10 Oktyabr 2017 17:22
Amerika Birləşmiş Ştatları ilə Türkiyə arasında son zamanlar gərginlik daha da artıb.
Metbuat.az-ın məlumatına görə, iki ölkə arasındakı gərginlik bir aydan çoxdur davam edir. Ötən ay ABŞ Suriyada PKK-nın qolu sayılan YPG/PYD terror təşkilatına 700 milyon dollarlıq silah göndərib. Türkiyənin düşməni sayılan terror təşkilatlarına bu qədər silah göndərilməsi təbii ki, qonşu dövlətdə normal sayıla bilməzdi. Yenə ötən ay BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında görüş keçirilib. Tramp, görüşdən əvvəl jurnalistlərə açıqlamasında türkiyəli həmkarı haqqında danışaraq bildirib ki, “Ərdoğan mənim dostumdur, biz, onun liderliyini yüksək qiymətləndiririk”. Ancaq Ərdoğan həmin görüşdən əvvəl də, sonra da açıqlamasında bildirib ki, “Bizim öz pulumuza almaq istədiyimiz silahları, ABŞ düşmənlərimizə göndərir”.
Bir neçə gün öncə isə Türkiyə hökumətinin ABŞ-ın İstanbul Baş Konsulluğundakı yerli işçisinin “FETO” ilə əlaqəli olduğu iddiası ilə həbsi gərginliyi daha da yüksəldib. Bundan sonra, ABŞ, Türkiyə vətəndaşlarına verilən vizaları müddətsiz dayandırdığını açıqlayıb. Bu açıqlamadan dərhal sonra Türkiyə də analoji addımı atıb. NATO çərçivəsində ittifaq münasibətlərində olan Tükiyə ilə ABŞ arasında qarşılıqlı viza qadağaları diplomatik səviyyədə böyük gərginlik yaradıb. ABŞ rəhbərliyinin, İstanbul Baş Konsulluğundakı yerli işçisinin “FETO” ilə əlaqəli olduğu iddiası ilə həbsindən sonra verdiyi qərar Ankaraya qarşı “diplomatik sanksiya” kimi qəbul edilib.
İki ölkə arasında gərginliyin sonu necə olacaq? Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Arzu Nağıyev bu gərginliyin tezliklə həll olunacağını düşünür:
“Çünki ABŞ-a gedən Türkiyə vətəndaşlarının və ya Türkiyəyə gedən ABŞ turistlərinin sayını nəzərə alsaq, düşünmürəm ki, bu problem uzun müddət davam etsin. Türkiyə dünyanın bir hissəsidir, çoxsaylı türk diasporası məhz ABŞ-da yerləşir. Eyni zamanda, onların böyük sayda iş adamları Türkiyədə işləyir. Ümumiyyətlə götürəndə, diplomatik korpusda bir problem baş verərsə, bu, ölkədən çıxarılma ilə nəticələnir, həbslə deyil. Buna görə ABŞ belə bir addım atıb. Əgər Türkiyə qanunlarını pozan hər hansı bir diplomat varsa, əvvəlcə bu diplomatın problemləri yüksək səviyyədə həll olunur, ondan sonra ölkədən çıxarılma ilə və ya digər qərarlar qəbul olunur.
Digər məsələ budur ki, Türkiyə dəfələrlə ABŞ-a müraciət edib ki, Fətulla Gülənin ekstradisiyasını başa çatdırsınlar. Düşünürəm ki, bu addımı əsas ondan ötrü atırlar. İki ölkə arasındakı gərginlik eyni zamanda Rusiyanın da marağında ola bilər. Məhz buna görə də düşünürəm bu problem öz həllini tapacaq”.
- Türkiyənin Rusiyadan “S-400” raket sistemini almaq istəməsi ABŞ və NATO tərəfindən müsbət qarşılanmadı. Ola bilərmi ki, ABŞ vizanı dayandırmaqla bu məsələdə Türkiyəyə təzyiq etmək istəsin?
- Mən düşünmürəm ki, bu təzyiqdən çəkinməkdir. Çünki bir sıra dövlətlər bu cür silahları aldıqdan sonra kodlaşmanı da qəbul edir. Rusiya ilə Türkiyə arasında həmin müqavilə imzalananda ilk növbədə bir neçə raketin alınması, daha sonrakı hissənin birgə istehsal edilməsi ilə bağlı müqavilə imzalanmalı idi. Həmin istehsalda da onların kodlaşma məsələsi həll olunmalı idi. Yəni bu sırf iki dövlət arasında olan problemdir. Düşünmürəm ki, ABŞ buna görə təzyiq edir. Lakin ümumilikdə, NATO buna razı deyildi ki, Türkiyə Rusiyadan elə bir sistem alsın.
Günay Elşadqızı \ METBUAT.AZ