METBUAT.AZ

Siyasət

“Azərbaycanda hökmranlıq etmək arzusunda olanlar onu gözdən salmağa çalışırlar”

10 Oktyabr 2017 14:41

“Azərbaycan bütün azadlıqların təmin olunduğu demokratik ölkədir”.

Metbuat.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edən zaman çıxışında deyib. Dövlət başçısı bildirib ki, Azərbaycanın inkişafına sevinməyən və ya ölkəmizdə hökmranlıq etmək arzusunda olan müəyyən dairələr onu gözdən salmağa çalışırlar. Erməni lobbisi və diasporu Qərbdə böyük siyasi, ictimai və media köklərinə malikdir. Qarayaxmanın böyük hissəsi onların payına düşür.

Prezident qeyd edib ki, Azərbaycana qarşı kampaniya təşkil edənlər həm də istədiklərini əldə edə bilməyən, onun müstəqil siyasət yürütməsindən narazı olan müəyyən xarici dairələrdir. Ölkə başçısı bildirib ki, Azərbaycan demokratik ölkədir: “Ölkə 2001-ci ildən Avropa Şurasının üzvüdür, qanunvericiliyi tam Avropa standartlarına uyğundur. Azərbaycanda bütün azadlıqlar təmin olunur, əhalinin 70 faizindən çoxu internet istifadəçisidir. Ölkədə söz və məlumat, media, sərbəst toplaşma azadlığı təmin edilir. Müxalifətin mitinqlərinə insanların gəlməməsi hakimiyyətin günahı hesab edilə bilməz”.

Dövlət başçısının sözlərinə görə, bəzən Avropa ölkələrində polis zorakılığı nümayiş etdirilir, ancaq heç kəs onları demokratiyanın olmamasında və zorakılıqda ittiham etmir: “Dinc nümayişçilərə qarşı xüsusi vasitələrdən istifadə olunur, insanlar itlərin, atlı polisin hücumlarına, su şırnağı, dəyənəklər, rezin güllələrin istifadəsinə məruz qalır”.

Prezident İlham Əliyev bildirib ki, yanaşma obyektiv və vahid olmalı, Azərbaycan etmədiyi əməllərə görə gözdən salınmamalıdır: “Demokratiyanın rəmzi hesab olunan dövlətlərin hərəkətləri normal qəbul edildiyi halda, Azərbaycan analoji addımlara görə tənqidə məruz qalmamalıdır”.

Məsələni Metbuat.az-a şərh edən millət vəkili Aydın Mirzəzadə bildirib ki, çox təəssüf ki, dünyada bu gün ikili standartlar var. Eyni situasiya ayrı-ayrı ölkələrdə baş verdikdə müxtəlif münasibətlər olur:

“Cənab prezident çox düzgün olaraq bu məsələyə diqqət yönəldir. Ermənistan xüsusi xidmət orqanları Azərbaycanda terror hadisələri törədəndə bunu sadəcə olaraq iki ölkənin arasında baş verən hadisə kimi qiymətləndiriblər. Amma nəticədə bu gün Avropa və Amerika terrordan çox böyük əziyyət çəkir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozanda Avropa hər iki ölkəni danışıqlara çağırırdı və daha çox Ermənistana dəstək verirdi. Bu gün isə Kataloniya müstəqillik haqqında referendum keçirəndə Avropa İspaniyanın ərazi bütövlüyünü dəstəkləyir və hökumətin Kataloniyada qan tökməsinə, insanların həbsinə göz yumur. Bu cür yanaşma ilə dünya idarə edilə bilməz, dövlətlərin ədalətə olan inamı bərpa edilə bilməz. Azərbaycan bu gün qarşılaşdığı problemlərin həllində ilk növbədə beynəlxalq hüquq normalarının istifadəsinin vacibliyini bir daha vurğulayır”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın müstəqil daxili-xarici siyasət yeritməsi, öz suveren hüquqlarını daim qabartması şübhəsiz ki, Avropada müəyyən dairələrin heç də xoşuna gəlmir. Ona görə də vaxtaşırı Azərbaycana qarşı müəyyən ittihamlar irəli sürmək istəyirlər. Bir sıra hallarda isə çıxışları ilə özlərini ifşa etmiş olurlar. Avropanın bəzi ölkələrində polis zorakılığı göz önündədir. Amma bu nə müzakirə olunur, nə də siyasi qiymət verilir. Buna görə də yeni müstəqil dövlətlər əlbəttə ki, Avropanın demokratiya və insan hüquqları ilə bağlı çağırışının bir sıra hallarda ikili standartlara əsaslandığını öz nümunələrində görürlər”.

Günay Elşadqızı \ METBUAT.AZ


metbuat.az.