5 Oktyabr 2017 14:12
Barak Obama 6 illik prezidentlik dövründə çox çalışsa da, ABŞ-da fərdi silah satışını məhdudlaşdıran qanun qəbul etdirə bilmədi, konqresmenlər icazə vermədi. Hər halda, konqresmenlərin də bu işdə öz marağı var.
Bunun nəticəsində demək olar hər ay, hətta hər həftə ABŞ-ın hansısa bölgəsində silahlı hücumla bağlı xəbərlər qarşımıza çıxır. Hər il onlarla insan adi bir mübahisə zamanı ani bir əsəblə odlu silahın qurbanına çevrilir.
ABŞ əhalisinin 1\3-i evlərində bir və ya daha artıq silah saxlayır. Və hər bir kütləvi silah hücumundan sonra əhalinin odlu silaha marağı daha da artır. Amerikada vətəndaşların əlində 300 milyondan çox odlu silahın olduğu təxmin edilir.
Bir neçə gün öncə Las-Veqas şəhərində ölkə tarixinin ən qanlı silahlı hücumu təşkil edildi. 59 adam öldü, 525 nəfər yaralandı və yenidən silah satışı gündəmə gəldi. ABŞ-ın keçmiş prezidenti Barak Obama Tvitter hesabından bənzər faciələrin qarşısının alınması üçün hər kəsi qəti addım atmağa çağırıb. Eks dövlət katibi Hillari Klinton da Tvitter hesabından fərdlərin silah ala bilmək hüquqlarını məhdudlaşdıracaq qanun tənzimləməsinin qısa müddətdə qəbul edilməyini tələb edib.
Ağ Evin sözçüsü Sarah Sanders isə çağırışlarla bağlı açıqlamada bildirib ki, mövcud şərtlərə baxanda mümkün dəyişikliklərdən danışmaq üçün uyğun vaxt deyil: “Belə danışmaq və tənqid etmək xanım Klinton üçün asandır. Amma bir şeyi başa düşməliyik, bu hadisədə əli qana bulanan yalnız bir nəfər var, o da silahlı hücumu təşkil edən şəxs. Buna görə də, bu işi fərdlərə və təşkilatlara tətbiq etmək doğru deyil”.
Yəni, silah satışının məhdudlaşdırılması yenidən mümkünsüz kimi görünür. Hər il məktəblərə, universitetlərə bu qədər silahlı hücum olmasına, ailədaxili münaqişələrinin silah səsilə başa çatmasına baxmayaraq, ABŞ yenə də vətəndaşlarına silah almaq hüquq verir. Maraqlıdır, bunun səbəbi nədir?
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Nəzakət Məmmədovanın sözlərinə görə, ABŞ vətəndaşlarının 1791-ci ildən bəri silah əldə etmək və daşımaq hüququ konstitusiya ilə ölkə vətəndaşlarının əsas hüquqlarından biridir:
“Ölkədə bu məsələni tənzimləyən 2500-dən artıq normativ-hüquqi akt mövcuddur. 1986-cı ilədək vətəndaşlara hətta avtomat və pulemyot saxlamaq hüququ da verilirdi, lakin prezident Reyqana sui-qəsd cəhdindən sonra artıq 30 ildir ki, bu hüquq yarımavtomatik odlu silah əldə etmək hüququ ilə məhdudlaşır. 1994-cü ildə odlu silah əldə etmək və saxlamaq hüququ ilə bağlı daha bir məhdudlaşdırıcı qanun qəbul edildi. Bir sıra avtomat növləri, o cümlədən Kalaşnikovun yarımavtomatik növünün istehsalı və vətəndaşlar tərəfindən əldə edilməsi qadağan olunurdu. Lakin qanun 10 illiyə qəbul olunduğundan 2004-cü ildə onun müddəti başa çatdı və vaxtı uzadılmadı. Hazırda 50 ştatdan 23-də odlu vətəndaşlara silah gəzdirmək hüququ verilib. Ümumiyyətlə, Amerika cəmiyyəti odlu silahlara olan böyük aludəçiliyi ilə fərqlənir. Bu da yəqin ki, ölkənin tarixi inkişafı xüsusiyyətləri ilə bağlıdır. Ölkə Britaniyadan ayrılmaq üçün müstəqillik uğrunda müharibə aparıb, 1861-65-ci illərdə şimal və cənub ştatları arasında köləliyin ləğvi uğrunda vətəndaş müharibəsi baş verib, irqi ayrı-seçkilik zəminində qanlı toqquşmalar olub.
Eyni zamanda, ABŞ dünyada ən çox silah istehsal edən ölkədir və tək xarici dövlətlərə deyil, daxildə öz vətəndaşlarına da silah satışından böyük vəsait əldə edir. Ölkədə cinayətkarlığın artması silah satışına da öz təsirini göstərir. Habelə, Vestern filmlərində zorakılığın, silahlı toqquşmaların təbliğ olunması da bu sahəyə müəyyən qədər təsir göstərir. Ailədaxili münaqişə nəticəsində baş verən cinayətlərin 3/4 hissəsi məhz odlu silahla törədilir. Lakin bəzi amerikalılar bir əllərində Bibliya, bir əllərində silah şüarı ilə yaşamağı əsas həyat prinsipləri elan ediblər.
Bəzi ştatlarda, məsələn, Memfisdə odlu silah nəticəsində qətlə yetirilənlərin cəsədlərini yerləşdirməyə morqlarda soyuducu tapılmır. Tarixdə ABŞ prezidentlərindən bir neçəsi odlu silahla sui-qəsd nəticəsində həlak olub. Yəni, bu mövzu çox aktualdır. Ölkədə hər il 5 milyondan çox odlu silah satılır. Qeyd etdiyimiz kimi məişət mübahisələri, kütləvi toplantılar zamanı, habelə təhsil müəssisələrində belə insidentlər tez-tez olur. Təbii ki, silah istehsal edən nəhəng şirkətlərin Konqresə, hətta prezidentə təsir imkanları çox böyükdür və bunun nəticəsində müəyyən bir tarixi dövrdə zərurət olan silah saxlanılması bugünkü demokratik dövlətdə hələ də qalmaqdadır”.
Günay Elşadqızı \ METBUAT.AZ