəzər salsaq görərik ki, bu referendum, İsrailin ən böyük istəklərindən biri idi: “Bura həm İraqın ərazisidir, həm Suriyanın, eyni zamanda Türkiyə ilə sərhəddir. Sabah hər hansı bir problem yaransa, bu zaman ABŞ və İsrail özünün hərbi avadanlığını ora yerləşdirə bilər. Bu is, artıq bütün regiona nəzarət deməkdir. Bunu da ABŞ daima dəstəkləyir, düşünürəm ki, bununla bağlı müvafiq addımlar da atılacaq. Artıq bəzi mesajlar da verilir ki, yeni yaradılacaq Kürdüstanda ABŞ nümayəndəsi də olacaq. Problemlərdən biri İrana qarşıdır. Çünki bildiyiniz kimi İsrail İranın ən böyük düşmənlərindən biridir. Bu da hər hansı müsbət məsələdən xəbər vermir. Digər tərəfdən, Rusiya da Kürdüstan dövlətinin yaranmasında maraqlıdır. Həmin Kürdüstan dövləti vasitəsilə regiona müəyyən qədər nəzarət edə bilər. Ümumi belə bir nəticəyə gəlmək olar ki, bu “Orta Şərq layihəsi” adlandırılan məsələnin tərkib hissəsidir. Düşünürəm ki, buna nail olmaq üçün Qərb də, digər dövlətlər də mesaj versələr də, bunun əvvəl-axır olacağı bilinirdi. Problemli məsələlərdən biri də odur ki, əgər kürdlər bu referenduma getdilərsə, Kərkükdə yaşayan digər etnik qruplar da İraqı parçalamaq üçün referenduma gedə bilərlər. Bir problem də, onların neft borusu və qaz kəmərinə nəzarəti əllərində saxlaya biləcəkləridir”.
Politoloq deyir ki, yeni dövlətin yaranmasının Dağlıq Qarabağ məsələsinə problem yaradacağı ilə bağlı məlumatlar yayılsa da, bu, inandırıcı görünmür: “Düşünürəm ki, bu, tamam başqa məsələdir, Dağlıq Qarabağ isə tamam başqa. Problem olsaydı, Abxaziya da, Cənubi Osetiya da buna misal olardı. Hətta bildiyiniz kimi, hətta Dağlıq Qarabağda referendum keçirib qondarma Artsax Respublikasını elan etsə belə hətta Ermənistanın özü onu qəbul etmir. Bu gün Kürdüstanın kim tərəfindən dövlət kimi qəbul edilməsindən də çox şey asılıdır. Yəni, həm region, həm də dünya dövlətləri üçün böyük problemlər yarana bilər. Bu gün separatizmə meylli addımlar atılmaq üzrədir. Burda əsas məsələ supergüclərin öz maraqlarıdır”.
- Belə məlumatlar var ki, Kürdüstan müstəqilliyini elan etsə, yeni yaradılacaq xəritəsinə Azərbaycan ərazisindən də müəyyən hissəni salacaq. Bu doğru ola bilərmi? Ümumiyyətlə, yeni yaradılan dövlət Azərbaycan üçün təhlükə sayıla bilər?
- Düşünmürəm ki, belə bir addım atalar, çünki bizim BMT tərəfindən tanınan sərhədlərimiz var. O cür addım atmaq, artıq hər hansı bir dövlətin ərazisinə təcavüz deməkdir, bunun da nə ilə nəticələnəcəyi hamıya məlumdur. Fikir vermisinizsə, əsas məsələ məhz İraqın ərazisindən başlayaraq, Suriyanın ərazisində İŞİD-ə qarşı mübarizədə ələ keçirilən torpaqlardan gedir. Bu, sadəcə olaraq bir sıra siyasi gedişlərdir, bəlkə də bunda ermənilərin də, digər dövlətlərin də maraqları var ki, belə səs-küy yaysınlar. Azərbaycan üçün təhlükə yaranacağı inandırıcı görünmür.
Günay Elşadqızı \ METBUAT.AZ
Referendumun ilkin nəticələri açıqlandı - Kərkük qarışdı... - OXUMAQ ÜÇÜN TIKLA |