23 Oktyabr 2017 11:09
““Əsrin kontraktı”nın yeni şərtlərlə təzələnməsi və müddətinin uzadılması tarixi hadisədir”.
Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
Dövlət başçısı bildirib ki, Dövlət Neft Şirkəti yeni kontraktın podratçısı kimi iştirak edəcək və Azərbaycana xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. Ölkə başçısının sözlərinə görə, “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra olunur: “Şahdəniz-2” layihəsinin icrası 96 faiz səviyyəsindədir. Cənubi Qafqaz kəməri, 98 faiz səviyyəsində icra edilib. TANAP layihəsi 82 faiz, TAP layihəsi isə 53 faiz səviyyəsində icra olunub. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatıb. Yaxın vaxtlarda bu yolun rəsmi açılışı nəzərdə tutulur. Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır. Bu layihələr ölkəyə böyük iqtisadi mənfəət, səmərə verir və Azərbaycanın qüdrəti, iqtisadi potensialı, siyasi çəkisi, regional müstəvidə rolu artır. Bu gün Azərbaycanın iştirakı olmadan bu regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa bilməz. Azərbaycan bu gün dünya miqyasında özünü güclü dövlət kimi təsdiqləyib. 2017-ci il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq”.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov bildirib ki, “Yeni əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcək: “XXI əsrin kontraktının imzalanması ilə dünya dövlətləri tərəfindən Azərbaycana təxminən 40 milyard dollar sərmayə yatırılacaq. “Əsrin müqaviləsi”in vaxtı 2024-cü ildə bitəcək. Ancaq Dövlət Neft Şirkətinin yeni müqaviləsi ilə Azərbaycana xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək”.
Millət vəkilinin sözlərinə görə, “Yeni əsrin müqaviləsi” həqiqətən də Azərbaycan üçün həm siyasi cəhətdən, həm də iqtisadi cəhətdən çox əhəmiyyətlidir. Bu səbəbdən də buna, XXI əsrin müqaviləsi deyilir.
Günay Elşadqızı \ METBUAT.AZ